"Murov aşırımında İlham və Heydər Əliyevlərin  qoşa heykəlləri ucaldılsın...”

"Murov aşırımında İlham və Heydər Əliyevlərin  qoşa heykəlləri ucaldılsın...”

“Qaçqınlıq, köçkünlük adı üzərimizdən götürüldü və kəlbəcərlilərin də o vüqarlı, şərəfli adı özlərinə qayıtdı...”

“Kəlbəcərin azad olunması xəbərini eşitdiyim ilk anlarda öncə mənə elə gəldi ki, dünyaya yenidən doğulduq, göbəyimizi yenicə kəsdilər, qaçqınlıq, köçkünlük adı üzərimizdən götürüldü və sanki bizə yenidən ad qoydular. İşğaldan azad olunan digər bölgələrimizin sakinləri kimi kəlbəcərlilərin də o vüqarlı, şərəfli, qürurlu adı özlərinə qayıtdı. Bütün Azərbaycan xalqının qüruru, şərəfi özünə qayıtdı...”

Bu duyğusal fikirləri Kəlbəcərin azad olunması ilə bağlı Moderator.az-a açıqlama verən vaxtilə Kəlbəcərdə kənd təsərrüfatı idarəsinin rəisi, “aqroprom”un sədri işləmiş, Bakıda “Azərsu” Səhmdar Cəmiyyətində məsul vəzifədə, Prezident seçkilərində eks-prezident Heydər Əliyevin Qarabağ regionu üzrə səlahiyyətli nümayəndəsi kimi çalışmış, eyni zamanda şair-publisist kimi tanınan Vəliyəddin İsmayılov söyləyib.

“Xəyalıma o zirvələrdə, yaylaqlarda, yaşıl çəmənlərdə, gül-çiçəklər arasında yürüyən balaca Vəliyəddin gəldi. Anamın laylası qulağıma gəldi, onun bizi şirin-şirin yatızdırdığı beşik gözümün önündə canlandı. Bir daha Kəlbəcərsiz ötən son 27 il 7 aylıq, ruhi-mənəvi baxımdam məşəqqətli, əzablı dövr gözlərim qarşısından keçdi. Və rəhmətlik Şücaətin şeiri yadıma düşdü:

Sücaət, neyləyək, baxt belə baxtdı,

Darıxma, hər şeyi həll edən vaxtdı.

Bir gün gülə-gülə qayıdacaqdı,

Ağlaya-ağlaya köçən Kəlbəcər...

Və şükür etdim ki, Kəlbəcərin gülə-gülə özünə döndüyü günlərini yaşamaq bizlərə də qismət oldu...” – deyə doğma yurdunun azadlığından doğan sevinc duyğularını kövrəkcəsinə ifadə edən 77 yaşlı ağsaqqal ziyalı bu qələbənin qazanılmasında xidmət göstərən, zəhmət çəkənlər haqqında da ürək sözlərini deməyi unutmayıb.

 

“Bir daha Ali Baş Komandana, ordu rəhbərliyinə, son 44 günlük Vətən müharibəsinə qatılmış hər bir hərbçimizə təşəkkür edir, şəhidlərimizin qarşısında baş əyir, yaralılara şəfa diləyirəm. Ali Baş Komandan, Prezident İlham Əliyevin mahir xarici, diplomatik siyasəti sayəsində Azərbaycan xalqı qarşısında mislli görünməmiş bir zəfər, səadət yolu açıldı. Azərbaycan Prezidenti o dəmir yumruğunu sıxmaqla 30 il torpaqlarımızda kök atmış məkrli, hiyləgər düşməni cəmi 1 ay yarımda susdurdu. Bu, adi bir yumruq deyil, həmin yumruğun arxasında xalqımızın sarsılmaz birliyi, ordumuzun gücü, Ulu Öndər Heydər Əliyevin amal və ideyaları, tövsiyə, nəsihət və vəsiyyətləri dayanır. Eyni zamanda həmin yumruğun arxasında İlham Əliyev kimi bir Azərbaycan oğlunun cəsur ürəyi var. Şuşanı, Kəlbəcəri və digər bölgələrimizi qısa müddətdə işğaldan azad etməklə İlham Əliyev tariximizə adını qızıl hərflərlə XXI əsrin böyük türk, müsəlman sərkərdəsi kimi yazdırdı. Bu ad ona anasının südü kimi halaldır... Və təklif edərdim ki, tezliklə Kəlbəcərin Murov aşırımında Ali Baş Komandan İlham Əliyev və Ulu Öndər Heydər Əliyevin qoşa heykəlləri ucaldılsın...Çünki onlar bu xalqın, Azərbaycanın qızıl tarixini yazdılar...” -deyə kəlbəcərli şair-publisist vurğulayıb.

Sultan Laçın

Mənbə: moderator.az