Prezident və birinci xanım Ağdamda “sıravi adamların evinə ayaqqabı ilə soxulanlara ədəb-ərkan nümunəsi” göstərdi...

Prezident və birinci xanım Ağdamda “sıravi adamların evinə ayaqqabı ilə soxulanlara ədəb-ərkan nümunəsi” göstərdi...

Qiymət Məhərrəmli: “Cənab Prezidentin və birinci xanımın Ağdam Cümə məscidinə ayaqqabısız daxil olması həm bir sadəlik, həm də ədəb-ərkan nümunəsidir”

Məlum olduğu kimi, noyabrın 23-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Ağdam şəhərinə səfər çərçivəsində Ağdam Cümə məscidini ziyarət ediblər. Prezidentin və birinci xanımın Ağdam Cümə məscidinə daxil olarkən ayaqqabılarını çıxarması, müqəddəs dini ocağımızı ayaqyalın, ayaqqabısız ziyarət etməsi həqiqətən də bir sadəlik nümunəsidir və milli-mənəvi dəyərlərimizə ehtiramın əlamətidir.

Amma təəssüflər olsun, bəzi komitə sədrləri, millət vəkilləri şəhid və aztəminatlı ailələrə baş çəkməyə gedərkən ayaqqabılarını çıxarmağı ağıllarına gətirmirlər, xalça-palazın üstündə ayaqqabılı gəzirlər. Dəfələrlə həmin komitə sədrləri və deputatların bu davranışları, ədəb-ərkansız hərəkətləri sosial şəbəkələrdə, mətbuat orqanlarında ciddi tənqid edilib.

“Kimliyindən, tutduğu vəzifədən asılı olmayaraq, hər bir insan milli-mənəvi dəyərlərimizdən irəli gələn davranış qaydalarına əməl etməlidir”

Filologiya üzrə fəlsəfə doktoru Qiymət Məhərrəmli bizimlə söhbətində bildirdi ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bütün davranışları həm məmurlar, həm deputatlar, həm də sadə vətəndaşlarımız üçün bir ədəb-ərkan, sadəlik nümunəsidir: “Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın bütün davranış və hərəkətləri tamamilə milli dəyərlərimizə, adət-ənənələrimizə xasdır, uyğundur. Ölkə başçısı da, birinci xanım da hər zaman öz davranışlarında milli-mənəvi dəyərlərimizi əsas götürürlər. Mübaliğəsiz deyə bilərəm ki, cənab Prezidentin və birinci xanımın Ağdam Cümə məscidinə ayaqqabısız daxil olması həm bir sadəlik, həm də ədəb-ərkan nümunəsidir ki, bu da hər kəs, xüsusən də kasıb-kusubun, şəhidlərin evinə ayaqqabı ilə daxil olan bəzi millət vəkilləri, məmurlar üçün bir tərbiyə nümunəsdir.

Dəfələrlə şahidi olmuşuq, hansısa bir deputat şəhid ailəsinə baş çəkməyə gedir, baxırsan ki, ev sahiblərinin, ailə üzvlərinin hamısının ayağında ayaqqabı yoxdur, ev başmağı geyiblər, ancaq deputat ayaqqabılıdır. Bu böyük tərbiyəsizlikdir, ədəbdən, milli davranış qaydalarından uzaq bir hərəkətdir. Prezidentin və birinci xanımın davranışları da onu göstərir ki, kimliyindən, tutduğu vəzifədən asılı olmayaraq, hər bir insan milli-mənəvi dəyərlərimizdən irəli gələn davranış qaydalarına əməl etməlidir, necə ki, biz bunu ölkəmizin birinci şəxsinin və onun xanımının, silahdaşının davranışlarında görürük. Cənab Prezident və birinci xanımın sərgilədiyi, göstərdiyi ədəb-ərkan nümunəsindən bəzi deputatların örnək götürməsi çox vacibdir. Ölkənin birinci şəxsləri milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, ulularımızdan miras qalan bütün qaydaları qoruduğu, tətbiq etdiyi halda, bəzi məmurlar, deputatlar əksini edirlər. Fikrimcə, bundan dərs götürənlər çox olmalıdır, olacaq da” - deyə Q.Məhərrəmli bildirdi.

İradə SARIYEVA

Mənbə: www.baki-xeber.com