Zəfər bizimlədir!

Əvvəldən bəlli olan həqiqəti Ermənistan rəhbərliyi görməzdən gəlirdi.

İşğalda saxladığı ərazilərimizlə kifayətlənməyən düşmən tərəf gözləmədiyi yerdən, tarix boyu unuda bilməyəcəyi anda ağır zərbə aldı.

Rusiyanın vasitəçilik etdiyi razılaşma ilə Dağlıq Qarabağın Azərbaycana olan bağlılığı artıq heç bir müzakirə mövzusu olmayacaq. Bir milyon insan evlərinə dönəcək. Əslində biz Şuşanı azad etdikdən sonra edəcəyimiz bir şey qalmamışdı. Amma və lakin...

Ordumuz böyük bir qəhrəmanlıq hekayəsi yazaraq Dağlıq Qarabağda haqqı olan torpaqlarını geri almaq üçün ildırım sürətli yürüşə başlamışdı...

Tam bu nöqtədəykən, gözlənilən imdad və barış mesajı Moskvadan gəldi...

Çünki açıq görünürdü ki, bu gedişlə haqqımız olan Dağlıq Qarabağı öz gücümüzə alacağıq...

27 sentyabr tarixindən ta o anadək, mənfur düşmənin arxasında durub, rolunu sonadək oynamayan "aktyorlar" göstərdikləri dəstəyin nəticəsinin olmayacağını anlayanda geri çəkildilər...

Seçilmiş yol bizə nəyi öyrətdi?

Bu bizə beynəlxalq hüququn bir daha güclülərin qanunu olduğunu göstərdi. Bir daha anladıq ki, Minsk Qqupunun " gözlə həll edəcəyik adlı 28 illik oyununa" yalanlarına inansaq, bu gün geri aldığımız torpaqlarda, Dağlıq Qarabağda çatdığımız nöqtəyə əsla yaxınlaşmazdıq... Yağmalanan xalqın şəhid balalarının intiqamını ala bilməzdik...

Xalq dövlət başçısı ile çiyin-çiyinə təkcə Ermənistan rəhbərliyini deyil, eyni zamanda, bu oyunda rolu olan Moskva, Paris, Tehran kimi digər "aktyorları" da məğlub etməyi bacardı.

Uduzan tərəf daha bundan sonra Rusiyanın tam nəzarətində olacaq. Paşinyan çox da uzaq olmayan vaxtda xalqı qarşısında hesab verəcək...

Qardaş ölkənin təsiri

Görünən odur ki, bu məsələdə qardaş Türkiyənin ən başından bəri ölkəmizə qardaşcasına açdığı qucaq, mülki və hərbi gücünün təsiri bundan sonra da daimi olacaq.

İlk mərhələdə bu müşahidə nöqtələri olan ümumi hərəkət mərkəzləri ilə başlayacaq.

Hələ doğma münasibətlər qarşıdadır və artıq bölgədə həlledici roldayıq, bu bizim son qələbəmizdir. Və bu qələbə, Qərblə Rusiya arasında olan, "Azərbaycandan xahiş edirəm daha irəli getməsin" ricası əsasında olan bir razılaşmadır.

Lakin zaman-zaman qarşılaşdığımız iftiralara, qarayaxmalara qarşı polad kimi əyilmədən sinə gərmiş xalqımız bu idrak müharibəsinə qarşı mübarizə apararkən, bu acizanə ricalara aldanıb məsələni burda bağlamayıb, Dağlıq Qarabağın statusu bundan sonra Azərbaycana hansı yolla keçəcəyilə bağlı müzakirələr hələ davam edir...

Bizlər məsləni lazımı vaxtda və doğru mesajlarla idarə etdik. Razılaşmadan əvvəl "hansısa ölkə Azərbaycana qoşun göndərməklə təhdid edərsə, qardaş türk əsgərlərini ölkəmə dəvət edəcəyəm", deyən dövlət başçımız İlham Əliyev böyük bir taktiki döyüşdə uğurla qalib gəldi...

Bundan sonra, Ermənistan Fransadakı erməni diasporasının təsirlərindən qurtulub doğru tərəfin seçsə, həm yaşadığı bu səfalətdən qurtarar, həm də, Azərbaycanla əlaqələrini inkişaf etdirə bilər.

Artıq Ermənistan rəhbərliyi uzun illərdir onu əlində kukla kimi oynadan diasporanın hərəkatini anlamalıdır.

Azərbaycanla Naxçıvan arasındakı nəqliyyat yolunun açılması isə Türkiyə ilə Azərbaycan arasında bir strateji körpü olacaq desək, yəqin ki, yanılmarıq...

Və hər şey bundan sonra başlayacaq. Rusiya- Azərbaycan-Türkiyə arasındakı taktiki mübarizə yolunda yoğrulan xəmir hələ çox su aparacaq...

Sentyabrın 27-dən bəri Azərbaycanın həyata keçirdiyi uğurlu işlərin həm də Türk coğrafiyası və dünyası üçün faydalı olacağına, qardaş ölkə ilə olan sıx münasibətlərimizin bundan sonra daha da dərinləşəcəyinə xalqımız çox ümid bəsləyir...

Şahnaz Salehqızı

Paralel.az

ƏVVƏLKİ XƏBƏR

Onlar Azərbaycan xalqının başının tacı, gözünün nurudur!

SONRAKI XƏBƏR

Rusiyanın qafqaz siyasətində yeni dönəm başladı