"Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində balanslaşdırıcı funksiya yerinə yetirir"

Rusiya istiqlaliyyət, hürriyyət, müstəqillik istəyən azərbaycanlıları dəfələrlə cəzalandırıb. Yaxın tariximizdə xalqımıza vurulan ən ağır zərbələrdən birincisi Ermənistandan azərbaycanlıların departasiyası idi. Təxminən 300 min soydaşımız 1988-89-cu illərdə tarixi torpaqlarından qovuldu. Şübhəsiz, bu qərar SSRİ rəhbərliyi tərəfindən verilmişdi və ermənilərin əliylə icra edildi. Xalqımıza ikinci ən böyük zərbə 1990-ci ilin yanvarın 20-də vurulub. SSRİ rəhbərliyinin təlimatı ilə rus tankları Bakıya daxil oldu, Bakı sakinlərinə qarşı amansız qətliam törədildi, 131 nəfər azərbaycanlı öldürüldü. Daha sonrakı cəza tədbiri Qarakənd faciəsi idi. 20 noyabr 1991-ci ildə Xankəndində vəziyyəti öyrənmək üçün bölgəyə yollanan Azərbaycanın yüksək çinli məmurlarını daşıyan vertalyot Rusiya xüsusi xidmət orqanlarının nəzarətində fəaliyyət göstərən erməni separatçıları tərəfindən Xocavəndin Qarakənd kəndində raketlə vuruldu. Bundan sonra isə tariximizin qan yaddaşına həkk olunan Xocalı soyqırımı törədildi. 26 fevral 1992-ci ildə Xocalıda Rusiya silahlı qüvvələrinin tabeliyində olan 366-cı motoatıcı alayın erməni əsilli hərbçilərinin iştirakı ilə insanlığa qarşı ən ağır cinayətlərdən biri törədildi. 613 nəfər azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca həlak oldu. Sonrakı mərhələdə Rusiyanın dəstəyi ilə Azərbaycanın Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdərə, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları erməni silahlı qüvvələri tərəfindən işğal edildi. Nəhayət 12 may 1994-cü ildə Rusiyanın vasitəçiliyi ilə münaqişə tərəfləri arasında Bişkek protokolu imzalanaraq nisbi atəşkəs təmin edildi. Beləliklə, Rusiya erməni separatçılarını silahlandıraraq Azərbaycanda Rusiyanın geosiyasi maraqlarına zidd fəaliyyət göstərən siyasi qüvvələri və Rusiyanın ermənipərəst siyasətinə etiraz edən xalqımızı cəzalandırıb. Bu məqsədlə Ermənistanı silah-sursat və muzdlu qüvvələrlə təmin edib. Bənzər proseslər digər postsovet ölkələrində də baş verib.

 

O vaxtkı Azərbaycan hökuməti - Əbülfəz Elçibəy və siyasi komandası Rusiyanın ölkəmizdəki hərbi bazalarının mövcudluğunu suverenliyimizə qarşı təhdid olaraq görürdü. Ona görə Rusiya qoşunlarını ölkədən çıxarmaq üçün böyük səy göstərdi və nəhayət 26 may 1993-cü ildə buna nail oldu. Elçibəy və siyasi komandası belə fikirləşirdi ki, rus qoşunları Azərbaycanda saxlanılsa, Azərbaycanın siyasi rəhbərliyi müstəqil siyasət apara bilməyəcək. Ermənistan nümunəsində bu ehtimalın həqiqətə uyğunluğunu görə bilərik. Rus qoşunlarının Azərbaycandan çıxarılması Elçibəy və komandasının siyasi karyeraları bahasına gerçəkləşdi. Eyni zamanda Azərbaycan xalqı bu siyasətə görə böyük itkilərlə üzləşdi; torpaqlarımızın 20 faizi işğal olundu, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkünə çevrildi, işğal olunan ərazilərimizdə mülki infrastruktur dağıdıldı, yeraltı təbii ehtiyatlarımız intensiv surətdə istismar edildi. Heydər Əliyevin siyasi rəhbərliyi dönəmində isə müstəqil siyasətdən imtina edilməməklə birlikdə, Rusiya ilə siyasi əlaqələrin pozulmasının fəsadlarını azaltmağa, qarşılıqlı maraqlara əsaslanan yeni siyasi əlaqələrin inşasına və Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə səy göstərildi. Prezident İlham Əliyevin siyasi liderliyində isə Rusiya ilə münasibətlər yeni mərhələyə yüksəldi, iki ölkə liderləri arasında qarşılıqlı etimad yarandı.

Qeyd edək ki, SSRİ-nin süqutu ərəfəsində Kreml əksər respublikalarda etnik münaqişə ocaqlarını alovlanlandırmışdı. Bu strategiya həmin respublikaları sonrakı mərhələdə Rusiyanın təsir dairəsində saxlamağa xidmət edirdi. Bu strategiya çərçivəsində yürüdülən siyasət münaqişə ocaqlarında açıq və ya gizli formada separatizmi dəstəkləmək və rus sülhməramlılarını həmin münaqişə ocaqlarına yerləşdirməkdən ibarət idi. Rus sülhməramlıları postsovet ölkələrində Rusiyanın təsir məxanizmlərini qoruyub saxlamağa, milli hökumətləri Rusiyanın geosiyasi maraqlarına zidd siyasətdən çəkindirməyə və separatçı qüvvələri himayə etməyə xidmət edirdi.

