"Azərbaycan Fransadakı səfirini dərhal müvəqqəti olaraq geri çağırmalıdır"

"Azərbaycan Fransadakı səfirini dərhal müvəqqəti olaraq geri çağırmalıdır"

“Azərbaycan işğal olunmuş ərazilərimizi azad etməyə başladığı ilk gündən Fransa ölkəmizə kobud diplomatik təzyiqləri daha da gücləndirib”.

Bu fikirləri Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli son günlər Fransanın Azərbaycana qarşı sərgilədiyi qərəzli münasibətini şərh edərkən səsləndirib.

Partiya sədrinin fikrincə, bu zaman Minsk qrupunun həmsədri kimi vasitəçilik funksiyalarını yerinə yetirməli olan Fransa açıq aşkar təcavüzkarın yanında olduğunu bütün vasitələrlə nümayiş etdirib. Görünür ki, təcavüzkarı və separatçı oyuncaq rejimi məğlubiyyətə uğradaraq işğal olunmuş ərazilərimizi azad etməyimiz, işğalçı Ermənistanın özündən çox Fransaya, onun kimi bir-iki dövlətə, o cümlədən Niderlanda daha pis təsir edib. Azərbaycanda belə bir məsəl var: “Anası durmuşkən xalasının ürəyi gedib”.

Q.Əlibəylinin sözlərinə görə, əvvəlcə Paris meriyasının, conra isə Fransa Senatının məğlub olmuş işğalçı rejimi müstəqil dövlət kimi tanımaq proseduruna başlandığını elan etməsi Ermənistan-Azərbaycan münaqişəsinə Fransanın ənənəvi münasibətinin məntiqi davamı kimi qiymətləndirilməlidir. Belə ki, 30 ildən çoxdur ki, Fransa bir dövlət kimi təcavüzkarın yanında olduğunu hər zaman açıq-aşkar nümayiş etdirib. Bu zaman Fransa bir dövlət kimi özünün bəyan etdiyi dəyərlərə, daxili qanunvericiliyinə və formalaşmasında iştirak etdiyi müasir beynəlxalq hüquqa hörmətsizlik göstərib.

“Fransa prezidentinin təçavüzkarı açıq-aşkar müdafiə edən bəyanatları, Paris meriyasının və Fransa Senatının məğlub olmuş separatçı oyuncaq rejimi müstəqil dövlət kimi tanımaq məsələsini müzakirəyə çıxarması Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün zorla pozulması və BMT-nin üzvü olan müstəqil dövlətin süverenliyinə qəsd kimi qiymətləndirilməlidir. Qeyd etmək lazımdır ki, beynəlxalq praktikada təcavüzkarın dəstəklənməsi təcavüz aktı hesab olunur”-deyə partiya sədri bildirib.

Q.Əlibəyli daha sonra qeyd edib ki, Fransa Senatındakı müzakirələrə sayılı günlər qalıb. Azərbaycan bir dövlət kimi diplomatik səylərini daha da gücləndirməlidir. Fransanın Azərbaycandakı səfirinə Paris meriyasının və Fransa Senatının bu ağılsız addımının Fransa-Azərbaycan əlaqələrinə təsirinin gözlənilən nəticələri rəsmən bildirilməlidir. Azərbaycan Fransadakı səfirini dərhal müvəqqəti olaraq geri çağırmalıdır. Fransa ilə bütün əlaqələrin kəsilməsi məsələsi müzakirəyə çıxarılmalıdır.

 

 

Mənbə: moderator.az