Paşinyanın istefası tələbi davam edir

Paşinyanın istefası tələbi davam edir

Dünya Erməni Konqresi və Rusiya Ermənilər Birliyi Paşinyanın istefasını tələb edib. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, noyabrın 24-də Yerevanda Dünya Erməni Konqresi və Rusiya Erməniləri Birliyinin təşəbbüsü ilə Ali Attestasiya Komissiyası, UNESCO-nun xoşməramlı səfiri Arı Abrahamyanın rəhbərliyi ilə dəyirmi masa keçirilib.

Məlumatda bildirilir ki, görüş zamanı Ermənistanda, Dağlıq Qarabağda və diasporada müharibədən sonrakı vəziyyətlə bağlı məsələlər, o cümlədən milli birlik və ləyaqətin bərpası, böhran vəziyyətinin aradan qaldırılması üçün mexanizmlərin inkişafı, ölən və itkin düşmüş hərbi qulluqçuların tapılaraq ailələrinə geri qaytarılması kimi məsələlər müzakirə edilib. Eyni zamanda Ermənistanın beynəlxalq sferada fəaliyyətinin bərpası da müzakirə mövzusuna çevrilib.

Dəyirmi masanın işində, elm, təhsil, mədəniyyət, ictimai-siyasi sahə xadimləri, tanınmış hərbi liderlər, diplomatlar olmaqla erməni ziyalılarının görkəmli nümayəndələri iştirak ediblər.

“Üçtərəfli bəyanatın imzalanmasından sonra hərbi əməliyyatlar bitdi, Ermənistan məğlub oldu. Lakin bu ölkənin öz daxilində mübarizə yeni başlayır. Üstəlik, Ermənistan daha taleyüklü və məsuliyyətli bir mərhələyə qədəm qoyub”, deyə Arı Abrahamyan öz çıxışında söyləyib.

İştirakçıların əksəriyyəti bu vəziyyətdə, Ermənistanın baş nazirinin istefa etməli olduğunu və yeni baş naziri, səlahiyyətli bir hökumət nümayəndəsini konstitusiya yolu ilə seçilməyin labüdlüyünü vurğulayıblar.
Döyüşü uduzduqlarını etiraf edənlər onu da qeyd ediblər ki, təkcə döyüşü uduzmayıblar, çox şeylərdən məhrum olduqlarını görüblər. Son onilliklərdən dərs almalı olduqlarını vurğulayan dəyirmi masa iştırakçıları hamılıqla Nikol Paşinyanın istefasını tələb ediblər.

Mənbə: sia.az