Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın parlaq qələbəsi

Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın parlaq qələbəsi

Bu gün Azərbaycan Ordusu hərbi potensialına, döyüş qabiliyyətinə, təchizatına görə nəinki bölgədə, dünya miqyasında güclü ordular sırasındadır. Əminəm ki, Azərbaycan gücləndikcə, ordumuz da güclənəcək.

İlham ƏLİYEV,
Azərbaycan Prezidenti, Ali Baş Komandan

Görkəmli fransız vəkili, ilahiyyatçı və akademiki Jan-Batist Anri Lakorderin sözüdür: “Azadlıq uğrunda hər cür müharibə müqəddəsdir, işğalçılıq isə lənətə layiqdir”.

Biz tarixən döyüşkən millət olsaq da, qonşulara münasibətdə davakar xalq olmamışıq. Hücüm etməmişik, ancaq müdafiəni də unutmamışıq. Lakin son dərəcə əlverişli coğrafi mövqeyi, füsun­kar təbiəti, zəngin təbii ehtiyatları olan məmləkətimizin qapısından düşmən əskik olmayıb. Ona görə də həmişə bir əlimizdə duz-çörək, o biri əlimizdə isə qılınc olub.

Azərbaycanın əsgər və zabitinin yüksək mənəvi hazırlığı, döyüş ruhu, zəbt olunmuş ərazilərdən düşməni hər an geriyə atmaq üçün qisas hissi ilə alışıb yanması hər kəsə, o cümlədən işğalçı Ermənistana yaxşı bəllidir. İşğalçılar artıq yaxşı bilirlər ki, bu gün Ermənistanla Azərbaycan arasında həm hərbi, həm iqtisadi, həm də bütün başqa sahələrdəki fərq olduqca böyükdür.

Azərbaycanın hərbi büdcəsi ordumu­zun ən yeni texnologiyalara əsaslanan hərbi texnika və döyüş vasitələri ilə təchiz edilməsinə böyük imkanlar ver­mişdir. Ölkəmizdə müasir hərbi sənaye kompleksi yaradılmış, Silahlı Qüvvələrin maddi-texniki bazası müasir texnika və silahlarla zənginləşdirilmiş, bu sahədə kadr hazırlığı təkmilləşdirilmişdir.

Azərbaycanın gəlirlərinin art­ması ilə yanaşı, Silahlı Qüvvələrin modernləşdirilməsi, yenidən qurulma­sı, ən yeni və güclü döyüş vasitələri ilə təchiz edilməsi prosesi ardıcıl həyata keçirilmişdir.

Azərbaycanın Silahlı Qüvvələri dur­madan inkişaf etdiyi halda, Ermənistanda bunun tam əksi müşahidə olunur. Başqa sözlə, Azərbaycan öz ordusunu dayanmadan gücləndirdiyi şəraitdə, Ermənistanda bu proses tamamilə əks istiqamətdə cərəyan etməkdədir. Bu səbəbdən Ermənistanda işğal edilmiş Azərbaycan torpaqlarını müharibəsiz azad etməyin zəruriliyini bəyan edənlərin sayı son zamanlar artmaqda idi. Əks hal­da, istər Dağlıq Qarabağ, istərsə də onun ətrafında yerləşən və işğal altında sax­lanan ərazilərdə cəmləşmiş Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusu tərəfindən qısa zaman ərzində qovu­lub çıxarılacağı həm dünyaya, həm də ermənilərə yaxşı məlum olan reallıq idi.

Yeri gəlmişkən, 2020-ci il müəyyən çətinliklər və qayğılarla müşahidə olunsa da, Azərbaycan üçün uğurlu hesab etmək olar. Belə ki, sentyabrın 27-dən etibarən Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə əks-hücum əməliyyatına- zəfər yürüşünə başladı. Bu azadlıq yürüşü Ali Baş Komandan tərəfindən xüsusi ola­raq istiqamətləndirilir, eyni zamanda, dünyanın məşhur kütləvi informasiya vasitələrinin nümayəndələrinin hərbi əməliyyatlar barədə ən müxtəlif sualları təmkinlə cavablandırılırdı.

Müharibənin gedişində Silahlı Qüvvələrimiz Ermənistanın 30 il ərzində yaratdığı “məğlubedilməz ordu” mifini darmadağın etdi, xaincəsinə zəbt olun­muş və uzun illər əsarətdə saxlanılan kənd, rayon və şəhərlərimiz–Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavənd rayonunun bir hissəsini, Laçın rayonunun bir sıra kəndlərini işğaldan azad etdi. “Musiqi konservatoriyamız”, şeir-sənət məbədgahımız, Üzeyir bəyin, Xan qızı Natəvanın, Bülbülün, Xan Şuşinski kimi neçə-necə qüdrətli sənətkarımızın unudulmaz adını özündə yaşadan müqəddəs Şuşamızın azadlığı bütün dunya azərbaycanlılarını vəcdə gətirdi.

Döyüşkən və müzəffər ordumuz həmin müddət ərzində torpaqlarımızın azadlığı sevincini bütün dost və qardaş xalqlara yaşatdı. Silahlı Qüvvələrimiz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi.

