Azərbaycan müzəffər ordumuzun gücü ilə tarixi ədaləti bərpa etdi

Azərbaycan müzəffər ordumuzun gücü ilə tarixi ədaləti bərpa etdi

Ermənistan ordusunun sentyabrın 27-də təxribat törədərək, ölkəmizə hücuma keçməsi, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi və hərbi mövqelərimizi bir neçə istiqamətdən atəşə tutması Azərbaycan Silahlı Qüvvələrini əks-hücum əməliyyatlarına başlamağa məcbur etdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz 44 gün davam edən müharibə gedişində möhtəşəm qələbələr qazanaraq, dünya hərb tarixinə yeni şanlı səhifələr yazdı. Silahlı Qüvvələrimiz döyüş meydanında Ermənistanın "güclü, məğlubedilməz” ordu mifini darmadağın etdi,

İşğalçı illərdi ki, mülki əhalimizə qarşı törətdiyi müxtəlif təxribatlarla müharibənin ərazisini genişləndirməyə çalışırdı. Yeni bölgələr tutmaq, tapdaq altında saxlamaq iddiasını da gizlətmirdi. Azərbaycan isə hər dəfə düşmənin təxribatlarına layiqli cavab versə də, bu, ona dərs olmurdu. Lakin indiki Vətən savaşında səbr kasası daşan Azərbaycan Ermənistana biabırçı məğlubiyyət yaşatdı. Əslində, işğalçı belə bir acı nəticəni gözləmirdi. Çünki Ermənistanın siyasi və hərbi rəhbərliyi ötən 30 il ərzində güclü ordu mifini yaradaraq əhalini aldadırdı. Bu mifi Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə darmadağın etdi və Ermənistanın qoruyub saxladığı status-kvo və təmas xəttini tamamilə dağıtdı.

Beləliklə, Silahlı Qüvvələrimizin kompleks inkişafı və modernləşdirilməsi ilə bağlı son 17 ildə həyata keçirilən hərbi siyasətin səmərəliliyi döyüş meydanında təcəssümünü tapdı. Ordumuz düşmənin uzun illər ərzində qurduğu, keçilməz hesab edilən müdafiə xətlərini qəhrəmanlıqla yardı, Ermənistanın hava hücumundan müdafiə sistemi və hərbi hava qüvvələrinı sıradan çıxartdı. İşğalçı qüvvələrə ağır zərbələr endirdi, onların çoxlu sayda canlı qüvvəsi və hərbi texnikasını məhv etdi.

Azərbaycanın işğal altında olan ərazisinin böyük bir hissəsi, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Şuşa şəhəri, Hadrut qəsəbəsi, ümumiyyətlə, 300-ə yaxın yaşayış məntəqəsi düşməndən təmizləndi. Nəhayət, Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti ilə idarə etdiyi Silahlı Qüvvələrin zəfər yürüşü siyasi müstəvidə qazanılan qələbə ilə yekunlaşdı.

Bu müharibədə Azərbaycan Ordusu qarşısında duruş gətirə bilməyəcəyini, iflasa məhkum olduğunu anlaya düşmən məğlubiyyətini etiraf etmək məcburiyyətində qaldı. Nəticədə noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli bəyanat 30 ildən artıq davam edən münaqişəyə, Azərbaycan torpaqlarının işğalına son qoydu, Cənubi Qafqaz bölgəsinin gələcək inkişafına yönələn fəaliyyətin yeni formatını şərtləndirdi. Bəyanatın müddəalarına uyğun olaraq, Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların dayandırılması elan edildi. Bu il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları mərhələ-mərhələ Azərbaycan Respublikasına qaytarılması qərara alındı.

Daxili məcburi köçkünlər və qaçqınların Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Ofisinin nəzarəti altında qayıtmaları, hərbi əsirlərin, girovların və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsinin həyata keçirilməsi, bölgədə bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası nəzərdə tutuldu. Ermənistan tərəfindən vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verildi. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının reallaşdırılması qərara alındı.

