“Biz stəyirik ki, Xankəndi, Xocalı və Xocavənddə Azərbaycan bayrağı dalğalansın” – Vahid Əhmədov

“Biz stəyirik ki, Xankəndi, Xocalı və Xocavənddə Azərbaycan bayrağı dalğalansın” – Vahid Əhmədov

Noyabrın 10-da qəbul edilmiş üçtərəfli bəyanata əsasən Xankəndi, Xocalı və Xocavənddə azərbaycanlılarla ermənilərin birgə yaşaması nəzərdə tutulur. Lakin bu gün insanlanlarımızı narahat edən məsələ ermənilərin həmin ərazilərdə azərbaycanlılara qarşı təxribatlara əl atma ehtimalıdır.

Bununla bağlı KONKRET.az-a danışan deputat Vahid Əhmədov bildirib ki, ümumiyyətlə, bu məsələ hələ sona çatdırılmayıb: “Gəlin dekabrın 1-nə kimi gözləyək. Laçın işğaldan azad edilsin, minalardan təmizlənsin və işğaldan azad olunan ərazilərdə infrastruktur yenidən qurulsun. Daha sonra digər məsələlər barəsində danışaq. Biz istəyirik ki, Xankəndidə, Xocalıda və Xocavənddə Azərbaycan bayrağı dalğalansın, idarəetmə sistemi yaradılsın. Bunun üçün də müəyyən vaxt lazımdır. Ali Baş Komandan bütün bunları nəzərə alıb. Həmin ərazilərin əksəriyyətində Rusiya sülhməramlıları var. Onlar bu ərazilərin təhlükəsizliyini təmin edir. Laçında, Kəlbəcərdə Azərbaycan Ordusu olacaq.

Qaldı ki, ermənilərlə azərbaycanlıların bir yerdə yaşamasına, biz onlarla tarix boyu qonşu olmuşuq. Nə ermənilər buradan köçüb gedəsi deyil, nə də ki, biz qova bilmərik. Qəbul olunmuş bəyanat var. Vəziyyətin necə olacağını zaman göstərəcək. Bizim əsas məqsədimiz Xocalıda, Xankəndidə və Xocavənddə Azərbaycan bayrağını yüksəldib, bizim idarəetmə mexanizmini qurmaqdır. Yəni icra orqanları, polis və prokurorluqda çalışanlar istəyirik ki, azərbaycanlılar olsun, vətəndaşlarımız da öz evlərinə yerləşdirilsin. Yerdə qalan məsələlərin həlli üçün zaman lazımdır. Hesab edirəm ki, bütün bunlar müsbət həllini tapacaq”.

Nərgiz Mirzəyeva

Mənbə: konkret.az