Rusiyanın qafqaz siyasətində yeni dönəm başladı

Rusiyanın qafqaz siyasətində yeni dönəm başladı

BİRİNCİSİ, işğalçı Rusiyanın qırx dörd günlük savaş dönəmində Azərbaycana və Ermənistana münasibətdə seçdiyi siyasətin iki ana tezisi var idi: a) Ermənistan məğlub olsun, yəni Paşinyan devrilsin, nəticədə, Ermənistanda Paşinyanın hakimiyyətə gəlməsi ilə Rusiya üçün yaranmış təhlükə ortadan qalxsın. Ermənistan, Paşinyana dəstək verən erməni xalqı Rusiya qarşısında diz çöksün, Rusiyaya yalvarsın, desin ki, məni Azərbaycanın əlindən qurtar, Avropaya baxmağa belə cəsarət etməsin; b) Rusiya Azərbaycanın tam qələbə qazanmasını istəmirdi, yəni: 1) Azərbaycan ordusu Xankəndinə girməsin, Xankəndinə girmək problemi kökündən həll etmək, Rusiyanın Azərbaycana təzyiq imkanını itirmək anlamını daşıyırdı. Rusiya bu yaranın kökünün Azərbaycanın içində qalmasını istəyir, bu, Rusiyanın işğalçılıq siyasətinin əsas maddələrindən biridir. Qarabağın dağlıq hissəsinin erməni varlığını qoruyan bölgə olması Rusiya üçün olmazsa olmazdır, Azərbaycanı əldə tutmaq, ona istədiyi vaxt təzyiq etmək, Azərbaycanla Ermənistan arasında savaş çıxartmaq vasitəsidir. Bu məsələnin Rusiya üçün önəmini göstərmək üçün deyirəm ki, Azərbaycan Qarabağın dağlıq hissəsini Ermənistana vermək istəsə belə, Rusiya buna razı olmaz. Ona görə də Rusiya bu bölgənin hüquqi baxımdan Azərbaycana, faktiki baxımdan Ermənistana bağlı olmasına çalışır və çalışacaq; 2) Rusiya Azərbaycanın işğal olunmuş bütün torpaqlarını azad etməsini istəmirdi – torpaqlarını işğaldan azad etmiş Azərbaycan güclü Azərbaycandır, güclü Azərbaycan Rusiyaya sərf etmir; 3) Rusiya Qarabağın dağlıq bölgəsinə yüksək status verilməsinə çalışır və çalışacaq. Elə bir status ki, Rusiyanın hərbi və siyasi təminatı altında olsun, Rusiya bu məqsədlə o bölgədə hərbi baza yaratmaq işinə başlayıb; 4) Rusiya qoşunlarının Qarabağa gəlməsini istəyirdi, içində rus qoşunu olan Azərbaycan zəif Azərbaycandır. Qarabağda işğalçı rus ordusunun varlığı Azərbaycana ən ciddi təzyiq vasitəsidir, Azərbaycanın suveren hüquqlarının məhdudlaşdırılması, siyasi hakimiyyətin asılı vəziyyətə düşməsidir.

