Deputat: “Fransanın qəbul etdiyi qətnamə Azərbaycana və Türkiyəyə kininin göstəricisidir”

Deputat: “Fransanın qəbul etdiyi qətnamə Azərbaycana və Türkiyəyə kininin göstəricisidir”

“Vaxtilə ümummilli lider Heydər Əliyev Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri olmasına kəskin etiraz edirdi. Amma Fransa bizi inandırmağa çalışırdı ki, obyektiv olacaq. Təəssüf ki, Fransa sözünü tutmadı. Eyni zamanda Azərbaycan o zaman indiki kimi güclü deyildi”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Deputatın sözlərinə görə, Fransa Prezidenti müharibə başlayandan dəfələrlə Rusiya Prezidenti Vladimir Putinə zəng edib, yalvarıb ki, Azərbaycana ərazi bütövlüyünü bərpa etməyə imkan verməsin: “Amma Rusiya münaqişənin Azərbaycanın ərazilərində getdiyini bildirirdi. Fransanın qəbul etdiyi qətnamə Azərbaycana və Türkiyəyə qarşı olan kininin göstəricisidir. Prezident də dəfələrlə bildirib ki, hər hansı dövlətin qondarma rejimi tanıyacağı təqdirdə həmin dövlətlə bütün əlaqələr dayandırılacaq. Ona görə də indi Biz Parisdəki səfirimizi məsləhətləşmələr üçün geri çağırmalıyıq. Həmçinin burada qəbul edilən etiraz bəyanatı çox sərt olmalıdır”.

Mənbə: apa.az