Paşinyanın yerinə ən real namizəd - razılaşma pozulmayacaq, müharibə olmayacaq...

Paşinyanın yerinə ən real namizəd - razılaşma pozulmayacaq, müharibə olmayacaq...

Məhəmməd Əsədullazadə: “Vanetsyan prosesdə hər hansı bir mənfi hərəkətə getməyəcəyilə Kremlə mesaj verir”

Ermənistanda Nikol Paşinyanı əvəzləməyə ən ciddi namizədlərdən biri - "Vətən" partiyasının sədri, sabiq təhlükəsizlik naziri Artur Vanetsyan çox ciddi bəyanatla çıxış edib. O, İrəvanda Paşinyanın istefa tələbilə keçirilən mitinqdə 9 noyabrda imzalanan bəyanatı ləğv etmək istəyi barədə açıqlamasını təkzib edib. Vanetsyan rəsmi şəkildə elan edib ki, hakimiyyətə gələrlərsə, atəşkəs razılaşmasını pozmaq və müharibəni bərpa etmək niyyətləri yoxdur

Məlumat üçün qeyd edək ki, Paşinyanın komandasında Milli Təhlükəsizlik Xidmətinin rəhbəri postunu tutmuş və sonra da istefa vermiş Vanetsyan Rusiya Federal Təhlükəsizlik Xidmətinin Akademiyasını fərqlənmə diplomu ilə bitirib. Rusiyaya sədaqətilə seçilən generallardan sayılsa da, Qərblə də isti münasibətləri var. Onun istefasının səbəblərilə bağlı 2019-cu ildə yayılan məşhur səs yazısından aydın olurdu ki, Vanetsyan Ermənistandakı "rus kadrları"nın, xüsusən də Xaçaturovun həbsinin Rusiya ilə münasibətləri gərginləşdirəcəyini deyərək, bu həbslərə qarşı olub. Köçəryan və Sarkisyan əleyhinə kompromatlar toplamaqdan imtina edib.

Beləliklə, Vanetsyanın mitinqdəki bəyanatı göstərir ki, Ermənistanda artıq Rusiya və Türkiyənin vasitəçiliyi ilə qəbul edilmiş atəşkəsi sülh sazişinə çevirməyə hazır qüvvələr var.

Maraqlıdır, bəs ekspertlər bunu necə dəyərləndirirlər? Vanetsyanın bəyanatından bu nəticəyə gəlmək olarmı ki, Ermənistanda artıq Rusiya və Türkiyənin vasitəçiliyi ilə qəbul edilmiş atəşkəsi sülh sazişinə çevirməyə hazır qüvvələr ortaya çıxır?

“...onun Ermənistan daxilində potensialı hələ zəifdir”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə aspektdən yanaşdı: “Ermənistanda baş verən siyasi proseslər öz ciddiyyətini qoruyur. Paşinyana qarşı formalaşan müxalifət onun istefasını tələb etməklə yeni bir sistemdə maraqlıdır. Məhz “Vətən” partiyasının sədri A.Vanetsyan müxalifətin mitinqində çıxış edərək, Qarabağla bağlı bəyannamə ilə razılaşacağını vurğulayıb. Vanetsyan bunu vurğulamaqla prosesdə hər hansı bir mənfi hərəkətə getməyəcəyilə Kremlə mesaj verir. Ancaq problem ondadır ki, onun Ermənistan daxilində potensialı hələ zəifdir. Xalq onu elə də dəstəkləmir. Hesab edirəm ki, artıq Ermənistanda bəzi müxalifət partiyaları reallıqla barışır və onlar kapitulyasiyanı qəbul edirlər. Bu da növbəti hakimiyət dəyişikliyində bəyannamənin pozulmayacağını göstərir. Düşünürəm ki, Paşinyan mövcud durumu nəzarətdə saxlayıb hakimiyyətini qorumağa çalışacaq. Müxalifətə geniş xalq kütləsi dəstək vermir. Belə olmasaydı, o zaman Kreml Paşinyanı çoxdan devirmişdi”.

Politoloq hesab edir ki, Qərb Moskvanın Ermənistanda hakimiyyət dəyişikliyi etməsində maraqlı deyil.

Vidadi ORDAHALLI

Mənbə: www.baki-xeber.com