İKİNCİSİ, cəsur Azərbaycan ordusunun Şuşanı fəth etməsi (ciddi xəbərlərə görə, Azərbaycan ordusu Xankədinə doğru irəliləyirdi) Rusiyanı hərəkətə gətirdi, o, planlarına düzəliş etdi, Paşinyanın devrilməsini arxa plana keçirdi, belə ki, Xankəndinin fəthi Rusiya üçün daha böyük təhlükə idi. Nəticədə, Ermənistana siyasi, informasiya, hərbi dəstək verən, ancaq nisbi neytrallığını da qoruyan Rusiya prosesə birbaşa müdaxilə etdi, savaşı dayandırdı, Ermənistanı xilas etdi, Qarabağın dağlıq bölgəsində erməni varlığının bir qrum biçimində qalmasına imkan yaratdı. Paşinyanın devrilməsi məsələsi təxirə salındı. Bunun da ciddi səbəbləri var: 1) Rusiya öncə belə düşünürdü ki, cəsur Azərbaycan ordusu torpaqlarını işğaldan azad etdikcə Ermənistanda narazılıq artacaq, xalq küçəyə çıxacaq, nəticədə, Paşinyan devriləcək; 2) Ancaq erməni xalqı kütləvi şəkildə küçələrə çıxmadı, Paşinyandan narazı olsa da, onu devirmək işinə girişmədi, övladlarının onların olmayan torpaq uğrunda ölməsini istəmədi; 3) erməni xalqı anladı ki, bu, Rusiyanın işidir, fəlakətin səbəbi Rusiyadır, o, Rusiyanı xain, satqın elan etdi, Rusiyaya nifrət Paşinyanın və xalqın ortaq nöqtəsi oldu; 4) Rusiya gördü ki, hər hansı bir yolla Paşinyanı devirmək Ermənistandakı Rusiya nifrətini daha da artıracaq; 5) Paşinyan seçilmiş prezidentdir, son anketlər göstərir ki, ciddi məğlubiyyətə baxmayaraq, erməni xalqının təxminən yüzdə otuzu onu müdafiə edir; 6) İndiki nifrət şəraitində Rusiyanın öz adamını Ermənistanda hakimiyyətə gətirmək imkanı azdır; 7) Rusiya Ermənistanda elə bir adamın hakimiyyətə gəlməsini istəyir ki, onun Qarabağ savaşı ilə birbaşa əlaqəsi olmasın, bu işə bulaşmasın; 8) Rusiya bir sıra məsələləri də Paşinyanın əli ilə həll etməyə çalışır;

ÜÇÜNCÜSÜ, cəsur Azərbaycan ordusu Şuşanı fəth etdikdən sonra Rusiya savaşı dayandırdı, Ermənistan və Azərbaycan siyasətində yeni ölçü qoydu, birinci sıraya Ermənistanı yazdı. Rusiyanın bu yeni dönəm siyasətini belə açıqlaya bilərik: Ermənistanı qazanmaq, könlünü almaq, Azərbaycana onu Rusiyadan uzaqlaşdırmayacaq dərəcədə təzyiq göstərmək. Ermənistanı qazanmaq, Azərbaycan itirməmək siyasəti tətbiq edən Rusiyanın indiki dönəmdə əsas hədəfi ikidir: a) erməni xalqının nifrətini azaltmaq; b) Qarabağın dağlıq bölgəsində erməni varlığını qorumaq. Rusiya bu məqsədlə siyasi, iqtisadi, hərbi, diplomatik addımlar atır;

***

Bu iki hədəf bir-biri ilə sıx bağlıdır. Belə ki, Rusiya Qarabağın dağlıq bölgəsində yaşayan erməniləri qoruyacağı ölçüdə Ermənistanda ona qarşı olan nifrətin azalacağına ümid edir. Rusiya Ermənistanı qazanmaq, Azərbaycanı itirməyəcək səviyyədə təhdid etmək siyasətinə yönəlmişdir. Bu məqsədlə Ermənistanın könlünü alan addımlar atır, Azərbaycanı isə bəlli ölçüdə qorxudur. Rusiyanın Ermənistanı yenidən qazanmaq üçün atdığı addımları belə sıralaya bilərik:

BİRİNCİSİ, Rusiyanın Ermənistanı qazanmaq işi savaşın dayandırılması ilə başlamışdır. Savaşın Rusiya tərəfindən dayandırılması Ermənistanı xilas etdi. Bundan sonrakı fəaliyyətdə Ermənistanın xeyrinə olan hər addım Rusiyanın da xeyrinə olmağa başladı (savaş dönəmində Rusiya ilə Ermənistanın mənafeyi arasında ciddi fərqlər ortaya çıxmışdı, Azərbaycan da bundan yararlandı).

İKİNCİSİ, Rusiya imzalanmış sənədin dördtərəfli deyil, üçtərəfli olmasını istədi. Türkiyənin təkidlərinə baxmayaraq, Rusiya onun tərəf olmasını istəmədi. Rusiya Türkiyəni inandırmağa çalışdı və inandırdı ki, ermənilər türkləri sevmirlər, anlaşma dörd tərəfli olsa, Ermənistan sənədi imzalamayacaq. Türkiyənin anlaşmaya tərəf olmaması Azərbaycanın və Türkiyənin ziyanına, Rusiya və Ermənistanın xeyrinədir.

