Prezident Sarkisyan İordaniyada Qarabağa dair erməni riyakarlığının yeni nümunəsini yaratdı - kral Hüseyn niyə susdu...

Prezident Sarkisyan İordaniyada Qarabağa dair erməni riyakarlığının yeni nümunəsini yaratdı - kral Hüseyn niyə susdu...

Seyid Camal Əzimbəyli: “İordaniyanın təcavüzkar Ermənistana göstərdiyi bu cür xoş münasibət anlaşılan deyil”

Ermənistan Prezidenti Armen Sarkisyan kralın dəvətilə İordaniyada səfərə gedib. Sözügedən səfər işgüzar xarakterlidir. Tərəflər iki ölkə arasındakı münasibətlərin inkişafı ilə yanaşı, müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.

Qeyd edək ki, Sarkisyan və II Abdullah sonuncu dəfə 2019-cu ilin aprelində Ermənistan Prezidentinin İordaniyaya səfəri zamanı görüşüblər.

Bu arada A.Sarkisyan II Abdullahla görüşündə deyib ki, Qarabağ müharibəsi dini müharibə deyil. Ancaq başda Sarkisyan olmaqla digər ermənilər Avropada səfərdə olarkən fərqli müstəvidən çıxış edirlər. Məsələ ondadır ki, Avropada Qarabağ müharibəsini dini müharibə kimi, özlərini xristian sivilizasiyasının müdafiəçisi kimi qələmə verirlər. İslam ölkələrinə çatanda isə valı dəyişib bunun dini müharibə olmadığını deyirlər. Onu da qeyd edək ki, Livana baxanda İordaniyada ermənilərin sayı elə də çox deyil. Livanda yaşayan ermənilərin sayı 170 min olduğu halda, İordaniyada yaşayan ermənilərin sayı 35 min nəfərdir. İki ölkə arasında elə böyük iqtisadi əlaqələr də yoxdur. Belə olan halda, müsəlman İordaniyada A.Sarkisyanın bu cür qarşılanması təəccüb doğurur. Nəzərə almaq lazımdır ki, İordaniya İslam Əməkdaşlıq Təşkilatında təmsil olunur və Ermənistanın Azərbaycana qarşı təcavüzündən xəbərdardır. Belə olan halda, İordaniya kralı Sarkisyanın yalanlarına niyə susdu?

“Təəssüflər olsun ki, neçə ildir II Abdullah...”

Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəyli bunu Kral II Abdullahın düzgün olmayan siyasət yeritməsi ilə əlaqələndirdi: “Təəssüflər olsun ki, neçə ildir II Abdullah Ermənistana münasibətdə mötədil siyasət yeridir. Bunun nəticəsidir ki, sözügedən ölkə rəhbəri ötən il Ermənistana səfər də etdi. Hansı ki, Ermənistan nəinki Azərbaycana təcavüz edib, eyni zamanda, İslam abidələrini məhv edib. İordaniya rəhbəri, ən azından, İƏT-in Qarabağla bağlı qəbul etdiyi qətnamələrə əməl etməli idi. Çünki təşkilatın sözügedən qərarlarında Azərbaycanın ərazi bütövlüyü dəstəklənir, Ermənistanın təcavüzü pislənir. Başqa bir tərəfdən, Suriya və Livandan fərqli olaraq, İordaniyada güclü erməni lobbisi yoxdur. Belə olan halda, İordaniyanın təcavüzkar Ermənistana göstərdiyi bu cür xoş münasibət anlaşılan deyil”.

Şərqşünasın fikrincə, bu, İslam prinsiplərinə ziddir.

 

Mənbə: www.baki-xeber.com