Status məsələsi: faciədən məzhəkəyə…

Status məsələsi: faciədən məzhəkəyə…

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli bəyanatla sonuclanan 44 günlük Vətən müharibəsi Cənubi Qafqazda yeni geosiyasi konfiqurasiya yaratdı: Azərbaycan Qələbə qazandı, Ermənistan kapitulyasiya aktına imza atdı, Rusiya sülhməramlı cildində Azərbaycana “qayıdışı”nı bayram etdi, Türkiyə hər cür müqavimətə rəğmən Cənubi Qafqazda hərbi iştiraka nail oldu və Qərb qəfildən oyundankənar qaldı.

Regionun geosiyasi mənzərəsinin, yeni status-kvonun ortamüddətli perspektiv üçün davamlılığı şübhəli görünür. Regional və qlobal oyunçuların Cənubi Qafqazda fərqli maraqları var, dinamik postsovet məkanında və Yaxın Şərqdə gedən proseslər regiona birbaşa və dolayısı ilə öz təsirini göstərir. Hətta yaxın perspektiv üçün belə ABŞ-ın 46-cı prezidenti Co Baydenin Rusuya, İran, Çin və regionla bağlı siyasəti, Moskvanın üçtərərəfli anlaşma ilə bağlı tövrü, Türkiyə-Rusiya münasibətləri, Azərbaycanın hərbi-siyasi konyunkturaya uyğun addımları və Qərblə Rusiyanın diz üstə çökmüş Ermənistanın taleyi ilə bağlı qərarları Cənubi Qafqazı fərqli sürprizlərlə üzləşdirə bilər. Son günlər Rusiya rəsmilərinin ziddiyyətli bəyanatları Moskvanın özü üçün də hər şeyin sonadək aydın olmamasından qaynaqlanır.

Dekabrın 1-də Laçının (dəhlizsiz) Azərbaycana qaytarılması ilə üçtərəfli anlaşma yaxın hədəfinə yetişəcək. Sonrakı hədəflərdən yalnız ikisi ilə bağlı vaxt var: Sülhməramlıların qalma və Laçınln dəhlizində yeni marşrutun açılma müddətləri.

Türkiyə-Rusiya monitorinq mərkəzi güman ki, Laçın ermənilərdən boşaldıqdan sonra işə başlayacaq.

Ortaq bəyanatın 7-ci (Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır) və 9-cu bəndlərindəki (“Zəngəzur dəhlizi”) hədəflər onlara yetişmək xeyli güc və vaxt tələb edir.

Üçtərəfli sənəd ətrafında hazırda başlıca polemika Rusiya hərbi kontingenti və sənədə salınmayan Dağlıq Qarabağın statusu məsələsi ətrafında gedir.

Azərbaycan hakimiyyəti Bişkek portokulundan II Qarabağ müharibəsinədək – 26 il ərzində dünyada mövcud olan modelləri əsas götürməklə danışıqlar prosesində Dağlıq Qarabağa yüksək muxtariyyət statusu verməyə hazır olduğunu bildirmişdi. Torpaqlarımızı hərb yolu ilə qaytardıqdan sonra masada yenidən status məsələsindən danışmaq absurddur.

Prezident İlham Əliyev üçtərəfli bəyanatla bağlı noyabrın 10-da xalqa müraciətində statusla bağlı demişdi: “Bu bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yoxdur, yoxdur! Bəs hanı Ermənistan tərəfinin tələbləri ki, Dağlıq Qarabağa müstəqillik verilməlidir? Mən onlara muxtariyyət təklif edəndə buna razı olmadılar, dedilər ki, yox, bu, müstəqil dövlətdir”.

Dövlət başçısı birmənalı vurğulayıb: “Yoxdur status və olmayacaq. Nə qədər ki, mən prezidentəm, olmayacaq”.

Düzdür, Moskva üçün status rıçaqdır və asanlıqla əl çəkmək istəmir. Rusiya prezidenti Vladimir Putinin Dağlıq Qarabağın statusu probleminin mövcud olduğunu bildirməsi manipulyasiya nümunəsidir: “Qarabağın yekun statusu tənzimlənməyib. Biz razılığa gəlmişik ki, bugün üçün status-kvonu, mövcud vəziyyəti saxlayırıq. Sonrası nə olacaq – bunu gələcəkdə gələcək rəhbərlər, prosesin gələcək iştirakçıları həll edəcəklər”.

Yəni, Kremlin sahibi erməniləri inandırmaq istəyir ki, onları sonadək satmayıb.