Yeri gəlmişkən, möhtəşəm qələbəmizin səbəb və nəticələri, əhəmiyyəti barədə də bəzi fikirlərimi qeyd etmək istərdim. Əvvəla burada Prezident və Ali Baş Komandan İlham Əliyevin güclü siyasi iradəsi xüsusi vur­ğulanmalıdır. Qeyd etmək yerinə düşər ki, tarix boyu Azərbaycanın ərazi bütöv­lüyü uğrunda xalqımız daim mübarizə aparsa da, xeyli torpaq itirmişdir. Böyük dövlətlərin bir-biri ilə intriqası, imperiya­ların müharibəsi Azərbaycanı parçala­mış, ərazilərimiz hissə-hissə əlimizdən getmişdir.

Lakin istər ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra, istərsə də Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan böyük sıçrayışla inkişaf etməyə başladı. Torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyümüzün bərpası uğrunda mübarizə hazırlığı bö­yük inkişaf yolu keçdi.

Bu sarsılmaz məqsəd və amal uğrunda müharibəyə başlamaq, onu uğurla başa çatdırmaq yalnız qətiyyətli və mübariz Ali Baş Komandanın səyi, prinsipial mövqeyi nəticəsində baş verə bilərdi. Odur ki, bu uğurumuz, ilk növbədə, Ali Baş Komandan İlham Əliyevin qələbəsidir.

İkincisi, müharibədə qələbəmizi şərtləndirən əsas amillərdən biri yüksək hazırlıqlı və texniki cəhətdən təchiz olunmuş güclü Azərbaycan Ordusudur. Dövlətimizin başçısı ölkəyə rərbərlik etdiyi ilk gündən orduya böyük diqqət yetirməyə başladı. Bu gün Ali Baş Komandanın özünün dediyi kimi, Silahlı Qüvvələrimiz ən yüksək müasir texnika və hərbi sürsatlara malik olmaqla, dün­yanın ən güclü orduları sırasındadır. Bu, faktı artıq bütün dünya qəbul edir.

Azərbaycan əsgəri və zabitlərində olan mənəvi ruh yüksəkliyi, döyüş əzmi də qələbəmizin əldə edilməsində önəmli rol oynayıb. Belə ki, bu müharibədə sıravi əsgərdən tutmuş ən yüksək rütbəli zabitlərə, Ali Baş Komandana qədər hər bir şəxsdə güclü mənəvi ruh, döyüşkənlik əzmi ən yüksək səviyyədə olmuşdur.

Ölkəmiz üçün müharibə ədalətli xarakter daşıyırdı. Çünki Azərbaycan öz torpaqlarını azad edirdi. Azərbaycan Prezidentinin dediyi kimi, bizim haqq tərəfində olduğumuzu bütün dünya görür­dü. Dünya, həmçinin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin icrasına susqunluqla yanaşılmasından xəbərdar idi. Ona görə də Silahlı Qüvvələrimizin əks-həmlə ilə ərazilərimizi işğalçıdan təmizləməsi sözügedən qətnamələrin ic­rasının gerçəkləşməsindən xəbər verirdi.

Qələbəmizin təmin olunmasında hərbi əməliyyatların dürüst və diqqətlə, habelə sistemli hazırlanması, əməliyyatların birbaşa hərbi obyeklərə yönəldilməsi, xalq və ordunun birliyi, həmrəyliyi, inkişaf etmiş güclü hərbi-sənaye kompleksinin mövcudluğu kimi amillər də mühüm önəm daşımışdır.

Burada bir məsələni də diqqətdən qa­çırmaq olmaz. Belə ki, böyük qələbənin əldə edilməsində ölkəmizin güclü iqtisa­diyyata malik olmasının əhəmiyyəti xü­susi vurğulanmalıdır. Bütün irəliləyişlərin, uğurların kökündə, əsasında məhz güclü iqtisadiyyat dayanır. Bu gün heç kəsə sirr deyil ki, Azərbaycan regionda iqtisadi cəhətdən ən inkişaf etmiş aparıcı ölkədir. Regionda iqtisadi layihələr Azərbaycanın iştirakı ilə həyata keçirilir və bundan sonra da belə olacaq.

Şübhəsiz ki, yuxarıda sadalanan məsələlərin bazasında, özülündə ulu öndər Heydər Əliyev tərəfindən əsası qo­yulan, daha sonra Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən düzgün siyasi kurs, habelə reallaşdırılan müdrik diplomatiyadır.

Aparılan məqsədyönlü ardıcıl siyasət nəticəsində qonşu, qardaş, dost ölkələrin və orada yaşayan xalqların, o cümlədən soydaşlarımızın obyektiv münasibəti və mənəvi dəstəyi də qələbəmizin şərtlənməsində mühüm önəm daşıyıb.

Azərbaycanın bu parlaq qələbəsinin tarixi əhəmiyyəti çox böyükdür. Xalqı­mızın, müzəffər ordumuzun və Ali Baş Komandanımızın bu uğuru barədə gələcəkdə çox əsərlər, salnamələr yazı­lacaq, bu möhtəşəm zəfər yürüşü tarixin şanlı səhifələrində, dərsliklərdə əksini tapacaqdır.

İlham ƏSƏDOV,
Şirvan Apellyasiya Məhkəməsinin hakimi

Mənbə: xalqqazeti.com