Günay Əfəndiyeva diplomatik korpusla birgə işğaldan azad olunmuş Füzuliyə səfər edib

Günay Əfəndiyeva diplomatik korpusla birgə işğaldan azad olunmuş Füzuliyə səfər edib

22 Noyabr 2020 il tarixində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva işğaldan azad olunmuş Füzuli şəhərinə səfər edib. Səfər Azərbaycan Respublikası Prezident Administrasiyası və Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunmuş Azərbaycandakı diplomatik korpusun rəhbərlərinin: səfirlərin, hərbi attaşelərinin, beynəlxalq təşkilatların rəhbər və nümayəndələrinin səfəri çərcivəsində baş tutub.

Diplomatlar Füzuli rayonu ərazisində yerləşən qədim tarixi, dini, mədəni abidələrin, eləcə də yaşayış obyektlərinin dağıntılarını yaxından görüb, Azərbaycanın və bütövlükdə Türk dünyasının maddi – mədəni irs nümunələrinə qarşı törədilən vandalizm aktlarının canlı şahidi olublar.

Eyni zamanda, onlar rayonun Aşağı Ədürrəhmanlı və Kürdlər kəndlərində yerlə-yeksan edilmiş qəbiristanlıqları, mədəniyyət obyektlərini, eləcə də Füzuli şəhərinin mərkəzindəki dağıdılmış Mədəniyyət evini və Jurnalistlər evini ziyarət ediblər.

Hacı Ələkbər məscidinin yerləşdiyi əraziyə baxış zamanı diqqətə çatdırılıb ki, bu dağılmış abidə XIX əsrə aiddir. Rayonun işğalına qədər yararlı vəziyyətdə olan məscidin hal – hazırda yalnız bir minarəsinin kiçik hissəsi qalmaqdadır.

Fondun prezidenti G. Əfəndiyeva kütləvi informasiya vasitələrinə verdiyi müsahibədə, tarixi abidələrin məhv edilməsinə yönəlmiş cinayət aktlarını qətiyyətlə pisləyib və beynəlxalq ictimaiyyəti bu əməllərə ədalətli qiymət verməyə çağırıb.

 

 

Mənbə: moderator.az