Tramp "Rusiya casusu"nu əfv edəcək - Maykl Filinin azadlığa çıxacağı gözlənilir

ABŞ Prezidenti Donald Tramp keçmiş milli təhlükəsizlik müşaviri Maykl Flini əfv etməyi nəzərdən keçirir. O, 2017-ci ildə FTB-yə rusiyalılarla əlaqələri haqda yalan danışdığını boynuna almışdı. Xəbəri ABŞ mediası yayıb.

Tramp köməkçilərinə deyib ki, prezidentliyinin son günlərində verəcəyi əfvlərə Flini də salmağı planlaşdırır. “Axios” və “The New York Times” noyabrın 24-də adlarını çəkmədikləri mənbələrə istinadla bu haqda yazıblar.

Flinin 2016-cı ilin dekabrında Vaşinqtonda Rusiya səfiri ilə gizli danışıqları Moskvanın həmin il prezident seçkisinə müdaxiləsi ilə bağlı istintaqın əsasını təşkil edirdi. Trampın seçki qərargahı ilə Rusiya hökuməti arasında hər hansı koordinasiya araşdırılırdı.

Tramp 2017-ci ilin fevralında Flini vəzifəsindən kənarlaşdırdı. Ancaq prezident sözügedən istintaqı əcinnə ovu adlandırıb, Flinin yaxşı adam olduğunu deyib.

İstefada olan ordu generalı, Müdafiə Kəşfiyyatı Agentliyinin keçmiş rəhbəri Flin FTB-yə yalan danışdığını iki dəfə etiraf edib. Söhbət onun 2016-cı ilin sonu və 2017-ci ilin əvvəlində prezidentlikdə keçid zamanı Rusiyanın ABŞ-dakı səfirilə təmaslarından gedirdi.

Ancaq o, sonradan etirafını geri götürməyə cəhd edib, prokurorların onun hüquqlarını pozduğunu, aldadaraq belə bir razılaşma əldə etdiklərini deyib.Ədliyyə Departamenti mayda gözlənilmədən Flinə qarşı cinayət işini ləğv edib, onun FTB-yə yalan söyləməsi iddialarının əhəmiyyətli olmadığını bildirib. Flinin işinə baxmış federal hakim isə məsələnin yenidən məhkəmə baxışından keçirilməsini tələb edib. Trampın əfvi bu işin məhkəmələrdən yığışdırılması deməkdir.

İyulun 10-da isə Tramp keçmiş müşaviri Roker Stounun cəzasını yumşaldıb. O, üç il dörd ay həbs cəzası çəkməliydi, Konqresə yalan danışmaqda, şahidlərin işini, Nümayəndələr Palatasının istintaqını əngəlləməkdə təqsirli bilinmişdi. Palata da Trampın seçki qərargahının 2016-cı il seçkisini qazanmaqdan ötrü Rusiyayla əlbirliyə gedib-getmədiyini araşdırırdı. Ancaq prezident onun cəzasını sadəcə yumşaldıb, yəni tam əfv etməyib.

Xüsusi prokuror Trampın seçki qərargahı ilə Rusiya arasında çoxsaylı təmasların olduğunu aşkarlasa da, kriminal əlbirliyə yetərincə dəlil tapmadığını bildirdi.

Bu il noyabrın 3-də prezident seçkisini Demokrat Partiyasından Co Bayden udub. Artıq Birləşmiş Ştatlarda prezidentlikdə keçid prosesi başladılıb. (azadliq.org)

Azpolitika.info

ƏVVƏLKİ XƏBƏR

Hüquq müdafiəçisi polisə aparıldı - Ermənistanda

SONRAKI XƏBƏR

Aqasi Yenkoyan: “Nikol nəyin başındadır?” İTTİHAM