ÜÇÜNCÜSÜ, Rusiya imzalanmış sənəddə Türkiyənin adının belə olmasına imkan vermədi. Bunun iki səbəbi var idi: a) Rusiya Türkiyəni Qafqazda bərabərhüquqlu tərəf kimi tanımaq istəmir, Qafqaza, o sıradan Azərbaycana öz mülkiyyəti kimi baxır; b) Türkiyənin adının sənəddə olması ilə Rusiyanın Ermənistanı qazanmaq siyasəti arasında uyğunsuzluq var. Ona görə də Rusiya Türkiyənin hər hansı bir biçimdə tərəf kimi tanınmasına yol vermədi.

DÖRDÜNCÜSÜ, Rusiya Türkiyə ordusunun sülhməramlı qüvvələrin tərkibində olmasına izin vermədi. Bu yolla Qafqazdakı hərbi nüfuz sahəsini Türkiyə ilə bölüşmədi, eyni zamanda Ermənistanı Rusiyadan uzaqlaşdıracaq, onun nifrətini daha da artıracaq addım atmaqdan çəkindi.

BEŞİNCİSİ, Rusiya Türk ordusunun təmsilçilərinin atəşkəsə nəzarət qrupunun içində olması ilə razılaşdı, ancaq müşahidə məntəqələrinin Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında yerləşməsinə şiddətlə qarşı çıxdı. Bu gün Rusiya ilə Türkiyə arasında müşahidəçilərlə bağlı müzakirələrin uzanmasının əsas səbəbi də budur. Rusiya Türk ordusunun hər hansı bir biçimdə Qarabağda yerləşməsini istəmir, Qarabağdakı fəaliyyətinin nəzarətdən kənarda qalmasına çalışır. Türk ordusunun müşahidəçi qismində olsa da, Qarabağda yerləşməsinin Ermənistanı qazanmaq siyasətinə ciddi zərər verəcəyini düşünür (bu yazını yazarkən Türkiyə prezidenti ƏRDOĞAN son iki ayda 4-cü dəfə Putinə zəng etdi. Qarabağla bağlı müzakirənin əsas mövzusu müşahidəçi qrupun harada olması ilə bağlı oldu).

ALTINCISI, Rusiya Ermənistanı qazanmaq, təbii ki, öz mənafelərini gerçəkləşdirmək üçün Qarabağın dağlıq bölgəsini indiki halda tam nəzarətə götürüb, o bölgəyə imzalanmış sənəddə olmayan hərbi texnika yerləşdirib, hərbi baza yaradıb.

YEDDİNCİSİ, Rusiya Qarabağın dağlıq bölgəsinin rəhbəri ilə görüşür, onu bir tərəf kimi tanıyır.

SƏKKİZİNCİSİ, Rusiya Qarabağın dağlıq bölgəsi ilə Ermənistan arasında 5 km-lik koridor əldə edib, bu koridora nəzarət rus ordusunun əlindədir.

DOQQUZUNCUSU, Rusiya savaş dönəmində Qarabağın dağlıq bölgəsindən Ermənistana getmiş əhalini aktiv biçimdə geri qaytarır.

ONUNCUSU, Rusiya Qarabağın dağlıq bölgəsində yaşayan ermənilərə humanitar yardım edir. Bu yardım insani deyil, daha çox siyasi məqsəd daşıyır, erməni xalqının qəlbini qazanmaq işinin ayrılmaz tərkib hissəsidir.

ON BİRİNCİSİ, Rusiya Ağdamdan, Kəlbəcərdən, Laçından çıxarılan ermənilərin vəhşiliklərinə göz yumur, münasibət bildirmir, bu yolla da onları təşviq edir.

ON İKİNCİSİ, Rusiya Azərbaycanla Naxçıvan arasındakı yolun açılmasına razı olmuş, ancaq bu yola nəzarəti rus əsgərlərinə tapşırmışdır. Rusiya bu addımı ilə həm də Ermənistanı blokadadan çıxarmağı nəzərdə tutur.

