Şuşanı Bakıya çevirməyək

Sosial mediada Şuşanın gələcəkdə necə olacağı ilə bağlı bir video paylaşılıb. Əgər qədim məscid olmasaydı, Bakının mərkəzi küçələrindən biri olduğunu zənn edərdik. Hündür binalar, geniş hökumət idarələri, daş döşənmiş yollar, şam ağacları və şüşə kimi asfaltda yürüyən avtomobillər...

Hazırlanan bu video haqlı olaraq sosial mediada etiraza səbəb oldu. Şuşanın Bakıya çevrilməsinə ehtiyac yoxdur deyə...

Paytaxtın zamanla dəyişməsi təbii idi. Bakı hər dövrdə beynəlmiləl şəhər olduğu üçün dövrün tələblərinə cavab vermək məcburiyyətindəydi. Doğrudur, şəhərin siması dəyişilərkən təbiəti də aşırı şəkildə korlandığı üçün bu gün 40 il əvvəlki ağacları ancaq fotoşəkillərdə görürük.

Çünki şəhər memarlıq ənənələri qorunmaqla deyil, sürətli şəkildə betonlanmaqla dəyişdirildi.
Ona görə də eyni aqibətin Şuşanın yaşamasına qəti yol vermək olmaz.

Bunun bir neçə səbəbi var.
İstanbulda vaxtilə ataları Gəncədən köçmüş azərbaycanlıların bəzilərinin müstəqillik illərində niyə ikinci böyük şəhərimizə gəlmədiklərinin səbəbini soruşduğum zaman belə demişdilər: Biz Gəncəni heç vaxt görməmişik, onun təsviri xəyalımızda atalarımızın bizə anlatdıqları kimidir.

Ötən yüz ildən sonra başqa Gəncə ilə qarşılaşıb, xəyallarımızın yox olmasını istəmirik.

Bu da qəribə bir yanaşma idi. Çünki onların ataları köçərkən hələ Sovet hökuməti yox idi, Azərbaycan bəylərinin evləri dövlət idarələrinə çevrilməmişdi.

Ona görə də 1992-ci ildən sonra Şuşanı ancaq şəkillərdə görən, ermənilərin Cıdır düzündə çəkdiyi videolara həsrətlə baxan gənclərin təsəvvürlərinin dağılmaması lazımdır. Eləcə də 28 ildən sonra öz yurdlarına qayıdan qaçqınların fərqli bir şəhərlə qarşılaşmaları böyük ruh düşkünlüyü yarada bilər.

Təbii ki, şəhərdə dəyişikliklər olacaq, yeniliklər vacibdir, prezidentin dediyi kimi onu dirçəldəcəyik. Amma bunlar baş verərkən şəhərin ruhuna əsla toxunmaq olmaz. Şuşa elə bərpa edilməlidir ki, orada Hacıbəylinin, Haqverdiyevin, Ağaoğlunun, Çəmənzəminlinin, Xan qızının vətəni olduğu hiss edilsin. Şuşa musiqi, mədəniyyət şəhərinə çevrilə, konservatoriya oraya köçürülə bilər.

Şəxsən bəndəniz böyük azərbaycanlı Əhməd bəy Ağaoğlunun mühüm arxivinə sahib olduğu üçün onun ev-muzeyinin açılmasına cəhd edəcək.

***

Prezident özü Cəbrayıla, Füzuliyə səfər edərkən yolboyu ermənilərin xaraba qoyduğu yurdlarımızı bizə göstərdi. Bu gün xarici diplomatlara Füzuli rayonunun kəndlərinin aqibəti təqdim edilib.

Demək olar ki, azad edilən ətraf rayonların hamısı sıfırdan, başdan qurulmalıdır. İnsanları öldürüb, didərgin salıb yurd yerlərini xaraba qoymaq yüz ildir ki erməni qəsbkarların həyat tərzinə çevrilib. Yüz il əvvəl Andranikin qüvvələri Zəngəzuru, Qarabağı nə cür dağıtmışdısa, I Qarabağ savaşında onun varisləri eyni vəziyyəti törətmişdilər.

İnanırıq ki, dövlətimiz gözlənilən məhkəmə prosesi, eləcə də gələcək sənədli-bədii filmlər üçün azad edilən bölgələrimizin indiki durumunu videolentə alıb. Az əhalisi olan bəzi kəndləri, bəlkə də, gələcək nəsillər üçün muzey üçün olduğu kimi saxlamaq lazımdır.

Bütün hallarda bərpa işləri, quruculuq prosesi başlayarkən tarixi ənənələri qorumaq, mümkün qədər insanların xatirələrinin canlanmasına çalışmaq gərəkdir.

Teleqraf.com

ƏVVƏLKİ XƏBƏR

Tozsoranlar evdəki söhbətləri dinləyə və ötürə bilər

SONRAKI XƏBƏR

Üçtərəfli bəyanatın bütün bəndlərinin icrası zəruridir - ŞƏRH - VİDEO