"Fransa anti-Azərbaycan, anti-Türkiyə mövqeyini dəfələrlə ortaya qoyub" - POLİTOLOQ

"Fransa anti-Azərbaycan, anti-Türkiyə mövqeyini dəfələrlə ortaya qoyub" - POLİTOLOQ

“"Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti" adlı qətnamə həm də Fransada artmaqda olan islamofobiyanın bariz nümunəsi kimi hesab olunmalıdır”.

Axeber.az-ın məlumatına görə, bu fikirləri politoloq Yusif Bağırzadə Fransa Senatının qondarma “Dağlıq Qarabağ Respubliası”nın tanınması ilə bağlı qətnaməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, Fransa Senatında qəbul edilmiş "Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti" adlı qətnamə təklifi bir qrup qatı ermənipərəst senator tərəfindən irəli sürülüb: "Azərbaycan Respublikasının Fransadakı səfiri qətnamənin səsverməsindən bir gün öncə Senatın dinləmə proseduralarına uyğun olaraq, Senat üzvləri qarşısında çıxış edib və qətnamə təklifi ilə bağlı, burada əks olunan birtərəfli və həqiqətə uyğun olmayan məqamlarla bağlı ətraflı məlumat təqdim edib. Buna baxmayaraq, Senat tərəfindən tamamilə qərəzli qətnamənin qəbul edilməsi, yalnız təxribat kimi qiymətləndirilə bilər".

Politoloq qeyd edib ki, Fransa uzun illər ərzində öz fəaliyyətində məhz ermənipərəst mövqe sərgiləmiş və anti-Azərbaycan, anti-Türkiyə mövqeyini dəfələrlə ortaya qoyub: "Fransanın bu qərəzli mövqeyi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən başlamış və Tovuz rayonunda Azərbaycan sərhədlərinin pozulması zamanı, xüsusən də İkinci Qarabağ müharibəsinin gedişində və müharibədən sonra özünü daha qabarıq şəkildə büruzə vermişdi. Birinci Qarabağ müharibəsinin gedişində Fransada həbsdən azad edilən ASALA terrorçuları Dağlıq Qarabağda azərbaycanlılara qarşı misilsiz vəhşilikləri ilə ad çıxarmışdılar. Terror fəaliyyəti heç kimdə şübhə doğurmayan şəxslərin kütləvi şəkildə azərbaycanlılara qarşı döyüşmək üçün Ermənistana, oradan da Dağlıq Qarabağa göndərilməsi faktdır və bunu heç bir zaman unutmayacağıq".

Yusif Bağırzadə bildirib ki, vasitəçi bir ölkənin bitərəf və ədalətli olmalı olduğunu unudan Fransanın açıq ermənipərəst mövqeyi münaqişənin sülh yolu və beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə mane olan əsas amillərdən biri olub: "Məhz onun belə dəstəyi təcavüzkar Ermənistanı status-kvonu davam etdirməyə və işğal faktını gücləndirməyə həvəsləndirmişdir. Fransa Senatı Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğal olunması, mülki əhalinin qətlə yetirilməsi, işğalçı dövlətin torpaqlarımızda etnik təmizləmə, ekoloji terror, qeyri-qanuni məskunlaşma və qanunsuz iqtisadi fəaliyyətlər aparmasına qarşı 30 il susqun mövqe nümayiş etdirmişdir. İndi isə belə bir Qətnaməni qəbul etməklə Fransa faktiki olaraq atəşkəs razılaşmasını pozmağa və münaqişəni yenidən alovlandırmağa çalışır. Qətnamə həm də Fransada artmaqda olan islamofobiyanın bariz nümunəsi kimi qəbul olunmalıdır. Fransada ifrat dünyəvilik və mətbuat azadlığı pərdəsi altında İslam dininə və müsəlmanlara qarşı həyata keçirilən ayrı-seçkilik və təqiblər bizə vaxti ilə bu ölkədə hökm sürmüş və gün də davam edən anti-semitizmin ən bariz nümunəsidir".

O deyib ki, Dağlıq Qarabağ münaqişəsinin ilk çağlarından bu günədək davam edən qərəzli addımlar göstərir ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi tərəfsizliyini qoruya bilmir: "Fransa təcavüzkar Ermənistan ilə işğala məruz qalmış Azərbaycan arasında fərq qoymur və qərəzli surətdə işğalçı Ermənistanı müdafiə edir, obyektiv deyil, işğalçının yanındadır və vasitəçilik missiyasını yerinə yetirmir. Düşünürəm ki, bu cür qərəzli yanaşma nümayiş etdirən Fransa dərhal ATƏT-in Minsk qrupunun həmsədrliyindən uzaqlaşdırılmalı, bu ölkə ilə bütün siyasi-iqtisadi münasibətlərə yenidən baxılmalı, bütün mədəni layihələr dayandırılmalıdır".

Mənbə: axeber.az