ON ÜÇÜNCÜSÜ, Rusiyanın iki önəmli naziri – Lavrov və Şoyqu Ermənistana getdilər. Onlar Ermənistanı qazanmaq üçün önəmli addımlar atdılar, dedilər ki, biz böyük planlarla gəlmişik: 1) Şoyqu və Lavrov Paşinyanla ayrı-ayrı görüşdülər; 2) görüşlər zamanı Rusiyanın bayrağından istifadə olunmadı, bu, öncədən düşünülmüş addımdır, məqsəd ermənilərin qəzəbini azaltmaqdır; 3) Şoyqu Paşinyanla görüşdə mülki, İLHAM ƏLİYEVLƏ görüşdə isə hərbi paltarda idi. Bu addım Ermənistanı qazanmaq, Azərbaycanı təhdid etmək siyasəti çərçivəsində oxunmalıdır; 4) Ermənistana deyilmişdir ki, siz Qarabağın dağlıq bölgəsinin təhlükəsizliyini təmin edən 7 rayonu itirmisiniz, bu, doğrudur, sizi çox narahat edir. Ancaq unutmayın ki, daha güclü qoruma sistemi qazanmısınız, bu da rus ordusunun Qarabağın dağlıq bölgəsindəki varlığıdır. Azərbaycan hökuməti Qarabağda yaşayan ermənilərə hər cür təhlükəsizlik təminatı versə də, o bölgədə ermənilərin yaşamasının imkansız olduğunu bilirsiniz. İndi o bölgədəki ermənilər rus ordusunun qoruması altındadır, narahat olmağa dəyməz; 5) Naxçıvanla Azərbaycan arasındakı yol Rusiyanın nəzarətində açılacaq, siz də blokadadan çıxacaqsınız; 6) Türkiyə və Azərbaycanla sərhədləriniz açılacaq, bu da iqtisadi imkanlarınızı artıracaq; 7) Qarabağın dağlıq hissəsinə ən yüksək statusun verilməsi üçün Rusiya əlindən gələn hər şeyi edəcək; 8) Rusiya erməni ordusunu yenidən quracaq; 9) Rusiya Ermənistana iqtisadi yardım edəcək; 10) Rusiya Qarabağın dağlıq bölgəsi ilə Ermənistan arasında hər cür əlaqənin olmasını təmin edəcək;

ON DÖRDÜNCÜSÜ, Rusiya Minsk Qrupunun fəaliyyətə başlayacağını söyləyir, bunun iki anlamı var: a) Türkiyə danışıqlar prosesindən kənarda qalacaq; b) Minsk Qrupunun həmsədrləri Qarabağın dağlıq bölgəsinin statusunu gündəmə gətirəcəklər;

ON BEŞİNCİSİ, dediklərimizi toplasaq, Rusiyanın Ermənistanı qazanmaq siyasətinin iki önəmli ayağının olduğunu görərik: a) Qarabağın dağlıq bölgəsinin gələcək statusu; b) Ermənistanın siyasi, iqtisadi, hərbi böhrandan qismən də olsa çıxarılması. Bu iki önəmli siyasi xətt arasında seçim etsək, birinci sıraya Qarabağın dağlıq bölgəsinin gələcəyini yaza bilərik. Rusiya bilir ki, Qarabağın dağlıq bölgəsində Ermənistanı razı salacaq addımlar atmasa, Ermənistanı qazanmaq siyasəti iflasa uğrayacaq (Ermənistan xalqın Rusiyaya nifrətindən maksimum yararlanaraq ondan daha çox şey əldə etməyə çalışacaq. Ona görə də Azərbaycan hakimiyyətinə deyirəm ki, bizə Rusiyadan razıyıq havası yaratmayın, bu, yanlış siyasətdir, əksinə, Rusiyaya ciddi etiraz edin ki, haqlarınızı qoruya biləsiniz). Bilinən həqiqət budur ki, Qarabağın dağlıq bölgəsi Ermənistan üçün milli məsələdir. Ona görə də Rusiya gələcək addımlarını başlıca olaraq bu istiqamətə yönəldəcək. Ermənistanı qazanmaq, Azərbaycanı itirməmək üçün bu iki məsələni önə çıxaracaq: Ermənistanı Azərbaycanın ərazi bütövlüyünü tanımağa, Azərbaycanı Qarabağın dağlıq hissəsinə yüksək status verməyə hazırlayacaq.

Bu halda, Azərbaycanın Rusiyaya qarşı müqavimət göstərmək imkanı varmı? Var, bu məsələ sıradakı məqalənin mövzusudur...

Siraceddin Haci

Mənbə: paralel.az