Xarici media Qarabağdan yazır

Xarici media Qarabağdan yazır

Dünyanın nüfuzlu media orqanları Azərbaycanın öz ərazilərini erməni işğalından azad etməsindən sonra yaranmış vəziyyəti, regionda gedən prosesləri gündəmdə saxlayır.

Perunun nüfuzlu “El Comercio” qəzetində ölkəmizin bu ölkədəki səfiri Məmməd Talıbovun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və atəşkəs bəyanatı haqda müsahibəsi dərc edilib.

Münaqişənin tarixi barədə məlumat verən səfir, Azərbaycanın Qarabağ və ətraf rayonları olmaqla beynəlxalq qay­dada tanınmış ərazilərinin beşdə birinin 30 ilə yaxındır ki, Ermənistan tərəfindən işğalda saxlanmışdır. Ermənistan bu ərazilərdə etnik təmizləmə apararaq 1 milyon azərbaycanlını öz doğma ocağın­dan qovmuşdur.

Səfir bidirib ki, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş və Ermənistanın işğal etdiyi ərazilərdən dərhal və qeyd-şərtsiz çıxmasını tələb edən qətnamələrin bu günə kimi ka­ğız üzərində qalmışdı. Minsk qrupu çərçivəsində aparılan danışıqlar da heç bir nəticə verməmişdi.

Məmməd Talıbov vurğulayıb ki, son illər bu ölkənin Azərbaycana qarşı təxribat əməlləri də artmışdır, bu il 27 sentyabr tarixindən etibarən isə Ermənistan silahlı qüvvələri dinc əhaliyə qarşı genişmiqyaslı hücumlar həyata keçirməyə başlamış və bu hücumlar mülki əhali arasında çoxsay­lı itkilərə səbəb olmuşdur.

Müsahibədə qeyd edilir ki, Azərbaycan Ordusu özünümüdafiə hüququ çərçivəsində mülki əhalinin təhlükəsizliyini təmin etmək, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına nail olmaq və ölkəmizin ərazi bü­tövlüyünü bərpa etmək üçün əks-hücum əməliyyatları keçirmiş və ərazilərini işğal­dan qurtarmışdır.

Səfir işğalçı ölkənin Qarabağda törətdiyi talanlarla bağlı Azərbaycanın beynəlxalq məhkəmə instansiyalarına müraciət edəcəyini söyləyib.

Türkiyənin “Yeni Şəfəq” qəzetinin ingilis dilli versiyasında “Paşinyan nəyi səhv etdi?” sərlövhəli məqalə dərc edilib. Məqalənin müəllifi, tanınmış jurnalist Məhmət Şəkər Ermənistanın işğalçılıq siyasəti və törətdiyi hərbi təxribatlar nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi 44 günlük əks-hücum əməliyyatlarının yaratdığı böyük Qələbəni ətraflı təhlil edib.

O, Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır!” tarixi ifadəsinin siyasi qətiyyətə söykəndiyini təkzibedilməz faktlarla əsaslandırıb.

Məqalədə, həmçinin Ermənistanın işğalçılıq siyasətini həyata keçirdiyi illərdə törətdiyi vəhşiliklərdən və son döyüşlərdə atəşkəsi namərdcəsinə poz­masından bəhs edilir. Müəllif həmçinin Azərbaycanın Kəlbəcər və Laçında qeyri-qanuni məskunlaşdırılmış ermənilərin əraziləri tərk etməsi üçün vaxt verməsini, humanistlik göstərməsini xüsusi qeyd edir. Bildirlir ki, Ermənistan isə qışın sərt şaxtasında qoca, qadın, uşaq bilmədən azərbaycanlıları öz doğma evlərindən ayaqyalın qovmuşdu.

Məqalədə Azərbaycanın qələbəsinin hərbi-siyasi, mənəvi-psixoloji aspektləri oxuculara təqdim edilir.

