Makronun Azərbaycana qarşı etmədiyi pislik qalmadı, sonuncu isə... - İLHAM İSMAYIL

Makronun Azərbaycana qarşı etmədiyi pislik qalmadı, sonuncu isə...  - İLHAM İSMAYIL

Klassik fransız ədəbiyyatının görkəmli nümayəndələrinin romanlarını oxuyanda, yəqin ki, yalnız fransızların özləri deyil, əksəriyyət o əsərlərdən alicənablıq, əxlaq, şərəf, ləyaqət və sairə müsbət insani keyfiyyətləri əxz edə biliblər, o cümlədən bizlər də. Amma, görünür Fransanın indiki prezidenti Emmanuel Makron, xarici işlər naziri Jan- İva Le Drian bizlərin dəfələrlə və ləzzətlə oxuduğumuz Balzakın, Hüqonun, Dümanın, Sartrın və başqa fransız yazıçıların əsərlərini orta məktəbdə ədəbiyyat dərsi xatirinə oxuyublar ki, qiymət alsınlar. Məktəbdə ola bilsin ki, qiymət alıblar, amma həyatda qiymətlərini ala bilmədilər. Fransanın prezidenti olmaq hələ bəşəri dəyər almaq demək deyil. Ona görə yox ki, Fransa bizim düşmənimizin, kiçik bacıları hesab etdikləri Ermənistanın yanında yer alıb və hər cür dəstək verirlər. Bu yeni məsələ deyil. Amma, Makrondan əvvəlki prezidentlər bunu abartmadan, bir mizan gözləməklə, sivil şəkildə bildiriblər. Hətta, ən qalmaqallı prezidentlərindən biri Sarkozi belə Ermənistana səfər edəndə Azərbaycanı da unutmamış, Bakıya da bir ayaqüstü “Visite de courtoisie”( nəzakət səfəri) etmişdi. 27 sentyabrdan bəri Fransa prezidenti Azərbaycana qarşı etmədiyi pislik qalmayıb, hətta bütün diplomatik çərçivələri kobudcasına pozub. Yenə də təəccüblü gəlmədi. Son hərəkətləri isə sadəcə cılızlığın nümayişidi.

Bu gün dünya mətbuatında belə bir informasiya yayılıb: ”Respublika Prezidenti Emmanuel Makron və Fransanın Avropa və Xarici İşlər Naziri Jan-İva Le Drianın xahişi ilə Fransa Dağlıq Qarabağdakı münaqişədən əziyyət çəkmiş erməni əhalisinə (?!) yardımı sistemli hala gətirməlidir”. Diqqətimizi çəkən - “yalnız erməni əhalisinə” ifadəsi oldu. Siyasət tamam bir yana, yardım etmək, kömək etmək tamam bir yanadır. Yardım etmək alicənablıqdır, bu münaqişədə əziyyəti ermənidən də çox çəkmiş azərbaycanlılara qarşı ayrıseçkilik etməkdir, yumşaq desək naqislikdir, namərdlikdir, xeyirxahlığın arxasında nifrətin nümayişidir. Bu yalnız bəşəri dəyərlərə xəyanət deyil, bu, Dümanın muşketyorlarına, Balzakın, Hüqonun əsilzadə qəhrəmanlarına xəyanətdir. Makron da, komandası da yaxındakı seçkilərdə erməni vətəndaşlarının səsini, zəngin ermənilərin maliyyə yardımını almaq üçün nə qədər istəyirlər ermənilərə siyasi dəstək verə bilərlər. Amma, yardım işinin siyasətə aidiyyatı yoxdur, bu insanlıq məsələsidir. İnsanlıqdan uzaq olanlar bunu anlamazlar.

Əslində bizim Fransanın yardımına heç ehtiyacımız yoxdur. Mən inanıram ki, sabah Fransa xalqı hər hansı təbiət hadisəsindən əziyyət çəkərsə, yardıma ehtiyac duyarsa lazım olan yardımı etmək üçün Azərbaycan rəhbərliyi uyğun göstəriş verər. Biz Fransadan zəngin dövlət deyilik, amma azərbaycanlının qəlbi Emmanuel Makrondan, Le Driandan çox zəngindir. Görünür, Balzak “Qorio ata”da deyəndə ki, “Ədəbiyyat üzgüçüləri Parisə lot atıb dərinliyini ölçmək istəslər də, yenə də onun öyrənilməmiş bir yeri, bir küncü qalacaq.Belə yerlərdən biri də Madam Vokenin evi idi...” Fransız xalqının seçiminə bütün sayqılarımla demək istəyirəm ki, alicənablıqdan, ədalətdən uzaq birilərini Madam Vokenin evi kimi sonadək öyrənə bilməmişlər.

Eybi yox. Zaman hər şeyin dərmanıdır. Hörmətli Rəcəb Tayyib Ərdoğanın dediyi kimi Makron “gedicidir, qalıcı deyil”. Makronun hökmü yaxın seçkilərə qədərdir. Fransada ədaləti yerinə qoyan, haqsıslığa qarşı mübarizə aparan Qraf Monte Kristolar da olub. Bir gün qrafın gələcəyinə və Makronun haqsızlığına son qoyacağına inanmaq ümidi ilə...

İlham İsmayıl

 

 

Mənbə: moderator.az