Məlumdur ki, 27 sentyabr Ermənistan ordusu Azərbaycanın cəbhə boyu bölgələrində təxribat törədib.
Həmin təxribata cavab olaraq Azərbaycan Silahlı Qüvvələri əks-həmlə əməliyyatları başlayıb. 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu böyük üstünlük əldə edərək qalib olub.
Döyüşlərdə qalib olan Azərbaycan Ordusu düşməni ağır məğlubiyyətə uğradıb.
Belə ki, düşmənin çoxlu sayıda canlı qüvvəsi, döyüş avadanlıqları məhv edilib, bir qismi isə hərbi qənimət kimi ələ keçirilib. 44 gün davam edən döyüşlərdə fərqlənənlər üçün yeni orden və medallar təsis edilib. Fərqlənənlər arasında arxa cəbhədə fəaliyyət göstərənlər də var.
Maraqlıdır, 44 günlük Vətən müharibəsi zamanı arxa cəbhədə ən çox kimlər fərqlənib?
Mövzu ilə bağlı Cebhe.info-ya danışan professor Qulu Məhərrəmli bildirib ki, ilk növbədə hərbi sənaye kompleksində çalışanlar orden və medallarla mükafatlandırılmalıdır:
“Bunlar arxa cəbhə kimi təminatla məşğuldurlar. İkinci növbədə isə bütün Azərbaycan xalqı həkimlər, təbii ki, jurnalistlər də bura aid edilə bilər. İstehsalçılar da arxa cəbhədə fərqləniblər. Bir sözlə, ordunun təmin olunmasında iştirak edən hər kəs arxa cəbhə hesab olunur və onun nümayəndələrinin təltif olunması hesab edirəm ki, kifayətdir”.
Ağ Partiyanın sədri Tural Abbaslı isə bildirib ki, arxa cəbhədəki fəaliyyətlərə görə müəyyən şəxlərə ordenlərin verilməsinin özü də müsbət haldır:
“Hər zaman qeyd etmişik ki, müharibə iki cəbhədə gedir, ön və arxa cəbhədə. Təbii ki, arxa cəbhə sağlam, möhkəm olmasa, ön cəbhədəkilər də döyüşdən qalib çıxa bilməz. Yəni bu proseslər biri digərindən asılıdır. Orden və medalların yaradılmasını müsbət qiymətləndirirəm. Təbii ki, arxa cəbhədə kifayət qədər fədakarlıq göstərən şəxslər, qurumlar, təşkilatlar olub. İlk növbədə mən arxa cəbhə deyiləndə orada vuruşan insanların ailələrini nəzərdə tuturam. Qazilərimizin, şəhidlərimizin ailələrini, həyat yoldaşlarını, valideynlərini, övladlarını nəzərdə tuturam. Çünki onlardan böyük fədakarlıqlar göstərənlər yoxdur.
Onlar ən əzizlərini bu döyüşlərə fəda veriblər və səbrlə onların yollarını gözləyirlər. Düşünürəm ki, bu orden və medallar ilk növbədə şəhidlərimizin, qazilərimizin ailələrinə təqdim edilməlidir. İndi medalların təqdim edilməsi necə seçiləcək onu təltif edən tərəfin düşünməli olduğu məsələdir. Amma hər halda ilk növbədə arxa cəbhənin qəhrəmanları əsgərlərimizin, şəhidlərimizin, qazilərimizin ailələridir. Təbii ki, bu məsələlərdə ictimaiyyətin düzgün yönləndirilməsində, məlumatlandırılmasımda iştirak edən media qurumlarının rəhbərləri, ictimai təşkilatların rəhbərləri də təltif oluna bilərlər. Eyni zamanda siyasi qurumların həmrəylikləri də bu məsələdə çox önəmli rol oynadı. Həmçinin Müdafiə Sənayesi Nazirliyi də arxa cəbhədə mühim rol oynadı. Beynəlxalq arenada, mətbuatda Azərbaycanın doğru, həqiqi mövqeyinin yayılmasın iştirak edən insanlar da mükafatlandırıla bilər. Əslində, bu çox geniş arealdır. Düşünürəm ki, orden və medalları təsis edən tərəfin bununla bağlı hansısa düşüncələri olub və o kriteriyalara uyğun orden və medallar təqdim ediləcək. Əslində, bu prosesdə iştirak edən hər bir Azərbaycan vətəndaşına mükafat düşür”.
Semra Ələkbərli
Mənbə: cebhe.info