Yunan jurnalist Qriqor Tsakitzianın sosial şəbəkədə Qarabağda Ermənistan tərəfdə iki yunan əsilli idmançı qarda­şın döyüşməsi və birinin öldürülməsi ilə bağlı yazdığı status Yunanıstan və Türkiyə mediasında geniş əks-səda do­ğurub. “Milliyyət” qəzeti yunan jurnalistə istinadən xəbər verib ki, hər iki idman­çı Yunanıstanın xüsusi qüvvələrində xidmət keçib. Yunan mənbələr sağ qalan idmançının qardaşının cəsədi ilə Yuna­nıstanın Alexandroupolis şəhərinə (türklər Dədəağac adlandırır) yollandığını yazır.

Diqqətçəkən məqam odur ki, Ermənistanın döyüşlərdə itirdiyi hərbi qul­luqçular və könüllülərin siyahısında ölmüş yunan əsilli idmançının adı yer almayıb. Bu fakt işğalçı ölkənin ikinci Qarabağ savaşında da keçən əsrin 90-cı illərində olduğu kimi, xarici ölkələrdən gətirdikləri muzdlu döyüşçü və könüllüləri cəlb etməsinə növbəti danılmaz sübutdur.

Rusiyanın “Moskovski komsomolets” qəzetində “Erməni könüllüsü Qarabağ müharibəsinin iç üzünü açdı” sərlövhəli məqalə dərc edilib. Məqalədə xaricdən Ermənistan tərəfdə döyüşmək üçün gəlmiş könüllülərdən birinin “LostArmour” forumunda “Andrewbek1974” adı altında dərc etdiyi etirafları yer alıb.

Məqalədə qeyd edilir: “Keçmiş döyüş­çü yazır ki, Moskvadan gəlmiş könüllülərə döyüş geyimi belə, vermirlərmiş, on­lara “özünüzdə olan geyim kifayətdir” deyirlərmiş. Müəllif qeyd edir ki, döyüşçü dəstələrində vahid geyim standartları olmayıb. Zirehli jiletləri belə, döyüşçülər özləri əldə edirmiş. Silahlarla təchizat daha pis vəziyyətdə imiş: “Silahlardan yalnız köhnə “Kalaşnikov” pulemyotları, “Makarov” tapançası və “AK-74” avto­matı verirdilər. Düzdü, sursat sarıdan çatışmazlıq yox idi. Ancaq tapança üçün hərədə cəmi bir daraq olurdu. Köhnə olmasına baxmayaraq, pulemyot çox yaxşı saxlanılmışdı. “AK-74” isə çox pis vəziyyətdə idi. Onu dəyişmək istədik, özümüzə qaytardılar ki, birtəhər işlədin. Yenisini vermək olmazdımı? Axı bölükdə əlavə silahlar var idi”.

Sabiq könüllü döyüşçü bildirir ki, xaricdən gəlmiş könüllülər özbaşına buraxılmışdı. Gürcüstanla Ermənistan arasındakı sərhədi keçdikdən sonra onlar Yerevan ətrafında harasa yerləşdiriliblər və elə orada da onları unudublar. Onları nə təşkilatlandıran olub, nə də məlumatlandıran.

Onun sözlərinə görə, könüllülər hələ birinci müharibə zamanı qazıl­mış köhnə müdafiə istehkamlarında yerləşdiriliblərmiş. Bölüyün rabitə vasitələri isə ümumiyyətlə olmayıb. Olan ratsiyaları Moskvadan könüllülər özləri ilə gətiriblərmiş: “Hərəkət pərakəndəliyi və döyüş təcrübəsinin olmaması xoşagəlməz hadisələrə gətirib çıxarır­dı. Məsələn, sən demə, könüllülərin ilk düşməni donuz sürüsü imiş. Oktyabrın 23-ü gecə ilk fövqəladə hal yaşadıq. Gecə gözətçiləri səhərə yaxın atəş açma­ğa başladılar. Hamımız onlara qoşulduq. Düz 20 dəqiqə durmadan atdıq. Guya məkrli azərbaycanlıların hücumu dəf edil­mişdi. Səhər tezdən isə hadisə yerindən yalnız iki ölü donuz leşini tapdıq”.

Əfsanə BAYRAMQIZI, “Xalq qəzeti”

Mənbə: xalqqazeti.com