Ermənilərin çıxdıqları rayonlarımız barədə yaydıqları "dezo"ların əsl hədəfləri -azərbaycanlılar bircə erməniyə təzyiq edibmi...

Ermənilərin çıxdıqları rayonlarımız barədə yaydıqları "dezo"ların əsl hədəfləri -azərbaycanlılar bircə erməniyə təzyiq edibmi...

Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin Qarabağda hərbi əməliyyatları dayandıran üçtərəfli razılaşması noyabrın 10-da imzalandı. Razılaşmaya əsasən, Ermənistan ordusu işğal altındakı Kəlbəcər rayonunu noyabrın 15-nə qədər (sonradan bu müddət 25 noyabra qədər uzadıldı), Ağdam rayonunu 20 noyabra qədər, Laçın rayonunu isə dekabrın 1-nə qədər tərk etməli idi. Bütün dünya Kəlbəcəri tərk edən ermənilərin məskunlaşdıqları evləri, eləcə də məktəbləri, tibb müəssisələrini yandırması, mal-qaranı kəsərək leşlərini geniş ərazilərə yayması, ağacları doğrayaraq ekologiyaya ciddi zərər vurması, bir sözlə, Kəlbəcər boyda bir ərazidə daşı daş üstündə qoymadıqlarının şahididir. Demək olar ki, ermənilərin Kəlbəcərdə törətdikləri vəhşiliklər indi bütün dünyanın gündəmidir və dünya erməniliyin bu əməlindən şok yaşayır. Hətta xarici jurnalistlər Kəlbəcərdə məskunlaşdırılmış 2,5 min erməninin bu əməllərini ifadə etməkdə çətinlik çəkirlər. Ermənilərin bu davranışı ibtidai insan təfəkküründən o yana getmir. Yalnız qəbilələr, insan sürüsü belə barbar addımlara imza atar.

Bunun ardınca ermənilər eyni addımları Ağdamda da təkrarlamağa başladı. Lakin maraqlıdır ki, onlar öz vəhşiliklərini ört-basdır etmək üçün proseslə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayırlar. Onların mediasında qeyd olunur ki, güya Azərbaycan Ordusu razılaşmada nəzərdə tutulmayan yerləri də ələ keçirir, evlərdən çıxan ermənilərə öz əşyalarını götürməyə icazə vermir. Təbiidir ki, bütün bunlar yalandır. Ermənilərin bu cür dezinformasiyanı tirajlamaqda məqsədi nə ola bilər?

“Ərazilərin boşaldılması əldə olunan razılaşmanın bəndlərinə uyğun həyata keçirilir”

Politoloq Rəşad Bayramov “Baki-xəbər”ə açıqlamasında bildirdi ki, bütün bunlar erməni təbliğatının növbəti uydurmasıdır: “Biz müharibə dönəmində ermənilərin necə yalanlar uydurduqlarının şahidi olduq. Onların istefaya gedən generalları belə müharibə zamanı yalan informasiyaları tirajladıqlarını etiraf etdilər. Maraqlıdır ki, bunu müharibə qanunları ilə izah etməyə çalışdılar. Biz bu milləti yaxından tanıdığımız üçün bilirik ki, onların yalan siyasəti yalnız müharibə dönəmini əhatə etmir. Nə varsa saxtalaşdırılır. Özlərinə saxta tarix yazmaqdan tutmuş, başqa xalqların nəyi varsa öz adlarına yazmağa kimi. Uzun illərdir ki, biz bu yalanlarla mübarizə aparırıq. Ermənistanın üzərinə götürdüyü öhdəlikləri necə yerinə yetirdiyi göz qabağındadır. Həmin ərazilərdən xarici jurnalistlərin çəkdiyi süjetlərdən onların vəhşilikləri aydın sezilir. Onlar, faktiki olaraq, işğal edilmiş ərazilərdən çıxarkən bu vəhşilikləri törədirlər. Sanki özlərini həmin yerin əsl sahibləri kimi aparırlar. Azərbaycan hərbçiləri bu prosesə müdaxilə etmirlər. Bilirsiniz ki, bu məsələ ilə Rusiyanın sülhməramlıları məşğul olur. Ərazilərin boşaldılması əldə olunan razılaşmanın bəndlərinə uyğun həyata keçirilir. Yəqin ki, ermənilər belə yalan məlumatları yaymaqla öz vəhşiliklərini pərdələməyə çalışırlar. Eyni zamanda, sazişin müddəalarını pozmağa bəhanə axtarırlar. Ancaq bunların heç bir faydası olmayacaq. Çünki Ermənistanın bu sazişə əməl etməkdən başqa çarəsi yoxdur”.

Müsahibimizin sözlərinə görə, erməni mediası belə yalanları tirajlamaqla özünü daha gülməli vəziyyətə salmış olur.

 

Mənbə: www.baki-xeber.com