Ədliyyə işçilərinin peşə günü - VİDEO

Ədliyyə işçilərinin peşə günü - VİDEO

Ədliyyə işçiləri peşə bayramlarını qeyd ediblər. Peşə bayramı münasibətilə Ədliyyə Nazirliyi kollegiyasının videoformatda xüsusi iclası keçirilib.

Tədbiri açan ədliyyə naziri Fikrət Məmmədov ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində parlaq qələbə və peşə bayramı münasibətilə kollektivi təbrik edib.

Tədbirdə Ali Baş Komandanın ən sadiq silahdaşı olan respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyəti, cəbhədə döyüşən igid hərbçilərimizə dəstəyi və qayğılı münasibəti, xalqımızın ədalətli mübarizəsi naminə hər birimizi informasiya platformalarında mübarizəyə sövq edən vətənpərvər çağırışları xüsusi qeyd olunub.

Azərbaycan həqiqətlərinin, Ermənistanın işğalçılığının, müharibə və insanlıq əleyhinə cinayətlərinin beynəlxalq ictimaiyyətə geniş çatdırılmasına Ədliyyə Nazirliyinin də fəal qoşulduğu qeyd olunub.

Eyni zamanda dövlət başçısının tapşırıqlarının operativ və mütəşəkkil icrası məqsədilə ədliyyə nazirinin rəhbərliyi ilə Qərargah yaradılıb.

Tədbirdə xalqımıza tarixi zəfər günləri yaşatdığına və ədliyyə sisteminin inkişafına xüsusi qayğıya görə ədliyyə işçiləri adından ölkə Prezidenti İlham Əliyevə müraciət qəbul edilib. Bildirilib ki, böyük inam və ruh yüksəkliyi ilə ölkə Prezidentinin ətrafında sıx birləşən ədliyyə işçiləri demokratik hüquqi dövlət quruculuğu, azad olmuş torpaqlarımızın bərpası naminə üzərlərinə düşən vəzifələri şərəflə yerinə yetirmək əzmindədirlər.

Mənbə: www.realtv.az