Terror, vandalizm, barbarlıq Ermənistanda dövlət siyasətidir

İşğalçı ölkənin ordusu 44 günlük döyüş zamanı təxribatlara əl atmaqla, beynəlxalq hüququn norma və prinsiplərini, habelə razılaşdırılan humanitar atəşkəs rejimini də kobudcasına pozaraq cəbhəboyu, həmçinin döyüş zonasından uzaq məsafədə yerləşən rayon və kəndlərimizi, şəhərlərimizi atəşə tutdu, hirs-hikkəsini, nifrətini günahsız insanlardan çıxmağa çalışdı, insanlığa sığmayan əməllər törətdi, uşaqları, qocaları öldürməkdən, mülki infrastrukturu dağıtmaqdan belə çəkinmədi.

Düşmənin Naftalan, Tərtər, Ağdam, Daşkəsən, Gəncə şəhərlərini, həmçinin digər yaşayış məntəqələrimizi müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriya atəşinə tutması, nəticədə neçə-neçə mülki əhalinin həyatını itirməsi, yaralanması, onların arasında uşaqların da olması işğalçının beynəlxalq hüququn norma və prinsiplərinə saymazlığını göstərdi, onun sülh və insanlıq əleyhinə yönələn təcavüzkar xislətindən, müharibə və terror prinsiplərinə sadiqliyindən xəbər verdi.

Bərdədə törətdiyi terror aktları isə Ermənistanın faşist mahiyyətini bir daha nümayiş etdirdi. Bu vandalizm, barbarlıq aciz vəziyyətə düşən Ermənistanın cəbhədəki məğlubiyyətinin heyfini dinc insanlardan alması məqsədi daşıyırdı. Ölənlər və yaralananlar arasında körpələrin olması isə onun qəddarlığının, insanlığa sığmayan əməllərinin göstəricisi idi.

Ermənistanın öz ərazisindən Azərbaycan şəhərlərini raket atəşinə tutmasının arxasında həm də məkrli niyyəti dayanırdı. İşğalçı dövlət bununla Azərbaycanı eyni tərzdə cavab verməyə təhrik etmək, münaqişənin coğrafiyasını genişləndirmək, beləliklə də münaqişəyə üçüncü ölkələri cəlb etmək məqsədi güdürdü. Düşmən bütün bunlarla bərabər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq istəyini ifadə edirdi. Amma yanılırdı, unudurdu ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun şücaəti və xalqımızın dəstəyi ilə tezliklə tarixi torpaqlarımızdan qovulub çıxarılacaq, terroru dövlət siyasəti səviyyəsində həyata keçirən, vətəndaşlarımıza qarşı soyqırımlar törədən, nahaq qanlar tökən qatilə layiqli cavab veriləcək...

Burada təəssüf doğuran bir məqama da toxunmaq istərdik. İşğalçı müharibə günlərində Ermənistan ordusunun dinc sakinləri qadağan olunan silahlarla raket atəşinə tutaraq müharibə cinayəti törətməsi nədənsə beynəlxalq qurumları, insan hüquqlarının müdafiəsi təşkilatlarını narahat etmədi. Onlar belə dəhşətli, insanlığa sığmayan əməllərə göz yumdular, susqunluq nümayiş etdirdilər. Şübhəsiz ki, bu laqeydliyin, biganəliyin qarşılığında isə erməni faşistləri cinayətlərinin miqyasını daha da genişləndirməkdən çəkinmədilər.

Bu gün ermənilərin terror, vandalizm, barbarlıq əməlləri işğaldan azad edilən ərazilərimizdə açıq-aydın görünür. Başdan-başa xarabalığa çevrilən şəhər və kəndlərimizin acı mənzərəsi ürək ağrıdır. Maddi-mədəniyyət abidələrimizin yerlə-yeksan edilməsi, yaşıllıqların məhv olunması işğalçının qəddarlığının miqyasından xəbər verir.

