Makron insan hüquq və azadlıqlarına kobud şəkildə müdaxilə edir - Politoloq

Makron insan hüquq və azadlıqlarına kobud şəkildə müdaxilə edir - Politoloq

“Fransa parlamentinə təqdim edilən “Qlobal təhlükəsizlik haqqında” qanun layihəsinə görə, çiplər vasitəsi ilə məktəblilərin radikal dini qruplara cəlb olunması və valideynlərin bunda rolu izlənəcək”.

Bu sözləri Publika.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Onun sözlərinə görə, dünyaya insan hüquq və azadlıqlarından adətən dərs keçən Fransanın polisi etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edir: “Fransa polisi ən qəddar zorakı metodlara əl ataraq Fransa Konstitusiyasında əksini tapan vətəndaşların sərbəst toplaşmaq azadlıqlarını pozur. Ölümcül addımlara yönələn bu zorakılıq əslində Fransa polisinin qəddarlığının ənənəvi təzahürüdür. Bu cür zorakılıq halları Fransada tez-tez təkrar olunan hadisədir”.

Ş. Həsənova nəzərə çatdırıb ki, paytaxt Paris başda olmaqla ölkənin bir neçə şəhərində keçirilən etirazlarda yüzlərlə gənc saxlanılır: “Heç bir demokratik ölkədə vətəndaşa qarşı bu cür amansız tədbirlər həyata keçirilmir. Bu baxımdan da hər şeydən öncə Fransa hökuməti bu cür radikal mövqeyinə düzgün qiymət verməyi bacarmalıdır. Hər addımında açıq ermənipərəst mövqe tutmaq, Azərbaycan kimi etibarlı və ciddi tərəfdaş ölkəyə qərəzli mövqe sərgiləmək düzgün deyil. Öz ölkəsində etirazçılara qarşı bu cür qəddar münasibət istər demokratiya və insan hüquqları, istərsə də beynəlxalq hüquq və ədalət baxımından düzgün addım deyil”.

Politoloqun fikrincə, Emmanuel Makronun son zamanlar şəxsi ambisiyaları naminə yönələn sərt açıqlamaları, addımları radikal siyasət yürütdüyündən xəbər verir: “Makron bu gün insan hüquq və azadlıqlarına kobud şəkildə müdaxilə edir. Bu cür hərəkətlər Fransa Konstitusiyasına zidd olmaqla yanaşı, eyni zamanda demokratik dəyərlər adlandırdığımız qlobal və universal dəyərlərə də ziddir. İnsan və vətəndaş hüquq, azadlıqlarının məhdudlaşdırılmasıdır. Düşünürəm ki, növbəti seçkilərə qədər Makron öz daxili və xarici siyasətinin prioritet istiqamətlərini düzgün müəyyənləşdirməlidir. Əks halda onun aqibətini təxmin etmək elə də çətin olmayacaq”.

Şamo Emin

Mənbə: publika.az