Fransa həmsədrlikdə qalacaqmı? - “ATƏT-in sammiti çağırılsın və...”

Fransa həmsədrlikdə qalacaqmı? - “ATƏT-in sammiti çağırılsın və...”

Fransa Senatı Dağlıq Qarabağdakı qondarma rejimin müstəqilliyini tanımağın zəruriliyi ilə bağlı qətnamə qəbul edib.

1 nəfər əleyhinə, 30 nəfər bitərəf olmaqla 305 deputat qətnamənin lehinə səs verib.

Sənəd senatın müxalif “Respublikaçılar” fraksiyasının lideri Brüno Retayo tərəfindən hazırlanıb. Sənəddə 20 il əvvəl Fransanın qondarma erməni soyqırımını tanıdığı xatırlanır və hökumətə çağırış edilir ki, avropalı tərəfdaşlarıyla Türkiyəyə qarşı cavab addımları hazılasın və Dağlıq Qarabağ xalqına humanitar yardım edilsin. Bununla da Fransa Azərbaycanın ərazi bütövlüyünü tanımadığını və tək tərəfliyini elan etmiş oldu.

Qarabağ məsələsində ədalətsiz mövqe sərgilədiyinə görə, Fransanın ATƏT-in Minsk qrupunda həmsədrliyindən kənarlaşdırılması təklif olunur.

Xatırladaq ki, 27 sentyabrdan başlayan 44 günlük Vətən müharibəsi zamanı ölkə başçısı İlham Əliyev xarici jurnalislərə verdiyi müsahibələrdə də sözügedən məsələ ilə bağlı birmənalı çıxışlar etmişdi. O bildirmişdi ki, əgər hər hansı bir ölkə Dağlıq Qarabağdakı qondarma rejimin müstəqilliyini tanısa, Azərbaycan həmin dövlətlə diplomatik əlaqələri kəsəcək.

Mövzunu Cebhe.info-ya şərh edən politoloq Fikrət Sadıqov qeyd edib ki, Azərbaycan öz maraqlarını təmin edən bütün təkliflərlə çıxış edə bilər:

 

“Bunu heç kəs şübhə altına almasın. Hər halda buna beynəlxalq hüquq normaları tam əsas verir. Amma burada müəyyən bir prosedur mərhələləri keçirilməlidir. ATƏT-in sammitində yenidən müzakirə olunmalıdır. Minsk qrupunun belə bir vəziyyətdə olması və ziddiyyətli çıxışı təbii ki, bizi qane edə bilməz. Ələlxüsus Fransanın mövqeyi... Bu məsələdə vacib bir məqamı da dərk etməliyik. Söhbət Fransa hökumətindən getmir. Hazırda Fransa Senatı belə bir qətmnamə qəbul edib. Bu qətnamə heç bir hüquqi əsası olmayan bir sənəddir. Bu, nə qanundur, nə də dövlət başçısını məcbur edən bir sənəddir. Çünki Fransa hökumət nümayəndələri, Xarici İşlər Nazirliyinin nümayəndəsi dərhal bu sənədi rədd etdi və bəyan etdi ki, biz buna gedə bilmərik. Belə bir qətnamənin qəbul olunması Fransanın maraqlarına bir zərbə olar. Hesab edirəm ki, bu qətnamə bizi qorxuza bilməz. Fransada belə bir qətnamənin qəbul edilməsi başadüşüləndir.

Bəzi senatorların yanaşması və qorxuları var. Bizi senatorların mövqeyi deyil, hökumətin mövqeyi maraqlandırır. Bilirik ki, Makron bu günlərdə Azərbaycanın ərazi bütövlüyünü tanımasını bəyan etmişdi. Bu hallara baxmayaraq, Fransanın ziddiyyətli mövqeyi bizi qane edə bilməz. ATƏT-in Minsk qrupunun həmsədri konkret mövqedə qalmırsa, o zaman Fransa çəkilsin. Digər Avropa ölkələrindən bura cəlb etmək olar”.

Fikrət Sadıqov əlavə edib ki, Azərbaycan onun ərazi bütövlüyünə ədalətsiz mövqe sərgiləyən dövlətlərə adekvat cavab verməlidir:

“Fransa böyük Avropa dövlətidir. Hər halda Azərbaycanın bu ölkəyə adekvat cavabı ilk növbədə etiraz bəyanatı idi. Bu məsələni ATƏT-in Minsk qrupuna bəyanatla da çıxış edə bilərik. Həmçinin ATƏT-in sammitinin yığışması təklifini irəli sürə bilərik. Qeyd etdiyim kimi, Fransanın ATƏT-in Minsk qrupundan kənarlaşdırılması üçün də tam hüququ əsasımız var. Sadəcə, bu prosedurlar mürəkkəbdir. Amma heç də o demək deyil ki, biz onları yerinə yetirə və Minsk qrupunda Fransadan imtina edə bilmərik”.

Alçina Amilqızı

Mənbə: cebhe.info