Prezident, Ali Baş Komandan İlham Əliyev noyabrın 16-da işğaldan azad edilən Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə səfəri zamanı deyib: "Bildiyiniz kimi, işğal edilmiş və işğaldan azad olunmuş torpaqlarda düşmən bütün infrastrukturu dağıdıbdır. Bizim şəhərlərimiz demək olar ki, yerlə-yeksan edilibdir və bu, düşmənin vəhşiliyini bir daha göstərir. İndi bütün dünya bunu görəcək. Bütün dünya görəcək ki, biz hansı vəhşi düşmənlə üz-üzə qalmışdıq”.

Dövlətimizin başçısı, eyni zamanda, bildirib ki, bizim bu günə qədər işğal altında qalan Ağdam, Laçın və Kəlbəcər rayonları da yaxın günlərdə Azərbaycana təhvil veriləcək: "Amma baxın, görün, mənfur düşmən hansı vəhşiliklər törədir – evləri yandırırlar, məktəbləri yandırırlar, ağacları qırırlar, elektrik xətlərini qırırlar. Bütün dünya bunu görür, bütün aparıcı beynəlxalq kanallar bunu göstərir. Nə vicdan var, nə utanmaq var, nə əxlaq var. Ona görə İkinci Qarabağ müharibəsində qazanılmış qələbə böyük tarixi əhəmiyyətə malikdir. Bu, təkcə Azərbaycanın öz doğma torpaqlarının işğalçılardan azad edilməsi məsələsi deyil. Bu, eyni zamanda, bütün dünyaya, bütün işğalçılara göstərir ki, onların sonu bax, belə ola bilər. İşğalçıların, qəsbkarların sonu belə olacaq”.

Yağılardan xilas edilən torpaqlarımızda tezliklə canlanma yaranacaq

İşğaldan azad edilən yaşayış məntəqələrimizdə qısa müddətdə vandal ermənilər tərəfindən dağıdılan infrastruktur bərpa ediləcək. Şuşa, Kəlbəcər, Laçın və digər rayonlarımızda dağıdılan məscidlər, tarixi abidələri, məktəblər yenidən bərpa olunacaq. Şuşa işğaldan öncə olduğu kimi, Azərbaycanın yenidən əsas turizm mərkəzinə çevriləcək. Yağı tapdağından qurtulan torpaqlarda kənd təsərrüfatı inkişaf etdiriləcək.

Dövlətimizin başçısı Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı bu barədə də fikir bildirərək deyib: "Onlar hesab edirdilər ki, bu dağıntılardan sonra Azərbaycan əhalisi heç vaxt buraya qayıtmayacaq. O məqsədlə buranı dağıdıblar. Amma səhv ediblər. Biz qayıtmışıq. Bax, durmuşuq burada, öz doğma torpağımızda, Cəbrayıl şəhərində. Bütün buraları bərpa edəcəyik.

Yeni böyük baş plan tərtib ediləcək. Müvafiq göstərişlər verilib. Hər bir şəhər üçün xüsusi baş plan tərtib ediləcək. Burada bütün inzibati binalar, ictimai binalar, məktəblər, tibb ocaqları yaradılacaq. Bütün infrastruktur yaradılacaq. Küçələr salınacaq, parklar, xiyabanlar salınacaq. Bütün şəhərlərdə qələbə abidələri ucaldılacaq və həyat qayıdacaq”.

Bəli, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin vurğuladığı kimi, yenə də Azərbaycan vətəndaşları bu tarixi torpaqlarımızda yaşayacaq, qurub- yaradacaqlar. Amma bugünkü tarix heç vaxt unudulmayacaq. Bu dağılmış, yandırılmış evlər, viran qoyulmuş kənd və şəhərlər erməni vəhşiliyinin canlı şahidləridir. Bu evlərdə, bu şəhərlərdə yaşayacaq insanlarımızın Vətən sevgisi ilə hər qarış torpağımız tez bir zamanda canlanacaq, yurd yerlərimiz gülüstana çevriləcək.

EMİL NƏSİRLİ,

Tanınmış jurnalist,

Beynəlxalq Elmlər Akademiyasının Fəxri Akademiki

Mənbə: aktual.az