“Azərbaycandakı Fransa şirkətləri ilə bağlı tədbir görmək lazımdır” - Partiya sədri

“Azərbaycandakı Fransa şirkətləri ilə bağlı tədbir görmək lazımdır” - Partiya sədri

Fransa Senatının Dağlıq Qarabağla bağlı sonuncu ədalətsiz qərarı dövlətin ermənipərəst mövqe sərgilədiyini bir daha təsdiqləmiş oldu.

Ən güclü erməni lobbisinin də Fransada olduğu heç kimə sirr deyil. Senatın bu addımı əslində Fransanın Minsk qrupundakı həmsədrlik fəaliyyətinin də üzərindən xətt çəkmiş oldu. Lakin bu əhəmiyyətsiz kağız parçası olan sənədə Fransanın özündə də fikirlər birmənalı deyil.

Ona görə də Fransanın Xarici İşlər Nazirliyi bu sənədin beynəlxalq hüquqa zidd olduğunu və heç bir siyasi əhəmiyyətinin olmayacağını bildirdi. Yəni Fransa Senatının aqressoru dəstəkləyən qərarı əslində özünə zərərdən başqa bir şey deyil. Fransa bu addımla həm də beynəlxalq hüququn tələblərini çiynəmiş oldu. Artıq Fransa bu qərarla problemin həllində həmsədr kimi deyil, tərəf kimi çıxış etdiyini göstərdi.

Məsələyə münasibət bildirən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev Cebhe.info-ya açıqlamasında deyib ki, Fransaya dövlət səviyyəsində ciddi etiraz olunmalı və onun səfiri vasitəsi ilə nota verilməlidir: “Fransa Senatının qondarma qurumun müstəqilliyini tanıması ilə bağlı qətnamənin heç bir hüquqi əsası yoxdur, tövsiyyə xarakteri daşıyır və Azərbaycan üçün kağız parçasıdır. Fransa hökumətinin fərqli mövqeyi var.

Çünki Fransa və bütün dünya bilir ki, Senatın qəbul etdiyi qətnamə qanunsuzdur. Bu sənədin heç bir qüvvəsi də yoxdur. Lakin Fransa Senatı bu qərarı ilə ermənipərəst mövqeyini və münaqişənin həllinə münasibətini sərgiləmiş oldu. Baxmayaraq ki, bizim indiyədək Fransa ilə heç bir problemimiz olmayıb və onun Minsk qrupuna həmsədr kimi seçilməsinə razılıq vermişik.

Fransanın əvvəlki prezidentləri ilə də Azərbaycan rəhbərliyinin normal münasibətləri olub. Fransa mahiyyət etibarı ilə istismarçılıqla məşğul olan dövlətdir. Hazırda Fransa Afraikanın bir çox ölkələri müstəmləkə kimi saxlayır. Bundan başqa ayrı-ayrı adalar var ki, onlar da Fransnın müstəmləkəsi altındadır. Yəni Fransa özünü demokratik dövlət kimi göstərməyə çalışsa da hazırda dünyada ən ədalətsiz dövlət odur.

Digər tərəfdən də Paşinyanla Makron hər ikisi qlobal sərmayənin adamları olduqları üçün Fransa Ermənistanı dəstəkləyir. İkinci bir tərəfdən bu qərarlar Fransada güclü olan erməni lobbisinin təsiri ilə qəbul edilir. Hesab edirəm ki, Azərbaycan buna qarşı sərt mövqe sərgiləməlidir. Belə ki, ilkin olaraq Fransanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, ona nota verilməlidir. Azərbaycanda Fransanın 59 şirkəti fəaliyyət göstərir. Onlarla bağlı tədbirlər görmək lazımdır. Dövlət səviyyəsində etiraz olmalıdır. Fransanın qarşısından qaçmaq olmaz.

Eyni zamanda Fransa Türkiyənin bu bölgədə möhkəmlənməsini istəmir. Ona görə də belə absurd addımlar atır”.
E.Musayev hesab edir ki, Fransanın ATƏT-in Minsk qrupundakı həmsədrliyindən imtina edilməlidir: “Hazırda ATƏT-in Minsk qrupu Dağlıq Qarabağla bağlı fəaliyyətini dondurub. Heç kəs onun mövqeyini soruşmur və dinləmir. Amma Azərbaycan rəsmi sürətdə bəyan etməlidir ki, Fransanın həmsədr kimi fəaliyyətindən imtina edir.

Çünki Fransa münaqişənin həllindəki öhdəliklərinə zidd olaraq işğalçını dəstəkləyir və Ermənistanı dəstəkləməklə tərəf kimi çıxış edir. Bu ədalətli deyil və ona görə də biz Fransanın Minsk qrupundakı həmsədrliyindən imtina edirik. Yəni konkret şəkildə Fransanın həmsədrliyindən imtina edilməlidir”.

Əli Bədir

Mənbə: cebhe.info