Professor Fransa senatının bədnam qətnaməsini milçəyin könül bulandırması ilə müqayisə etdi...

Professor Fransa senatının bədnam qətnaməsini milçəyin könül bulandırması ilə müqayisə etdi...

“Biz bundan müəyyən nəticə çıxarıb, Fransayla və ümumiyyətlə, Avropayla münasiblətlərimizə yenidən baxmalıyıq...”

“Fransa senatının oyuncaq Qarabağa çağırışla bağlı qətnaməsi nə siyasi, nə də hüquqi cəhətdən heç bir əhəmiyyət kəsb etmir. Amma sadəcə olaraq ürək bulandırır”

Bunu Moderator.az-a açıqlamasında professor, siyasi şərhçi Qulu Məhərrəmli deyib. Q.Məhərrəmli bundan sonra Fransayla münasibətlərimizə yenidən baxmağımızın vacibliyini vurğulayıb:

“Bir yaxşı məsəl var, deyirlər “milçək bir şey deyil, amma könül bulandırır”. Fransa senatının oyuncaq Qarabağa çağırışla bağlı qətnaməsi nə siyasi, nə də hüquqi cəhətdən heç bir əhəmiyyət kəsb etmir. Amma sadəcə olaraq ürək bulandırır. Yəni bu həqiqətən beynəlxalq hüquq normalarına ziddir, hüquqi nihilizmdir, beynəlxalq hüququ tanımamaqdır, ona meydan oxumaqdır ki, bir müstəqil dövlətin ərazisinin bir hissəsini ayrıca dövlət kimi tanımağa çağırış edirsən. Bu əlbəttə ki, siyasi korazehinlikdir, yəni Fransa cəmiyyətinin hər halda fikrini ifadə edir. Bunun Azərbaycan üçün nə hüquqi, nə də siyasi baxımdan heç bir əhəmiyyəti yoxdur. Doğrudan da bu bir kağız parçasıdır. Amma əlbəttə ki, bunun arxasında müəyyən siyasi tendensiyalar durur. Biz bundan da müəyyən nəticə çıxarmalıyıq, Fransayla və ümumiyyətlə, Avropayla münasiblətlərimizə yenidən baxmalıyıq. Yəni təcrübə göstərir ki, Fransayla humanitar sahədə əməkdaşlıq etmək, Notr-Damın təmirinə və Luvr muzeyinə yardım göstərmək bunlar yaxşı cəhət olsa da görünür ki, Fransa ictimai fikrinə, xarici siyasətinə və o cümlədən qanunverici orqana bunun o qədər də təsiri yoxdur. Deməli, bu sahədə işlər fərqli sahədə aparılmalıdır. Əlbəttə, biz Fransanı özümüzə düşmən elan edə bilmərik, hərçənd ki, bununla bağlı cəmiyyətdə əlbəttə, fərqli fikir yaranır, Azərbaycan hökuməti Fransa səfirliyinə, Fransaya təbii ki, bununla bağlı öz etirazını bildirməlidir. Amma bu etirazlar keçib gedəndən sonra siyasəti daha çox qarşılıqlı maraqlara xidmət edən platformalar üzərində qurmaq vacibdir. Təkcə Fransayla yox, digər dövlətlərlə də münasibətlərimizi bu şəkildə aparmalıyıq. Biz qərbdən asılı deyilik, amma onlarla bir dünyada yaşayırıq və ona görə də nə qədər qarşılıqlı əlaqə və anlaşma olsa, biz öz həqiqətimizi demək üçün uyğun üsullar tapsaq, çatdırsaq, bu o qədər effektli olar”.

Vasif Əlihüseyn

Mənbə: moderator.az