Paşinyan: “Hakimiyyət dəyişikliyi çağırışlarını erməni xalqı dəstəkləmir”

Paşinyan: “Hakimiyyət dəyişikliyi çağırışlarını erməni xalqı dəstəkləmir”

Ermənistanın baş naziri Nikol Paşinyan, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Qarabağda hərbi əməliyyatların dayandırılması və Ermənistan qoşunlarının Azərbaycan ərazilərini tərk etməsi barədə razılaşmasından sonra müxalifətin ölkədə hakimiyyət dəyişikliyi çağırışlarını Ermənistan xalqının dəstəkləmədiyini söyləyib.

Baş nazir TASS açıqlamasında, eyni zamanda Ermənistanda daxili siyasi gərginliyin olduğunu etiraf edib. Paşinyan, mövcud vəziyyətin onu qane etmədiyini, bununla yanaşı, özü və başqaları üçün başqa bir seçim olmadığını başa düşdüyünü də qeyd edib.

“Düzü, mən o qədər də xoşbəxt deyiləm, hamımız yaşadığımız vəziyyətdən narazıyıq. Ancaq hansı alternativlərimiz olduğunu anlamalıyıq. Vəziyyəti daha da pisləşdirmək üçün deyil, sabitləşdirmək və yaxşılaşdırmaq üçün çalışmalıyıq”- o deyib.

Baş nazirin fikrincə, erməni cəmiyyəti, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Qarabağdakı münaqişəyə son qoyma şərtləri ilə bağlı ortaq bəyanatın qəbul edildiyi anda başqa alternativin olmadığını qəbul edir: “Fikrimcə, Ermənistan cəmiyyətində imzalanmış sənədin anlaşılması belədir. Başqa bir sual budur ki, hər şeyin niyə baş verdiyini və niyə belə bir vəziyyətə gəldiyimizi hələ də təhlil etməli, anlamalı və sualları cavablandırmalıyıq”.

Müxalifətin tələb etdiyi erkən parlament seçkilərinin mümkünlüyündən danışan Paşinyan diqqəti qarşıdakı 6 ayda xüsusi diqqət tələb edən digər tapşırıqların vacibliyinə yönəldib. Bunlar arasında Ermənistanda siyasi və iqtisadi sabitliyin və təhlükəsizliyin bərpası da var: “Yalnız daxili təhlükəsizlik deyil, həm də xarici təhlükəsizlik vacibdir. Altı aylıq bir yol xəritəsi hazırladım və növbəti 6 ay ərzində vəziyyəti sabitləşdirmək üçün çalışmalıyıq. Bundan sonra cəmiyyətimiz, xalqımız, siyasi qüvvələrimizlə məsləhətləşib gələcək hadisələr və gələcək addımlar barədə qərar verəcəyik”.

Mənbə: sia.az