Spiker: “Azərbaycana qarşı çirkin siyasi oyunlar quran qüvvələr təzyiq, şər-böhtan yolu ilə nəyəsə nail olacaqlarına ümid etməsinlər”

Spiker: “Azərbaycana qarşı çirkin siyasi oyunlar quran qüvvələr təzyiq, şər-böhtan yolu ilə nəyəsə nail olacaqlarına ümid etməsinlər”

"Dünən Fransa Senatında Azərbaycana qarşı çirkin siyasi aksiya təşkil olunub və təxribat xarakterli qətnamə qəbul edilib". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin noyabrın 26-da keçirilən plenar iclasında parlamentin Sədri Sahibə Qafarova bildirib. Sədr vurğulayıb ki, bu sənədə ötəri nəzər saldıqda belə onun nə qədər qərəzli yanaşmaya əsaslandığını görmək olar. Qətnamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti kobudcasına təhrif edilib. Xalqımızın apardığı Vətən müharibəsinin üzərinə kölgə salmağa cəhd göstərilib, ölkəmizə böhtanlar atılıb. Sədr qeyd edib ki, 30 ilə yaxın müddətdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizama salınması üçün aparılan danışıqlar nəticəsiz qalıb. 1994-cü ildən etibarən bu danışıqlarda vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan Fransa Azərbaycan torpaqlarının işğalına son qoyulması üçün heç vaxt təcavüzkarı öz adı ilə çağırmayıb, işğalçı ilə işğala məruz qalan arasında fərq qoymayıb. Məhz bu yanaşma aparılan danışıqların nəticəsiz qalmasının əsas səbəblərindən biridir.

Son vaxtlar biz Fransa dövlətinin siyasi və dövlət xadimlərinin, hakimiyyət orqanlarının Azərbaycana qərəzli münasibətinin dəfələrlə şahidi olmuşuq. Fransa Prezidenti, xarici işlər naziri öz bəyanatları ilə göstəriblər ki, Cənubi Qafqazda və bütün Avropada sülh üçün əsas təhdid mənbəyi olan və indi məğlub duruma düşən Ermənistanı birtərəfli qaydada müdafiə edəcəklər. Milli Məclisin Sədri vurğulayıb ki, bütün bunlar Fransanın həmsədr kimi bitərəfliyini şübhə altına alır və BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi onun niyyətləri barəsində bir sıra suallar doğurur.

Sahibə Qafarova qeyd edib ki, Azərbaycanın səyləri nəticəsində bu gün regionda tamamilə yeni bir reallıq yaranıb. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, Azərbaycan torpaqlarının işğalına son qoyulub. Bu reallığı bölgədə nüfuz sahibi olan Rusiya və Türkiyə dəstəkləyir. Bu reallıq Fransanın vəkillik etməyə çalışdığı Ermənistan tərəfindən də qəbul edilib. "Düşünürəm ki, Fransa özü də yaranmış vəziyyətlə barışmalı, haqsızı müdafiə etməkdən əl çəkməli, haqqın və haqlının tərəfində dayanmalıdır".

 

Parlamentin spikeri bildirib ki, Azərbaycana qarşı çirkin siyasi oyunlar quran qüvvələr təzyiq, şər-böhtan yolu ilə nəyəsə nail olacaqlarına ümid etməsinlər. "Biz bundan sonra da möhtərəm Prezidentimizin ətrafında yumruq kimi birləşərək dövlətimizə və xalqımıza qarşı yönələn bütün qəsdləri dəf edəcəyik".

Mənbə: olaylar.az