QHT Bosniya təcrübəsindən yararlandığı layihəni yekunlaşdırdı

QHT Bosniya təcrübəsindən yararlandığı layihəni yekunlaşdırdı

"Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyi "Müharibədən əziyyət çəkmiş insanların reabilitasiyası və reinteqrasiyası üçün Bosniya təcrübəsinin öyrənilməsi və tətbiqi” layihəsinin icrasına başa çatdırıb.

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir. Bu barədə məlumatı ictimai birliyin rəhbəri İradə Poladova verib.

QHT rəhbəri vurğulayıb ki, layihənin əsas məqsədi müharibə şəraitində, habelə müharibənin vurduğu psixoloji zərbələrə məruz qalmış insanların sağlamlığının bərpası, qorunması və reabilitasiyası də daxil olmaqla, insanların sosial iş və sosial-psixoloji uyğunlaşma problemlərinin həllinə Avropa təcrübəsi ilə kömək etmək olub: "Bu sahədə böyük nəticələr əldə etmiş Bosniya təcrübəsini tətbiq etmək üçün əvvəlcə mütəxəssislər seçildi. Onlara bu model izah edildi, tətbiqi formaları barədə məlumat verildi. Bundann sonra hazırlanmış mütəxəssislər "Zoom” konfrans və "skype” vasitəsilə 100-ə yaxın müharibə iştirakçısı, psixoloji zədə almış insanlar, əsirlikdən və girovluqdan qaytarılmış şəxslər və ümumiyyətlə, hazırda işğalçı dövlətin hərbi düşərgələrində olan əsir və itkin düşmüş şəxslərin ailələri ilə iş aparılıb”.

QHT sədri vurğulayıb ki, bu söhbətlər video çarx formasında hazırlanıb və gələcəkdə də əyani vəsait forması kimi istifadə oluna bilər: "Video çarxda həm təcrübənin mahiyyəti açıqlanıb, həm psixoloq və sosial işçilərin iş prinsipləri göstərilib, həm də iştirakçıların həyat hekayələrinə yer verilib”.

İctimai birliyin sədri bildirdi ki, Bosniya təcrübəsi haqda həm çap, həm də elektron vəsait hazırlanıb. Bu vəsaitlərdə qeyd edilən təcrübə geniş şərh edilib, əyani tətbiq metodları göstərilib.

Mənbə: qaynarinfo.az