Ədliyyə naziri Fikrət Məmmədovun Prezident İlham Əliyevə müraciəti...

Ədliyyə naziri Fikrət Məmmədovun Prezident İlham Əliyevə müraciəti...

“Sizin yenilməz sərkərdə cəsarətiniz...”

Azərbaycan Respublikasının Ədliyyə naziri Fikrət Məmmədov Ədliyyə işçiləri adından Prezident İlham Əliyevə müraciət edib:

“Möhtərəm cənab Prezident.

Ədliyyə işçiləri və hakimlər müasir Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin bəxş etdiyi 22 noyabr - peşə bayramı gününü bu il xalqımızın şanlı Qələbəsi ilə əlamətdar olan bir dövrdə xüsusi sevinc hissi ilə qeyd edirlər.

Müzəffər Ali Baş Komandan kimi xalqımıza yaşatdığınız qalibiyyət sevincləri və hədsiz fəxarət hissinə görə Sizə sonsuz minnətdarlığımızı bildirir, tarixi Qələbəmiz münasibətilə Zati-alilərinizi ürəkdən təbrik edirik.

Sizin qəti iradəniz, müdrik xarici siyasətiniz və diplomatik məharətiniz, xalqımızı yumruq kimi sıx birləşdirməyiniz, qələbəmizin rəmzinə çevrilmiş şüarlarınız, cəsarətli mövqeyiniz və müraciətləriniz hər bir azərbaycanlını düşmənlə mübarizəyə səfərbər etmişdir.

Azərbaycan xalqının inamını özünə qaytaran və tarixi ədaləti bərpa edən bu böyük qələbənin əsasında Sizin 17 ildə ölkəmizin güclü iqtisadiyyatını yaratmağınız, müasir silah və hərbi texnika ilə təchiz olunmuş qüdrətli ordu quruculuğuna yönəlmiş uzaqgörən və məqsədyönlü siyasətiniz, düşünülmüş və prinsipial qərarlarınız dayanır.

Şanlı ordumuzun Zəfər yürüşünü siyasi müstəvidə parlaq qələbəmizlə başa çatdıraraq düşmənin kapitulyasiyasına və işğal altında qalan digər ərazilərimizin bir güllə atmadan, şəhid vermədən qaytarılmasına, imzalanmış birgə bəyanatın şərtlərinə uyğun olaraq artıq noyabr ayının 20-də Ağdam rayonunun azad edilməsinə nail olmağınız Sizin yenilməz sərkərdə cəsarətinizin, milli maraqlarımız naminə dönməz mövqeyinizin və hərbi-siyasi uğurunuzun əyani təzahürüdür.

Tarixi xidmətlərinizlə doğma yurd-yuvalarına qayıdacaqları günü səbirsizliklə gözləyən soydaşlarımızın ümidlərini reallığa çevirməklə, hər kəsdə işğaldan azad olunmuş torpaqlarımızın rəhbərliyinizlə tezliklə dirçəldilərək yenidən orada firavan həyat yaşanacağına qəti əminlik yaratmısınız.

Ən sadiq silahdaşınız, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqımızın ədalətli mübarizəsi naminə hər birimizi informasiya platformalarında mübarizəyə sövq edən vətənpərvər çağırışları, cəbhədə döyüşən igid əsgərlərimizə duaları ilə, yaralılarımıza, həlak olan günahsız dinc insanlarımızın ağrı-acısına şərik olaraq bir ana, bacı kimi doğma və qayğılı münasibəti ilə xalqımıza təsəlli olması xüsusilə qeyd edilməlidir.

Heydər Əliyev dühasının ideyalarını reallaşdıran yenilməz sərkərdə kimi Siz adınızı tariximizə qızıl hərflərlə həkk edərək xalqımızın qəlbində Milli Qəhrəmana çevrilmiş, görkəmli dövlət xadimi olaraq müdrik siyasətinizlə uzun sürən savaşa son qoyaraq sülhü bərqərar etməklə, bəşəriyyətdə sülh naminə mühüm xidmətlər göstərmisiniz.

Ali Baş Komandanlığınızla döyüşlərdə iştirak edən, o cümlədən cəbhəyə könüllü yollanan ədliyyə və məhkəmə işçiləri də Vətən uğrunda şücaət göstərərək canlarını belə əsirgəməmiş, informasiya mübarizəsində Azərbaycan həqiqətlərinin, Ermənistanın işğalçılığının, müharibə və insanlıq əleyhinə cinayətlərinin təfsilatı ilə beynəlxalq ictimaiyyətə çatdırılmasında fəallıq göstərmişlər.

Möhtərəm cənab Prezident, bu gün peşə bayramımızı Böyük Qələbə sevinci ilə qeyd edərkən tarixi Zəfər günlərini bizlərə yaşatdığınıza, Azərbaycan ədliyyəsinin inkişafına göstərdiyiniz yüksək diqqət və qayğıya görə Sizə dərin minnətdarlıq hissi keçiririk.

Sizi qəti əmin edirik ki, ədliyyə işçiləri Vətənimizin çiçəklənməsi və hərtərəfli tərəqqisi naminə Zati-alilərinizin ətrafında sıx birləşərək demokratik hüquqi dövlət quruculuğu, azad olunmuş torpaqlarımızın bərpası naminə üzərlərinə düşən vəzifələri şərəflə yerinə yetirmək əzmindədirlər.

Qoy Vətənimizdə daim sülh, firavanlıq və təhlükəsizlik hökm sürsün! Eşq olsun Müzəffər Ali Baş Komandana! Qarabağ Azərbaycandır!”

Baki-xeber.com

Mənbə: www.baki-xeber.com