Bütün gözlər Fransaya dikilib - Erməni nağılları davam edir - MÜSAHİBƏ

Bütün gözlər Fransaya dikilib - Erməni nağılları davam edir - MÜSAHİBƏ

Bu gün Paris vaxtı ilə 16:30-da, Bakı vaxtilə isə 19:30-da Fransa Senatında Dağlıq Qarabağın “müstəqilliyi” müzakirə ediləcək. Senat başçısı Gerard Larçerin təklifi ilə qətnamənin qəbulu məsələsi 25 noyabr tarixində planlaşdırılan iclasın gündəliyinə daxil edilib.

KONKRET.az xəbər verir ki,“Sputnik Armenia” bununla bağlı sabiq xarici İşlər naziri Edvard Nalbandyandan müsahibə alıb. Məsələnin aktuallığını nəzərə alıb müsahibənin bir hissəsini təqdim edirik:

– Fransa Senatı Qarabağın müstəqilliyini tanıyan bir qərar qəbul edərsə, bu qərardan sonra hansı hüquqi nəticələr olacaq? Bu qətnamə daha hansı məsələləri qaldırır?, – sualına sabiq nazir belə cavab verib:

– 18 noyabr tarixində Fransa Senatında təqdim olunan qətnamə layihəsi yalnız Dağlıq Qarabağın deyil, Dağlıq Qarabağ Respublikasının tanınması üçün çox vacibdir. Senat başçısı Gerard Larçerin təklifi ilə qətnamənin qəbulu məsələsi artıq iclasın gündəliyinə daxil edilib. Və təsdiqlənmək üçün hər şansı var.

Qətnamə 5 siyasi partiya liderləri tərəfindən hazırlanıb: Respublikaçılar, Sosialistlər, Mərkəzçilər, Kommunistlər və Yaşıllar. Parlamentin Yuxarı Palatasının 348 üzvündən 294-ü bu partiyaların üzvüdür. Bu isə parlamentin aşağı palatasının 85 faizi deməkdir. Səsvermə günü digər senatorların da onlara qoşula biləcəyi ehtimal edilir.

Qərar layihəsində Türkiyənin açıq dəstəyi və cihadçı muzdluların iştirakı ilə Azərbaycanın hərbi təcavüzü ən sərt şəkildə pislənilir. Ayrı-seçkilik və azadlıq və təhlükəsizlik zəmanətlərinin olmaması üzündən Azərbaycanda erməni əhalisi üçün yaşamağın mümkünsüzlüyünə şahid olan beynəlxalq təşkilatların, o cümlədən BMT-nin İrqi Ayrı-seçkiliyin Ləğvi Komitəsinin nəticələrinə istinad edilir. Bu baxımdan 1988-ci ildə Sumqayıtda və Kirovabadda, 1990-cı ildə Bakıda, 1992-ci ildə Marağada ermənilərin qətliamından bəhs olunur. Qərar layihəsi hazırkı Dağlıq Qarabağdakı müharibə zamanı, xüsusilə mülki əhaliyə qarşı törədilmiş müharibə cinayətlərinə xüsusi diqqət çəkir və bu cinayətlərin beynəlxalq araşdırılmasına ehtiyac olduğunu vurğulayır.

– Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınması haqqında qanunun qəbul edilməsi üçün başqa nə edilməlidir?

– Fransa tərəfindən qərarın rəsmi tanınması üçün xüsusi bir qanuna ehtiyac yoxdur. Məsələ ilə əlaqədar bir hökumət qərarı və Xarici İşlər Nazirliyi və ya müvafiq səlahiyyətli rəsmi nümayəndə açıqlama verərək bu qərarın Fransa höküməti tərəfindən dəstəkləndiyini deməsi kifayətdir.

– Sizcə, Fransa hökuməti yaxın gələcəkdə belə bir addım atacaqmı?

– Nəzərə alınmalıdır ki, bu gün Fransanın ictimai rəyində Dağlıq Qarabağın tanınması ilə bağlı praktik olaraq milli bir konsensus mövcuddur. Demək olar ki, bənzər bir qətnamə layihəsi bu ilin 16 oktyabrında Fransa Milli Assambleyasına təqdim edilib. Layihə demək olar ki, Fransanın bütün siyasi palitrasını təmsil edən deputatlar tərəfindən təqdim edilib.

Fransanın müxtəlif idarə və şəhərlərinin yerli rəhbərləri, Fransa hökumətinə “Dağlıq Qarabağ Respublikası”nı tanımaq üçün müraciət edirlər. Sonuncu dəfə 18 noyabrda Paris Bələdiyyə Şurası hökuməti Dağlıq Qarabağı tanımağa çağıran bir qərar qəbul edib. Akademik dairələr, müxtəlif ictimai təşkilatlar, Fransanın 200-dən çox dünya şöhrətli mədəniyyət xadimi oxşar bir müraciət edib.

Redaksiyadan: Fransa Senatının qərarları məsləhət xarakterlidir. Üstəlik Parisin Ermənistandan qabaq Dağlıq Qarabağın “müstəqilliyi”ni tanımaq ehtimalı çox azdır. Bundan əlavə, qeyd edək ki, fransız millət vəkilləri erməniləri ilk dəfə müdafiə etmirlər. 2001-ci ildə Paris türklər tərəfindən guya törədilən “erməni soyqırımı” faktını tanıyıb. 2006-cı ildə Fransa parlamentinin aşağı palatası soyqırımı inkar etməyi cinayət hesab edən bir qanun layihəsini də təsdiqləyib. İnkar edənlər bir il müddətinə azadlıqdan məhrumetmə və 45.000 avro cərimə cəzası ilə cavab verməli idilər. Buna cavab olaraq, Ankara Fransız şirkətlərini Türkiyədə ən böyük iqtisadi layihələrə girişini dayandırmaqla təhdid etdi. Bundan sonra qanun qüvvəyə minmədi: Fransa Konstitusiya Şurası buna qarşı çıxdı. 2012-ci ildə eyni qanunu qəbul etmək üçün yeni bir cəhd də uğursuz oldu. Konstitusiya Məhkəməsinin “söz azadlığının pozulması” olduğunu müəyyənləşdirən yeni qərarı ilə məsələ birdəfəlik qapadıldı.

Surxay Atakişiyev

Mənbə: konkret.az