Minillik alban kilsələrini erməniləşdirmək istəyirlər

Minillik alban kilsələrini erməniləşdirmək istəyirlər

Görəsən AMEA-nın Tarix İnstitutunun Tomas de Vaala deməyə sözu yoxdur?

Təxminən 215 il əvvəl, 1805-ci ildə Rusiya və İran arasında başlayan uzunmüddətli müharibənin sonu xanlıqlardan ibarət olan Azərbaycan adlı məmləkətin bu iki dövlət arasında parçalanması ilə nəticələndi. 1828-si ildə bağlanan, yekun sülh müqaviləsi kimi tarixə düşən Türkmənçay sülh müqaviləsinə əsasən indiki Azərbaycan, Ermənistan və Gürcüstanın Borçalı bölgəsi Azərbaycan xanlıqları olaraq Rusiyaya, cənubi Azərbaycan isə İrana birləşdirildi. Həmin dövrdə indiki Ermənistan ərazisində yaşayan əhali arasında erməni etnosuna aid hər hansı bir qrup qeydə alınmayıb. Rusiya mənbələrinə görə həmin dövrdə indiki Ermənistan ərazisində yaşayan əhalinin 90 faizindən çoxu türk müsəlmanlardan, yəni azərbaycanlılardan ibarət olub. Yalnız Türkmənçay sülh müqaviləsindən sonra erməni ailələri İrandan, Türkiyədən və digər ölkələrdən İravan və Qarabağ xanlıqlarının dağlıq bölgəsinə köçrülməyə başlayıb. Daha sonra çar Rusiyası və SSRİ müxtəlif vasitələrlə sözügedən bölgələrdə erməni əhalisinin xüsusi çəkisinin artırılmasına səylər göstərib və buna nail ola bilib. 1918-ci ildə - Rusiyanın birbaşa müdaxiləsi ilə Ermənistan dövləti qurulanda paytaxt İravanda ( o vaxtdan bu şəhəri Yerevan adlandırmağa başlayıblar) əhalinin 75 faizi azərbaycanlılardan, 10 faizi ermənilərdən, qalan 15 faizi isə digər xalqlardan ibarət idi. Ətraf rayonlarda isə əhalinin tərkibində azərbaycanlıların xüsusi çəkisi daha çox olub. Qarabağın dağlıq bölgəsində də tarix təxminən eyni sssenari uzrə inkişaf edib. Artıq 1990-cı ildə Ermənistan əhalisinin 99 faizi, Dağlıq Qarabağın əhalisinin isə 60 faizi ermənilərdən ibarət olub. Bu, Rusiyanın məqsədyönlü "ayı xidməti" sayəsində əldə edilən nəticədir. Yəni ermənilərin Qafqazda məskunlaşması 192 il əvvəl başlayan prosesdir və rəsmi mənbələrdə təsdiqlənən tarixi faktdır. Belə olan halda min il yaşı olan kilsələr və monastırlar hansı məntiqlə ermənilərə məxsus ola bilər?

Son yüz il ərzində Azərbaycan alimləri ölkə ərazisindəki Qafqaz Albaniyasına məxsus xristian abidələrinə diqqət etməyib, onlara biganə yanaşıb. Bunun da əsas səbəbi ölkə ərazisində əsrlərlə hakim olan İslam dini olub. İslam dini isə Azərbaycana 7-8-ci əsirlərdə - ərəb istilasından sonra gəlib. Həmin dövrə qədər isə Azərbaycan əhalisinin bir hissəsi atəşpərəst, digər hissəsi isə xristian dininə biət edib. Mərhum akademik Ziya Bunyadov bu barədə köklü araşdırma aparıb, Dağlıq Qarabağda və onun ətrafında olan xristian məbədlərinin Qafqaz Albaniyasına məxsus olduğunu sübut edib. Bu məsələ beynəlxalq elmi birliklər üçün aydındır, Ziya Bunyadov əsərlərində kifayət qədər dəlillərlə məbədlərin kimə məxsus olmasını sübut edib. Son 30 ildə tarixçi Xalidə Məmmədova və digər alimlərimiz də bu barədə tutarlı elmi əsərlər yazıb. Lakin Avropanın mediaya əli çatan bir sıra siyasi möhtəkirləri, o cümlədən də Carnegie Beynəlxalq Sülh Fondunun əməkdaşı Tomas de Vaal heç bir elmi araşdırma ortaya qoymadan öz məqaləsində iddia edir ki, Alban Xudavəng monastırı barədə Ziya Bünyadovun yazdıqları cəfəngdir, monrastır ermənilərə məxsusdur.

Haşiyə: Tomas de Vaal 2008-ci ilin dekabrınadək Müharibə və Sülh Xəbərləri İnstitutunda Qafqaz üzrə redaktor, sonralar isə sülhməramlı QHT olan Barışıq Resurslarında tədqiqatçı olaraq çalışıb. O, "Çeçenistan: Qafqazda fəlakət" kitabının (New York 1998) həmmüəllifi və "Qara bağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında" kitabının (New York 2003) isə müəllifidir. Müəllif, Oksfordda yerləşən Balliol Kollecində Müasir Dillər (Rus və Müasir Yunan dili) fakultəsini Birinci dərəcəli fərqlənmə diplomu ilə bitirib.

