"Bu tip addımlar dünyada separatizmə yol açır" - Deputat Fransa Senatının qərarını pislədi

"Bu tip addımlar dünyada separatizmə yol açır" - Deputat Fransa Senatının qərarını pislədi

“Mənim çıxışım müxalifətdə olan partiya sədri kimi mövqeyimdir. Dövlət vəzifəm yoxdur, hökumətdə təmsil olunmuram və bəzi məsələləri daha açıq deyəcəyəm.

Ermənilər həyasızcasına çıxdıqları əraziləri yandırdı, dağıtdı, meşələri doğrayıb apardı, hər tərəfi minaladı. Biz isə ölkəmizə qarşı edilən güclü beynəlxalq təzyiqlər qarşısında dözüm göstərməyə məcbur edilirik. Hərçənd ki, təcavüzə məruz qalan da, meşələri qırılan da, şəhər və kəndləri xarabazara çevrilən də, köçkünləri min əziyyət yaşayan da bizik”.

Cebhe.info xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının (MCP) sədri, millət vəkili Razi Nurullayev parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib. R.Nurullayev üznü BMT-yə, bütün dünyaya tutaraq ritorik suallar verib:

“Evi yandırılan, qəbirləri təhqir edilən, məscidlərində donuz görən, dini hissləri təhqir edilən, ailə üzvünü itirən xalqın ermənilərlə birgə yaşamasına Fransa hansı töhfəni verir? Erməniləri yeni müharibəyə sövq edən Fransa və ona bənzər ölkələr separatçı ermənilərin ağzına sümük atır.

Belə halda biz necə birgə yaşayaq ay, Senat üzvləri? Ermənilər, Marsel şəhərini Martsax elan edib ikinci erməni dövləti yaratsalar xoşunuza gələr?

Öz torpağında 27 il sərasər, əzab-əziyyət içində yaşayan, qoyub çıxdıqları şəhər və kəndləri xarabalıq görən köçkün ailələrə ermənilərlə birgə yaşamaq mesajını beləmi verirsiniz?”

Millət vəkili qeyd edib ki, bu gün bütün dünyada azərbaycanlılara qarşı nifrət püskürməyən cəmi iki erməni var:

“Biri Rusiyada yaşayan Karen Şahnazarovdur, biri isə ABŞ-da yaşayan erməni diplomat. Sizin qəbul etdiyiniz qərəzli qətnamə müharibəyə təhrikdir. Əgər sizin üçün 27 il BMT-nin ölkəmizin xeyrinə olan 4 qətnaməsi məna daşımayıbsa, sizin qətnamə bizim üçün kağız parçasıdır, onu da cırıb atdıq zibil qutusuna.

Bu gün Xankəndində və ətrafında yaşayan ermənilər arasında çoxlu müharibə caniləri var, millətimizə qarşı etnik təmizləmə siyasəti həyata keçirmiş yaramazlar var, hərbi cinayətlərə çağırış edənlər, evləri yandıran, meşəni qıran və mina basdıranlar var.

Araik Arutyunyan necə bizim torpaqlarda yaşaya bilər? Canilərin və separatçıların bizim torpaqlarımızda yalnız bir məkanda yaşayış hüququ var. O da həbsxanalarımız. Yerdə qalanlar isə Azərbaycan pasportunu alsın, üçrəngli bayrağı öpsün və qanunlara tabe olaraq tərəfini seçsin. Qarşı çıxanlara isə ən sərt miqrasiya qanunları tətbiq edilməlidir.

Fransa Senatının qətnaməsini pisləyirəm. Bu qərara səs verən hər bir senat üzvünü şiddətlə qınayıram. Bu tip addımlar dünyada separatizmə yol açır. Fransa hökuməti də inanıram ki, qətnaməni rədd edəcək. Yaşasın birliyimiz. Qarabağ Azərbaycandır”.

Vilayət Muxtar

Mənbə: cebhe.info