Abidələrimizin dağıdılması bəşəri cinayətdir

Abidələrimizin dağıdılması bəşəri cinayətdir

Azərbaycanın işğal altındakı torpaqları 30 ilə yaxın müddət ərzində Ermənistanın işğalı altında qaldığından bu ərazilərdəki mülki əhaliyə məxsus evlər, infrastruktur obyektləri ilə yanaşı, tarixi, mədəni və dini abidələrimiz də daşnaklar tərəfindən vəhşicəsinə dağıdılıb. Hətta bir sıra hallarda dini abidələrimiz təhqirə məruz qalıb. Bu barədə danışan BDU-nun “Sosial iş” kafedrasının müdiri, sosiologiya üzrə fəlsəfə doktoru Üzeyir Şəfiyev dedi:

– Azərbaycan Prezidenti İlham Əliyev də keçirdiyi qəbullar və xarici mediaya verdiyi müsahibələrdə bu barədə dəfələrlə bildirib. Dövlət başçısı bu günlərdə Ağdamın işğaldan azad edilməsi ilə bağlı xalqa müraciətində də bu məsələyə toxunub, Azərbaycanın çox qəddar və vəhşi bir düşməınlə üz-üzə qaldığını bəyan edib. Noyabrın 2-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyevi, Türkiyənin Odalar və Borsalar Birliyinin prezidenti Mustafa Rifatı, Özbəkistanın Ticarət və Sənaye Palatası­nın sədri Adham İkramovu və Qırğızıstanın Ticarət və Sənaye Palatasının prezidenti Marat Şarşekeyevi qəbul edəndə isə Prezi­dent bu məsələ üzərində daha geniş da­yanaraq bildirib ki, işğal edilmiş ərazilərdə vəziyyət acınacaqlıdır: “Bizim bütün tarixi, dini abidələrimiz dağıdılıb, təhqir edilib. Ermənilər Zəngilan rayonunda, işğal edilmiş ərazilərdəki məsciddə donuz saxlayırdılar, bu videogörüntülər internetdə var və bu, bütün müsəlman aləmini hiddətləndirir. Bu, bir daha onu göstərir ki, Ermənistan dövləti bütün müsəlman aləminə nifrətlə yanaşır, əks-təqdirdə belə alçaq hərəkətlər baş verməzdi. Əlbəttə ki, bütün müsəlman dünyası bir daha görür ki, biz hansı vəhşi düşmənlə üz-üzəyik”.

Əbəttə, acınacaqlı haldır ki, döyüş meydanında rəşadətli Azərbaycan Ordusu­nun qarşısında dura bilməyən Ermənistan şəhərlərimizi, kəndlərimizi ağır artilleriya­dan, qadağan olunmuş ballistik raketlərdən, kassetli bombalardan atəşə tutmaqla, cəbhə zonasından uzaqda yaşayan dinc sakinlərin evlərini dağıtmaqla, məscidləri təhqir etməklə təsəlli tapmağa çalışıb. Təsadüfi deyil ki, bu atəşlər nəticəsində 100-dək mülki vətəndaşımız həlak olub, 400-dən çox azərbaycanlı yaralanıb, 3 minədək ev dağıdılıb.

Prezident İlham Əliyev noyabrın 6-da “BBC News”a müsahibəsində də bu barədə danışıb və müxbirdən işğal olun­muş ərazilərdəki Azərbaycan məscidlərinin şəkillərini gördüyünü soruşub. Dövlət başçısı deyib: “Onlar hamısı dağıdılıb. Onlar bizim məscidlərdə donuz saxlayıblar. Azad edil­miş Zəngilandakı məsciddən bu yaxınlarda çəkilmiş videogörüntüdə onların orada donuz saxladıqları göstərilir”.

Dünyada terrorçu dövlət kimi ad çıxar­mış Ermənistanın bu hərəkətləri, təəssüf ki, indiyədək Qərbdə heç kimin tükünü tərpətməyib. Bu məsələyə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) bir neçə dəfə reaksiya verib. Təşkilatın Baş Katibliyi bu günlərdə yaydığı bəyanatda da İslam irsinin ayrılmaz hissəsi olan Dağlıq Qarabağ və ətraf rayonlardakı tarixi abidələrin vəziyyəti ilə əlaqədar dərin narahatlığını ifadə edib.

Bəyanatda bildirilir ki, maddi və mənəvi dəyərlərin, xüsusən Qubadlı rayonunun bu yaxınlarda azad edilmiş Məmər kəndindəki məscidin qəsdən dağıdılması və talan edilməsi, tarixin mənimsənilməsi və saxtalaş­dırılması təcavüz siyasətinin bariz sübutudur. “İşğal olunmuş ərazilərdə əsrlər boyu qalmış dini-mədəni irslərdən sui-istifadə beynəlxalq qanunların və konvensiyaların, o cümlədən “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunmasına dair” 1954-cü il Haaqa Konvensiyasının və 1954, 1999-cu il protokollarının açıq şəkildə pozulmasıdır”.

Onu da qeyd edək ki, İƏT-in Xarici İşlər Nazirləri Şurasının 46-cı iclasında “İslamın müqəddəs yerlərinin qorunması haqqında” 3-46-S saylı qərar qəbul edilib. Qərarda erməni təcavüzkarları tərəfindən Azərbaycandakı İslama aid tarixi və mədəni irsin tamamilə məhv ediləsi ilə bağlı barbar hərəkətlər qəti şəkildə pislənilib.

Təbii ki, ermənilərin viran qoyduqları ərazilərimiz artıq işğaldan azad edilib və dövlət başçımızın dediyi kimi, burada həyat dirçələcək. Daha gözəl evlər, məscidlər tikiləcək. Amma hesab edirəm ki, erməni barbarlarının dağıtdığı dini abidələrimizi hazırkı vəziyyətində açıq havada muzey kimi saxlamaq və gələcəkdə bu ərazilərə gələcək turistlərə göstərmək lazımdır. Qoy onlar da özlərini “qədim xalq”, “mədəni millət” sayan ermənilərin iç üzünü görsünlər və bu vandal­lara nifrət etsinlər.

Söhbəti yazdı: Paşa ƏMİRCANOV,“Xalq qəzeti”

Mənbə: xalqqazeti.com