Əli Əhmədov İCAPP-ın Daimi Komitəsinin 34-cü iclasında iştirak edib FOTOLAR

Noyabrın 25-də Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) Daimi Komitəsinin videokonfrans formatında 34-cü iclası keçirilib. SİA-nın verdiyi məlumata görə, iclasın açılışında çıxış edən İCAPP-ın həmsədri Xose de Venesia bu il təşkilatın yaranmasının 20 ilinin tamam olduğunu bildirib. O qeyd edib ki, 20 il əvvəl 40 siyasi partiyanın iştirakı ilə yaranan təşkilatda bu gün 50-dən çox ölkədən 300-dən artıq siyasi partiya birləşib. “Biz müxtəlif ideologiyaları özündə ehtiva edən iqtidar və müxalifət partiyalarını bu təşkilatda birləşdirməyə nail olmuşuq. Təşkilatımızın amalı regionumuzda, o cümlədən dünyada sülh, sabitlik və təhlükəsizliyin təmin olunmasına xidmət etməkdir”,-deyə, İCAPP-ın həmsədri vurğulayıb.

Xose De Venesia qeyd edib ki, hazırda bütün dünya COVİD-19 pandemiyası ilə mübarizə aparır: “İndiyə qədər dünyada 60 milyondan çox insan bu virusa yoluxub, 1.4 milyondan artıq isə dünyasını dəyişib. Koronavirus pandemiyası dünyada sərhəd tanımayan bir təhdiddir. Biz İCAPP olaraq pandemiyaya qarşı mübarizədə həmrəyliyimizi nümayiş etdirməliyik”.

Daha sonra İCAPP-ın yeni baş katibi, Cənubi Koreyanın “Minjo” Partiyasının nümayəndəsi Ço Jeong-si iclasın gündəliyi haqqında məlumat verib. Gündəlikdə, COVİD-19 pandemiyası ilə mübarizədə siyasi partiyaların rolu, təşkilatın növbəti tədbirlərinin keçirilməsi və s. məsələlər müzakirə olunub.

Çıxış edən Tailandın nümayəndəsi Naminə Tavesin koronavirusla mübarizədə Çin Xalq Respublikasının təcrübəsinə diqqət çəkib. O qeyd edib ki, virusla mübarizədə bu ölkənin təcrübəsindən geniş istifadə olunmalıdır.

Pakistanın nümayəndəsi Müşahid Hüseyn Sayed isə pandemiyanın yaratdığı çətinliklərdən danışıb. O həmçinin qeyd edib ki, virusa qarşı peyvəndin hazırlanması işi təqdirəlayiqdir. Bu, virusla mübarizənin effektiv olacağına ümid verir. Pakistan nümayəndəsi həmçinin Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli baxımından əldə olunan nəticələri də bu ilin vacib hadisələrindən biri kimi dəyərləndirib.

Müzakirələrdə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini - İcra katibi Əli Əhmədov tədbir iştirakçılarını salamlayaraq gündəlikdəki məsələlərə öz münasibətini bildirib. Əli Əhmədov qeyd edib ki, bu gün dünyada insanlar pandemiyadan ciddi şəkildə əziyyət çəkir, pandemiya insan sağlamlığına zərər vurmaqla yanaşı, ölkələrin iqtisadiyyatına və sosial həyatına da mənfi təsir edir. Onun sözlərinə görə, dünyanın ən qlobal probleminə çevrilən COVİD-19-la yalnız qlobal səviyyədə mübarizə aparıldıqda ciddi şəkildə müsbət nəticələrin əldə olunması mümkün ola bilər.

YAP Sədrinin müavini çıxışında yaxın zamanlarda hazırlanacağı gözlənilən peyvəndlərə bütün insanların əlçatanlığına diqqəti yönəldib: “Məlumdur ki, dünyada 1.2 milyard insan yoxsulluq həddində yaşayır. Koronavirusa qarşı peyvəndin qiyməti isə 30-50 dollar civarında qiymətləndirilir. Ona görə də, yoxsul insanların özlərinin hesabına bu qiymətə peyvəndə əlçatanlığı problemlidir. Həmin insanların peyvəndə əlçatanlığını təmin etmək üçün 30-40 milyard dollar civarında vəsaitə ehtiyac var. Ona görə də, beynəlxalq səviyyədə bu peyvəndin çatdırılması ilə əlaqədar layihə hazırlanmasa, ehtiyacı olanların onu əldə etməsi çətin olacaq. Hesab edirəm ki, yoxsul əhalinin əhəmiyyətli bir hissəsinin Asiya regionunda olduğu nəzərə alınaraq İCAPP COVİD-19 pandemiyası qarşı mübarizə ilə əlaqədar bu məsələdə təşəbbüslər irəli sürə bilər”.

Əli Əhmədov çıxışında həmçinin beynəlxalq hüququn dünyada tətbiqi məsələsinə də toxunub. O qeyd edib ki, 30 ilə yaxın Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olunmuşdu: “Biz 30 il münaqişənin dinc yolla həlli olunması üçün beynəlxalq hüququn təsirli olacağına inandıq və buna görə də gözlədik. Amma bu baş vermədi. İşğala əsaslanan status-kvonun saxlanması üçün Ermənistanın dəfələrlə törətdiyi təxribatlardan sonra Azərbaycan beynəlxalq hüquqa əsasən öz ərazi bütövlüyünü bərpa etmək üçün hərbi əməliyyatlara başladı. Bunun nəticəsində 44 gün ərzində torpaqlarımız işğaldan azad edildi. Bu, ədalətin bərpası deməkdir. Hesab edirəm ki, İCAPP beynəlxalq hüququn prinsiplərinin daha ciddi və sistemli çəkildə tətbiq olunmasının vacibliyi ilə bağlı təşəbbüsü dəstəkləmək istiqamətində addımlar ata bilər. Bu baxımdan, mən Bakıda Yeni Azərbaycan Partiyasının ev sahibliyi ilə gələn ilin bu zamanlarında “Sülh və əməkdaşlıq naminə dialoq: siyasi partiyaların rolu” mövzusunda beynəxlaq konfransın keçirilməsini təklif edirəm. İCAPP bu tədbirin keçirilməsində yaxından iştirak edə bilər”.

Tədbirdə həmçinin, Livanın nümayəndəsi Fadi Favaz, Nepalın nümayəndəsi Suzata Korola, Kambocanın nümayəndəsi Kuon Sudari, Hindistanın nümayəndəsi Vicay Colmi və başqaları çıxış edərək müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildiriblər.

Sonda iclasın gündəliyində olan məsələlərlə əlaqədar müvafiq qərarlar qəbul olunub.

Sia.az

ƏVVƏLKİ XƏBƏR

Xanəndə yol üstədir

SONRAKI XƏBƏR

Azərbaycanda zəlzələ oldu