“Azərbaycan Fransadan səfirini geri çağırmalı və Minsk qrupundan imtina etməlidir” - Partiya sədri

“Azərbaycan Fransadan səfirini geri çağırmalı və Minsk qrupundan imtina etməlidir” - Partiya sədri

Noyabrın 25-də Fransa Senatı qondarma “Dağlıq Qarabağ respublikasının” tanınmasına dair qətnamə layihəsinin qəbul edib.

Bu heç bir hüquqi əsası olmayan kağız parçasında Azərbaycanı "son hərbi əməliyyatlar nəticəsində azad etdiyi ərazilərdən qoşunlarını dərhal çıxarmağa" çağırır.

Senat, habelə Fransa hökumətindən tələb edir ki, "ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olaraq Qarabağda sərhədlərin 1994-cü ilin mayında atəşkəslə bağlı imzalanmış müddətsiz üçtərəfli anlaşmaya uyğun olaraq bərpası üçün bütün gərəkli addımları atsın".

Bu kağız parçasındakı təkliflər sadəcə Fransanın özünü nə qədər gülünc vəziyyətə saldığının təsdiqidir.

Məsələyə münasibət bildirən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Cebhe.info-ya açıqlamasında deyib ki, Azərbaycan da buna qarşılıq olaraq Fransadakı separatizm bölgəsinin müstəqilliyini tanımalıdır və səfirini geri çağırmalıdır:

“Əvvəla Fransa Senatının qəbul etdiyi bu qətnamə tövsiyə xarakteri daşıyır. Fransanın Xarici İşlər Nazirliyi də Senatın bu qərarı ilə bağlı münasibətini bildirərək deyib ki, bu cür qərarın qəbul edilməsi beynəlxalq hüquqa ziddir və heç bir siyasi nəticəsi ola bilməz. Belə qərarın qəbul edilməsi Azərbaycanın daxili işinə qarışmaqdır. Çünki başqa bir dövlət Azərbaycan sərhədləri daxilində hansısa ərazinin statusunu tanıya və ya ləğv edə bilməz. Bu hər bir dövlətin özünün daxili işidir. Bununla bağlı, Azərbaycan çox kəskin addımlar atmalı, Fransadan öz səfirliyini geri çağırmalıdır. Fransanın səfirini isə öz ölkəsinə göndərməlidir. Eyni zamanda Fransa ilə iqtisadi əlaqələrə yenidən baxılmlıdır. Fransanın öz ərazisində də Dağlıq Qarabağ münaqişəsinə oxşar bir qrum var. Azərbaycan da Fransa Senatının qərarına cavab olaraq həmin separatçı ərazinin müstəqilliyini tanımalıdır. Onu da qeyd edək ki, Fransa Senatının qərarı ölkə rəhbərliyinin mövqeyini əks etdirmir. Ona görə də Fransanın Xarici İşlər Nazirliyi bu addımın yanlış olduğunu bəyan etdi”.

S.Cəlaloğlu onu da əlavə edib ki, Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədri olaraq yalnız Fransadan deyil, ümumilikdə Minsk qrupundan imtina etməlidir:

“Fransa açıq şəkildə terrorizmi dəstəkləyir. Baxmayaraq ki, o Minsk qrupunun həmsədridir. Ona görə də biz yalnız Minsk qrupunun həmsədri olan Fransadan deyil, ümumilikdə Minsk qrupunun özündə imtina etməliyik. Əgər bunu etməsək Qarabağı itirəcəyik. Eyni zamanda “Madrid prinsipləri”ndən də imtina etməliyik.

Minsk qrupu ona görə yaradılmışdı ki, Dağlıq Qarabağı bizdən alıb ermənilərə versin. ATƏT-ə rəsmi məlumat verməliyik ki, biz artıq Minsk qrupunun fəaliyyətindən imtina edirik. Kimsə bizi zorla Minsk qrupunun qərarlarını icra etməyə məcbur edə bilməz. Biz bunun fəaliyyətinə könüllü şəkildə razı olmuşuq və indi də imtina edirik. Çünki biz imtina ediriksə, bütün həmsərdlərdən imtina etməliyik. Bu gün Rusiya bölgədə Fransadan da təhlükəli oyun oynayır”.

Əli Bədir

Mənbə: cebhe.info