Qələbəmizi bu mühüm amillər şərtləndirib - Deputat AÇIQLADI

Qələbəmizi bu mühüm amillər şərtləndirib - Deputat AÇIQLADI

“Müzəffər Ali Baş Komandan müharibənin aktiv fazasının qısa müddətdir bitməsinə baxmayaraq, Ağdama səfər etdi. Səfər zamanı cənab Prezident üçrəngli bayrağımızı orada qaldırdı. Bu, hər bir azərbaycanlının qürur mənbəyinə çevrilib. Cənab Prezident çıxışında çox önəmli məsələlərə də toxundu. Qeyd etdi ki, Azərbaycan üçün bu qələbənin əldə olunması heç də asan başa gəlməyib. Qələbənin əldə olunması üçün uzun müddət müəyyən işlər aparılıb”.

Bu fikirləri Publika.az-a açıqlamasında millət vəkili Cavid Osmanov deyib.

O bildirib ki, əldə olunan qələbənin kökündə güclü iqtisadi potensialımız, müstəqil siyasətimiz, güclü ordumuz və Prezident İlham Əliyevin qətiyyəti, əzmi və iradəsi dayanır: “Beynəlxalq aləmdə cənab Prezidentin apardığı uğurlu siyasətin nəticəsi və 17 il ərzində Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması qələbəmizi şərtləndirən amillər olub. Son 17 ildə Azərbaycanın diplomatik uğurlarını xüsusi qeyd etmək lazımdır. Ölkə başçısı Ağdama səfəri zamanı bu məsələyə xüsusi toxundu və qeyd etdi ki, dövlətimiz bu günə qədər dünyanın nüfuzlu təşkilatları ilə ikitərəfli münasibətlər qurub və Azərbaycan həqiqətlərini, Ermənistanın 30 ilə yaxındır apardığı işğalçı siyasəti hər zaman vurğulayıb. O cümlədən, beynəlxalq səfərlərdə, ölkəmizə gələn xarici qonaqlara, qlobal tədbirlərdə hər zaman dövlət başçısı bu məsələni qeyd edib və bildirib ki, Ermənistan işğalçı, separatçı siyasət yürüdür, Azərbaycanın 20 faiz torpaqlarını işğal altında saxlayır. Bununla bərabər, onlar tarixi-mədəni abidələrimizi, məscidlərimizi vandallıq nümayiş etdirərək dağıdıblar”.

C.Osmanovun sözlərinə görə, qələbəmizi həm də informasiya savaşındakı uğurlarımız şərtləndirib: “Prezident İlham Əliyev Azərbaycanın haqq səsinin bütün dünyaya çatdırılması üçün, Xocalı soyqırımı və soydaşlarımıza qarşı ermənilərin apardığı etnik təmizləmə siyasətini dünya informasiya agentliklərinə, nüfuzlu televiziya kanallarına, o cümlədən 44 gün ərzində dünya mediasına verdiyi müsahibələrində də qeyd edib. Azərbaycan Prezidenti 17 il ərzində ordu quruculuğu istiqamətində də çox mühüm addımlar atıb. Ordumuz tamamilə müasir silah-sursat və hərbi avadanlıqlarla təmin olunub, əsgər və zabitlərimizin peşəkarlığının yüksək səviyyəyə qaldırılması, o cümlədən onlarda vətənpərvərlik ruhunun aşılanması da döyüş meydanında öz sözünü demiş oldu. Prezidentin Vətən müharibəsinə hazırlıq dövründə qurduğu düzgün strategiya nəticəsində biz qalib gəldik. Ölkə rəhbəri qeyd etdi ki, düşmən tərəfi bizim Ağdam istiqamətindən hücuma keçəcəyimizi gözləyirdi. Ermənilər ona görə o əraziyə çoxlu silah-sursat daşıyıb 5 mühəndis-istehkam qurğuları yaratmışdı. Onları da keçmək həm çətin idi, həm də çoxlu itki ilə nəticələnə bilərdi. Amma biz tamamilə fərqli strategiya qurduq və düşmən buna hazır deyildi. Ona görə də ermənilərin bu günə qədər formalaşdırdığı “məğlubedilməzlik” mifini darmadağın etdik. Bununla da Ermənistanın hərbi qüvvələri tamamilə darmadağın oldu”.

Deputat vurğulayıb ki, həm də Azərbaycanın müstəqil siyasət yürütməsi uğurumuzu təmin edib: “Bunun da kökündə ölkəmizin iqtisadi baxımdan çox güclü bir dövlətə çevrilməsi dayanır. Əgər bizim iqtisadiyyatımız başqa dövlətlərdən asılı olsaydı, müəyyən təsir dairələri bizə daha çox təzyiq göstərərdilər və haqq işimizi yarımçıq qoymağa çalışardılar. Düşünülmüş strategiya və iqtisadi imkanlarımızın yüksəldilməsi nəticəsində uğurlar əldə etdik. Göstərilən təzyiqlərə sinə gərdik, düşmənin layiqli cavabını verdik. Çünki biz həm iqtisadi, həm də siyasi baxımdan müstəqilik”.

Deputat əlavə edib ki, 30 ilə yaxındır işğal altında olan torpaqlarımızı azad etməklə həm də tarixi-mədəni abidələrimizi əsirlikdən xilas etdik: “Azərbaycanı multikultural ölkə kimi bütün dünyaya nümunə göstərmək olar. Ölkəmizdə bununla bağlı çoxlu sayda tədbirlər keçirilib. Roma papasının Bakıya gəlməsi, Rus Provaslav kilsəsinin rəhbərinin Bakıda olması və hər birinin öz çıxışlarında Azərbaycanın mənəvi dəyərləri, milli azlıqların dinlərinə hörməti, onların ibadət məkanlarının qorunub saxlanılmasını, hər birinin dövlət qayğısı ilə əhatə olunmasını yüksək səviyyədə qiymətləndiriblər. Qərb dairələri indi işğaldan azad edilən ərazilərdəki xristian məbədləri ilə bağlı narahatlıqlarını ifadə edirlər. Təəssüflər olsun ki, 30 ilə yaxındır işğal altında olan torpaqlarımızla bağlı bu dairələr heç bir narahatlıqlarını bildirməyiblər. Baxmayaraq ki, onların özləri də həmsədr ölkə kimi fəaliyyət göstəriblər və o ərazilərdə olublar, dağıdılmış dini abidələrimizi görüblər. Ancaq bir fikir bildirməyiblər. Əksinə, islamofobiyanı öz ölkələrində daha da gücləndirirlər və İslam dinini təhqir edənlərin müdafiəsinə qalxırlar. Bu, onların ikili standartlardan çıxış etməsinin əyani təzahürüdür”.

Akqabay Mıradov

Mənbə: publika.az