Rusiya siyasi rəhbərliyi 1992-ci ildən etibarən Azərbaycan hökumətindən rus sülhməramlılarının Dağlıq Qarabağa yerləşdirilməsinə icazə verilməsini tələb etməyə başladı. Azərbaycan hökuməti istər Əbülfəz Elçibəy dönəmində, istər Heydər Əliyev dönəmində, istərsə də Prezident İlham Əliyevin 17 illik siyasi rəhbərliyi dönəmində buna razılıq vermədi. Belə ki, Azərbaycan liderləri, haqlı olaraq, rus sülhməramlılarının Dağlıq Qarabağa yerləşdirilməsini Dağlıq Qarabağda Azərbaycanın suveren hüquqları üçün təhlükə hesab edirdi. Rus sülhməramlılarının xüsusilə Gürcüstan və Moldovada davranışları Azərbaycan siyasi elitasında belə bir qənaət formalaşdırmışdı.

Əgər 1992-1993-cü illərdə Elçibəy hökuməti rus sülhməramlılarının Dağlıq Qarabağa yerləşdirilməsinə razılıq versəydi, çox güman ki, Dağlıq Qarabağ ətrafındakı 7 rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) işğal olunmayacaqdı. Əgər Heydər Əliyev rus sülhməramlılarının Dağlıq Qarabağa yerləşdirilməsinə icazə versəydi, yəqin ki, 5 rayon (Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) işğal olunmayacaqdı. Bir sözlə, Azərbaycan torpaqlarının işğalı müstəqilliyimizi və suverenliyimizi qoruma cəhdlərimizin qarşılığında üzləşdiyimiz itki idi.

Bənzər itkilərlə üzləşən digər postsovet ölkələrindən fərqli olaraq, Azərbaycan hökuməti bugün Rusiya siyasi rəhbərliyi ilə etibarlı tərəfdaşlıq münasibətləri qurmağa müvəffəq olub. Bu qədər müsibətlərə baxmayaraq, Azərbaycan xaqı Rusiya dövlətinə qarşı sistematik nifrət və kin bəsləmir, rus xalqı ilə dostluq münasibətləri qurur. Bunun bariz nümunəsi Rusiyada milyonlarla soydaşımızın yaşamağa davam etməsidir.

Ədalət xətrinə deyək ki, ABŞ-ın Vyetnamda, Əfqanıstanda, İraqda, Fransanın Əlcəzairdə və Ruandada yerli xalqa yaşatdığı zülmlə müqayisədə Rusiya bizim xalqımıza mərhəmətli davranıb. Bununla belə, digər böyük dövlətlər kimi Rusiyanın imperialist maraqları var və Azərbaycan xalqı tarixən bu maraqlardan əziyyət çəkib. Ona görə də 27 il sonra rus hərbi kontingentinin Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağa daxil olması və orada erməni separatçı qüvvələrini məhv olmaqdan xilas etməsi cəmiyyətimizdə birmənalı qarşılanmadı. Azərbaycan ictimaiyyətinin əsas narahatlığı rus sülhməramlılarının Dağlıq Qarabağda separatçı qüvvələrin varlığını davam etdirməsinə imkan yaradacağına dair şübhələrdir. Bu həm də rus sülhməramlılarının digər postsovet ölkələrində sülhməramlı missiyadan kənara çıxaraq dövlətin suverenliyini pozan xoşagəlməz hadisələrə səbəb olmasıyla bağlıdır. Bununla belə, həmin ölkələrdən fərqli olaraq, Azərbaycan regionda böyük gücə malik Türkiyənin hərbi və siyasi dəstəyini qazanıb. Türkiyə bu baxımdan Dağlıq Qarabağ münaqişəsinin həllində balanslaşdırıcı funksiya yerinə yetirir. Bu balansın Cənubi Qafqaza sülh və sabitlik gətirəcəyinə ümidlərimiz böyükdür.

Praqmatik siyasət yürüdən Azərbaycan siyasi rəhbərliyi Rusiyanın geosiyasi maraqlarını nəzərə almadan Dağlıq Qarabağ münaqişəsinin həllinin mümkünsüzlüyünü bilirdi, ancaq qardaş Türkiyənin, münaqişənin həlli prosesində iştirakını təmin edərək digər postsovet ölkələrinin yaşadığı xoşalgəlməz hadisələrdən xalqımızı maksimum sığortaladı.

Fazil Qasımov

İstanbul Universitetinin doktorantı

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyə Milli Müdafiə Nazirliyi:"Türkiyə ordusu bir ayda onlarla terrorçunu zərərsizləşdirib"

SONRAKI XƏBƏR

Həftəsonu qadağası bitdi