Ermənistanın baş naziri Nikol Paşinyan bundan ruhlanır və deyir ki, ATƏT-in Minsk Qrupu çərçivəsində “proses davam etdirilməli və status müəyyən edilməlidir”. Və utanmadan əlavə edir ki, Ermənistanın Dağlıq Qarabağın statusu ilə bağlı mövqeyi “məlumdur və bu mövqe dəyişməyib”.

Status məsələsi ilə bağlı Rusiya Dövlət Dumasının deputatı, MDB İşləri Komitəsinin sədr müavini Konstantin Zatulin daha praqmatik danışıb. Zatulin anadangəlmə ermənipərəst və Azərbaycan düşmənudir. Bununla belə, etiraf edir ki, Ermənistan tərəfinin hərbi və diplomatik məğlubiyyətindən sonra Qarabağın statusu bu qədər asanlıqla həll oluna bilməz. Qarabağın statusu məsələsi müzakirə edilsə belə, o, Ermənistan üçün müsbət olmayacaq:”Hər şeyin məhv edildiyi və Ermənistanda baş verənlərlə bağlı heç kimin heç bir şey edə bilmədiyi indiki vaxtda status məsələsini qaldırmaq sadəcə rüsvayçı bir müzakirədir”.

Status incə məsələdir, burada hakimiyyətə konstruktiv müxalifətçilik imkanları vardı. Bu danışıqlarda Azərbaycan rəhbərliyinin əlini gücləndirər, manevr imkanlarını artırardı.

Sağlam polemika və müzakirələrə ehtiyac var, lakin bilgisiz və şübhəli iddialarla üçtərəfli bəyanatı hədəfə almaq ehtiyac duyduğumuz siyasi birlik və həmrəyliyi zədələyir.

Belə iddia var ki, Rusiya postsovet məkanında hara qoşun yeridirsə, o yerin müstəqilliyini məhdudlaşdırır və yerli hakimiyyətə güclü təsir rıçaqı əldə edir. Kökündən yanlış iddiadır. Rus sülhməramlıları və ya qoşunlarının hansısa ölkənin ərazi bütövlüyünə qəsd etməsi əks-effekt verir. Hər halda, Rusiyanın aşkar aqressiyasına məruz qalan Gürcüstan, Ukrayna və Moldova antirusiya siyasəti yürüdür.

Tiflis Moskva ilə diplomatik əlaqələri dayandırıb, Ukrayna isə Rusiyaya 5 ildir səfir göndərmir. Münaqişə ocaqlarından Kreml artıq istədiyi nəticələri ala bilmir.

Azərbaycan 26 ildə Rusiyaya məhz bu möhtəşəm 44 gün üçün dözdü. Ankaranın tam dəstəyini arxasına alan Bakı aşkar sezilir ki, prosesin sonrakı inkişafında artıq Moskvanın nazını çox çəkməyəcək.

Əgər Putin Daglıq Qarabagda indiki ststus-kvodan danışarkən, qondarma rejimin “tanınmamış müstəqil dövlət statusu”nu nəzərdə tutarsa, nala-mıxa vurmaqda (gah” Dağlıq Qarabağ Azərbaycanın ərazisidir” deyir, gah da Ermənistan qondarma DQR-i tanısaydı, “başqa situasiya yaranacağını” iddia edir) davam edərsə,

Qarabağda erməniləri gücləndirərsə, Abxaziya, Cənubi Osetiya, Dnestryanı və Donbasdakı kiminal təcrübələri residiv verərsə (rus pasportu paylamaq və s.) və ərazi bütövlüyümüzün tam bərpası yolunda başqa əngəllər yaradarsa, Bakı-Moskva münasibətləri kökündən korlanacaq.

Onsuz da Azərbaycan cəmiyyəti Rusiyanın sülhməramlı missiyasına şübhə ilə yanaşır.

Elə erməni cəmiyyəti də Rusiyanın üzünə gülür, arxadan atasının goruna söyür.

Rusiya 200 il əvvəl regiona necə girmişdisə, yenə həminkidir, gücdən başqa ortaya qoyduğu bir şey yoxdur. Artıq gücü də tükənir. Üstəlik, bu dəfə yanımızda Türkiyə var. Rusiyanın əvvəlki təcrübələrinin bu dəfə işə yarayacağına isə qarantiya yoxdur.

Putin “Dağlıq Qarabağın statusu mövcuddur” deyə bilər, amma bizim üçün artıq mövcud deyil.

Marks vaxtilə Hegələ belə düzəliş etmişdi: ”Tarix iki dəfə təkrarlanır: birinci dəfə faciə, ikincidə isə fars (məzhəkə) şəklində”.

Qarabağ danışıqlarında status müzakirələri bizim üçün olduqca ağrılı idi. Amma indi hərb meydanından qalib çıxana masada statusdan danışmaq gerçəkdən məzhəkədir.

 

 

Mənbə: turkustan.info