2006-cı ildə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yazdığı kitabının rus dilinə tərcümə edilən versiyasını təqdim etmək üçün Rusiyaya gəlmək istəyən müəllifə Rusiya Xarici İşlər Nazirliyi viza verməyib. Səbəb olaraq isə qeyd etib ki, "dövlət təhlükəsizliyini təmin etmək məqsədilə" viza verməmək hüququnu özündə ehtiva edən qanuna istinad ediblər.

Məlumat üçün qeyd edək ki, Vikipediya məlumatlarına görə Xudavəng monastırı Kəlbəcər rayonunun Bağlıpəyə kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsidir. Elmi mənbələrdə monastır Dadivəng və Xutavəng kimi qeyd edilir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən dünya əhəmiyyətli abidə kimi qeydiyyata alınıb. Məbədin memarlıq xüsusiyyətlərini tədqiq edən prof. G. Məmmədova Xudavəng monastırının Azərbaycan Respublikası ərazisindəki ən böyük monastır kompleksi olduğunu qeyd edir.

Xudavəng monastırına dini və dünyəvi xarakter daşıyan ondan çox müxtəlif ölçü və dizayna malik tikililər daxildir. Həmin tikililər müxtəlif tarixi dövrlərdə, müxtəlif şəxslərin sifarişi və himayəsi ilə inşa edilib. Kompleksin ən erkən tikilisi VIII-IX əsrlərə aid edilən Qədim bazilikadır. Həmin tikili Müqəddəs Faddeyin göstərişi ilə xristianlığı təbliğ etmək üçün gələn və Abqar adlı yerli hakim tərəfindən öldürülən Həvari Dadinin məzarı üzərində inşa edilib.

Bununla yanaşı, Kəlbəcər rayonunun Ballıca, Vəngli və digər kəndlərində daha erkən dövrlərə aid edilən, Qafqaz Albaniyasını məxsus kilsə və monastrlar mövcuddur. Həmin monastrlar xristian dininə aid olsa da, onların divarlarında Qafqaz Albaniyasına aid - qədim türk qrafikası ilə yazılara rast gəlinir. Digər tərəfdən, həmin abidələrin nə vaxt və kim tərəfindən tikildiyi hamı üçün əlçatan olan açıq mənbələrdə aydın şəkildə göstərilib.

Bu gün Tomas de Vaalın hansı nüfuza malik olmasından asılı olmayaraq, istənilən Azərbaycan tarixçisi ilə debatda məğlub ola bilər. Çünki de Vaal birincisi, peşəkar tarixçi deyil, ikincisi isə iddiasının arxasında heç bir mötəbər faktı yoxdur. O, sadəcə olaraq hansısa erməni biznesmeninin sifarişin yerinə yetirmək məqsədi ilə belə bir məqalə yazıb. Dünyanın məsələdən xəbəri olan nüfuzlu tarixçiləri Tomasın məqaləsinin yalan olduğunu bilir, amma beynəlxalq ictimaiyyətin digər geniş seqmenti üçün məsələ aydın deyil, üstəgəl, Tomas de Vaal kimi nüfuzlu bir jurnalistin belə bir idda ilə çıxış etməsi Azərbaycanın zərərinə olan rəy formalaşdırır. Bunun qarşısını almaq üçün Azərbaycan tarixçiləri Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu məsələni beynəlxalq səviyyədə müzakirəyə çıxarmalı, jurnalistdən eyni səviyyəli təkzib məqaləsi tələb etməlidir.

Hələ nə yaxşı ki, Tomasın Keşikçidağ monastrından xəbəri yoxdur. Yoxsa, beş-on dollar müqabilində gürcülər üçün də bir məqalə yazardı ki, David Qaraçi monastırı gürcü xalqının tarixi abidəsidir. Halbuki, gürcülər bizimlə sərhəddə yerləşən Keşikçidağ monastırından bir neçə yüz kilometr uzaqlarda yaşayıblar. Sadəcə, sovet hökuməti Azərbaycanın bir hissəsində Ermənistanı yaratdığı kimi, indiki Gürcüstanın tən yarısına bərabər olan Borçalı mahalını da gürcülərə verdi. İndi gürcülər, Borçalı bir yana, Borçalı ilə Azərbaycan arasında yerləşən tarixi abidəyə də iddia edir. Bu artıq bir millət olaraq bizim biganəliyimizdən xəbər verir, biz buna son qoymalıyıq - xalqımıza və dövlətimizə qarşı irəli sürülən bütün iddia və ittahamlara əsaslı cavab verməliyik. Bunun üçün isə tarixçi alimlərimiz ortada olmalı - rəqiblərimizə tarixi faktlara əsaslanan cavab hazırlamalıdırlar.

Akif Nəsirli

Mənbə: paralel.az