Kəlbəcərin döyüşsüz azad edilməsi – yüzlərlə hərbçi ölümünün qarşısı alındı

Kəlbəcərin döyüşsüz azad edilməsi – yüzlərlə hərbçi ölümünün qarşısı alındı

Ramil Hüseynov: “…çoxsaylı əsgərimizin şəhid olmasının qarşısını aldı”

Məlum olduğu kimi, Azərbaycanın Kəlbəcər rayonu işğaldan azad olundu. Belə ki, noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın hökumət başçısının imzaladığı birgə bəyanata əsasən, Ermənistan silahlı qüvvələrinin birləşmələri Kəlbəcər, Laçın və Ağdam rayonlarının ərazilərini qeyd-şərtsiz tərk etməlidirlər.

Kəlbəcər rayonu noyabrın 15-də Azərbaycana qaytarılmalı idi, lakin Ermənistan tərəfinin müraciəti əsasında Rusiya dövlətinin xahişi ilə sonradan Ermənistana Kəlbəcəri təhvil vermək üçün 10 gün əlavə möhlət verildi.

Beləliklə, 27 illik həsrətə son qoyuldu və Kəlbəcər azad edildi. Dövlət başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyev bu münasibətlə bütün Azərbaycan xalqını təbrik etdi.

Kəlbəcərin azad olunması BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin Azərbaycan dövləti tərəfindən icrasının təmin edilməsi deməkdir. Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan tərəfindən işğal edilmişdi. Həmin dövrdə hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün səriştəsiz və xəyanətkar siyasəti rayonun işğalına şərait yaradıb. Kəlbəcəri tərk edən erməni əhalisi 1993-cü ildə rayonun işğalından sonra orada qanunsuz məskunlaşıb. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq, 1999-cu ildən işğalçı Ermənistan Kəlbəcər ərazisində ermənilərin fəal məskunlaşdırılmasına başlayıb. Qanunsuz yaşadıqları əraziləri - Azərbaycan torpaqlarını tərk edən ermənilər təhlükəsiz şəkildə, atəşə məruz qalmadan rahatlıqla bütün əşyalarını götürüblər. Azərbaycan Ordusu onlara ərazini tərk etmək üçün bütün şəraiti yaradıb. Buna baxmayaraq, Kəlbəcər həm də XXI əsrdə erməni vandalizminin əyani nümunəsinə çevrilib. Ermənilər buranı tərk edərkən evləri yandırıb, vandallıq edib, meşələrə od vuraraq, suları çirkləndirərək ekoloji fəlakət törədiblər.

Kəlbəcərin əhalisi 1 yanvar 2020-ci il tarixə olan məlumata əsasən, 77 min nəfərdir. Hazırda rayondan məcburi köçkün düşənlərin 22%-i Gəncədə, 14%-i Bakıda, 12%-i Goranboyda, qalan hissəsi ölkənin müxtəlif şəhər və rayonlarında məskunlaşıb.

Kəlbəcər kimi yüksək dağlıq rayonun qan tökülmədən azad edilməsinin əhəmiyyətini ekspertlər necə dəyərləndirirlər?

“Ordumuzun Şuşanı azad edərək Xankəndiyə yaxınlaşması Ermənistanı Kəlbəcəri döyüşsüz təslim etməyə məcbur etdi”

Məsələyə münasibət bildirən siyasi ekspert Ramil Hüseynovun sözlərinə görə, Kəlbəcərin azad edilməsi mühüm əhəmiyyət kəsb edir: “Əvvəla Kəlbəcər Azərbaycanın dəniz səviyyəsindən ən hündür rayonudur. Olduqca mühüm strateji əhəmiyyətə malikdir. Belə bir rayon hərb yolu ilə azad edilsəydi, o zaman itki çox ola bilərdi. Çünki digər işğal altından azad edilən rayonlardan fərqli olaraq, Kəlbəcər daha çox dağlıq olduğundan, onun hər qayası səngərdir. Ordumuzun Şuşanı azad edərək Xankəndiyə yaxınlaşması Ermənistanı Kəlbəcəri döyüşsüz təslim etməyə məcbur etdi. Bu isə çoxsaylı əsgərimizin şəhid olmasının qarşısını aldı. Üstəlik, bundan sonra Kəlbəcərdəki Ömər aşırımı və digər yüksəkliklərdən Gəncəyə təhlükə olmayacaq”.

Ümumilikdə, Kəlbəcərin azad edilməsi böyük strateji üstünlükdür.

Vidadi ORDAHALLI

Mənbə: www.baki-xeber.com