Ayrapetyanın “silinməz izlər”i silindi: Seperatçıların “istiqlal bəyannaməsi”nin müəllifi kimdir?

Ayrapetyanın “silinməz izlər”i silindi: Seperatçıların “istiqlal bəyannaməsi”nin müəllifi kimdir?

El arasında tez-tez işlədilən bir ifadə var: “Yazıya pozu yoxdur”. Yəqin ki, bu ifadə alın yazısı üçün deyilib. Çünki tarixə nəzər salsaq çox yazıların üstündən xətt çəkildiyinin şahidi olarıq. Dünyanın gedişatında hətta hökmdarların, padşahların fərmanları, hökmləri pozulub. Sözsüz ki, haqsız, ədalətsiz yazılan yazılar gec-tez pozulmağa, silinməyə məhkumdur.

Belə yazılardan biri də 1991-ci ildə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində erməni millətçiləri tərəfindən yazılmış “Dağlıq Qarabağ Respublikası”nın elan edilməsinə dair bəyannamədir. Bu bəyannamənin əsas müəlliflərindən biri Vigen Ayrapetyan olub.

13 fevral 1988-ci ildə Dağlıq Qarabağın Azərbaycandan qoparılaraq Ermənistana verilməsi ilə bağlı Xankəndi şəhərinin baş meydanında keçirilən ilk mitinqlərdən bir həftə sonra, 20 fevralda Dağlıq Qarabağ Muxtar Vilayətinin Xalq Deputatları Sovetindəki erməni deputatlar qanunsuz olaraq vilayətin Azərbaycanın tərkibindən ayrılaraq Ermənistan SSR-ə birləşdirilməsi məsələsini qaldırıb. Qeyd edək ki, bir çox erməni deputatlar bu iclasa sədrlik etməyə özlərində cəsarət tapmayıb. İclasdan öncə aparılan müzakirələrdə Vigen Ayrapetyan bu missiyanı öz üzərinə götürüb və həmkarlarını cəsarətli olmağa çağırıb:

“Biz bu iclasda tarixi gerçəklikləri müzakirəyə çıxaracağıq və tarixi haqqımızı bərpa edəcəyik. Bu məsələni biz gələcək nəsillərə saxlaya bilmərik. Dağlıq Qarabağın Ermənistanın tərkibinə daxil edilməsi bizim haqq işimizdir...”

Beləliklə ermənilərin “tarixi iclas” adlandırdığı bu toplantıya Vigen Ayrapetyan sədrlik edib.

Qeyd edək ki, Vigen Ayrapetyan 1933-cü ildə Xankəndi şəhərində anadan olub. Həmin şəhərdə 3 saylı orta məktəbi bitirib. Orta təhsilini başa vurduqdan sonra İrəvan Dövlət Pedaqoji İnstitutunun fizika və riyaziyyat fakültəsində ali təhsil alıb. İlk pedaqoji fəaliyyətinə Şuşada başlayan Vigen Ayrapetyan 1964-cü ildə Xankəndi şəhərindəki 8 saylı orta məktəbdə tədris hissə müdiri, sonra isə direktor vəzifəsində işləyib.

Vigen Ayrapetyan 1982-ci ildə Xankəndi şəhər təhsil şöbəsinə, 1985-ci ildə isə Dağlıq Qarabağ Muxtar Vilayətinin təhsil idarəsinə rəhbər təyin edilib.

Vilayətdə özü haqqında beynəlmiləlçi, əsl “ziyalı” imici formalaşdıran Vigen Ayrapetyan uzun illər Xankəndi şəhərində və Ermənistanda Qarabağla bağlı gizli şəkildə fəaliyyət göstərən təşkilatların ən fəal üzvlərindən biri olub. Vəzifəsindən istifadə edərək Dağlıq Qarabağda azərbaycançılıq ideyalarının inkişafına əngəl törədən “beynəlmiləlçi ziyalı” vilayətdəki Azərbaycan və erməni məktəbləri arasında kəskin fərq qoyaraq Azərbaycanın büdcəsindən ayrılan vəsaitləri erməni məktəblərinə yönəldib.

Azərbaycanlılara qarşı kin və nifrətini, nəhayət, 1988-ci ildə açıq şəkildə büruzə verən Vigen Ayrapetyan öz azərbaycanlı müavini Şura Xudiyevaya “biz sizi qovmayacağıq, hansı azərbaycanlı istəsə Dağlıq Qarabağda qala bilər, amma Dağlıq Qarabağ Ermənistanın tərkibində olacaq” kimi fikirlərini həyasızcasına ifadə etməkdən də çəkinməyib.

Yuxarıda qeyd etdiyimiz kimi, Vigen Ayrapetyan “Dağlıq Qarabağ Respublikası”nın elan edilməsinə dair bəyannamənin əsas müəlliflərindən biri olub. Həmin bəyannaməni 2 sentyabr 1991-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayət Xalq Deputatları Sovetinin sessiyasında oxumaq da məhz ona həvalə edilib.

Vigen Ayrepetyan ixtisasca fizik olsa da, o, həm də bir tarixçi kimi də öz “məharətini” nümayiş etdirib. Azərbaycana məxsus olan Dağlıq Qarabağda bir çox yer adlarının dəyişdirilməsində “tarixçi-fizik” xüsusi fəallıq göstərib, yeni yer adlarının “kəşf” edilməsində baş sındırıb.

Vigen Ayrapetyan qondarma “Dağlıq Qarabağ Respublikası”nın, demək olar ki, bütün ali mükafatları ilə təltif edilib. Bu təltiflərdə onun gənc nəslin tərbiyə edilməsində xidmətləri xüsusilə vurğulanıb. Gənclərdə, məktəb şagirlərində azərbaycanlılara qarşı nifrət hissinin aşılanması, özgə torpaqlarına gös dikmək ənənəsinin davam etdirilməsi kimi xidmətləri.

Mötəbər məclislərdə Vigen Ayrapetyan yazdığı bəyyannamə ilə bağlı həmişə qürur hissi keçirib və vurğulayıb ki, bu bəyannamə erməni tarixinə silinməz izlərlə həkk olunub.

“Təəssüf” ki, Vigen Ayrapetyana bu günləri görmək qismət olmadı. Yazılan bəyyannamənin 44 gün ərzində necə silindiyinə şahidlik edə bilmədi. Namərdcəsinə yazılan haqsız yazıları döyüş meydanlarında Azərbaycan əsgərinin necə mərdliklə pozduğunu seyr etməkdən məhrum oldu.

Yəqin ki, indi o dünyada çox narahatdır, yüzlərlə azərbaycanlıya süni problemlər yaratdığına, o cümlədən bu yazının müəllifinin 1982-ci ildə qızıl medal almaq haqqını əlindən aldığına görə...

Tarix özünə ləkə götürmür, gec-tez ona sırınan yalanlar üzə çıxır, ifşa olunur və birdəfəlik pozulur. Bu baxımdan ermənilərin hələ çox yalanları, uydurmaları tarixdən silinəcək.

İlham Cəmiloğlu (musavat.com)

 

Mənbə: pia.az