Partiya sədri:"Azərbaycanın Fransaya qarşı demarş etməsi üçün əlində hər cürə əsasları var"

Partiya sədri:"Azərbaycanın Fransaya qarşı demarş etməsi üçün əlində hər cürə əsasları var"

Ötən gün çoxdan gözlənilən, amma arzuolunmayan bir hadisə baş verdi. ATƏT-in Minsk Qrupunun üç həmsədrindən biri kimi Qarabağ münaqişəsinin həllində neytral və obyektiv mövqe tutmalı olan, lakin əbunun əksinə, açıq-aşkar ermənipərəstlik edən Fransa tərəfindən ölkəmizə qarşı növbəti dəfə olduqca çirkin və qərəzli addım atıldı. Bu ölkənin Senatı qondarma Dağlıq Qarabağ respublikasının müstəqilliyini tanıyan qətnamə qəbul etdi.

Hərçənd ki, iclasın yekununda çıxış edən Fransa Xarici İşlər Nazirliyi (XİN) yanında parlament məsələləri üzrə dövlət katibi Jan Batist Lemuan sözügedən 145 saylı qətnamə layihəsinin Fransanın mənafeyinə uyğun olmadığını, Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi neytral mövqe sərgiləməli olduğunu diqqətə çatdırsa da, lakin XİN rəsmisinin səsləndirdiyi bu gerçəkçi məntiq Senatın mövqeyinə heç cür təsir etmədi.

Bəs, bu addım nəyə gətirib çıxaracaq? Nə baş verəcək? Bu olay Fransa-Azərbaycan münasibətlərinə nə dərəcədə mənfi təsir göstərə bilər?

Fransa Senatı tərəfindən Dağlıq Qarabağın müstəqilliyinin tanınması şübhəsiz ki, onun Azərbaycanla münasibətlərini müəyyən dərəcədə pisləşdirəcək. Rəsmi Bakı Fransanın bu ədalətsiz mövqeyini və onun işğalçı Ermənistanın məğlub baş nazirinə bütün vasitələrlə himayəçilik etməyə çalışmasını haqlı olaraq qınayır. İndi rəsmi Bakı Fransaya qarşı sərt nota verilməsindən və ölkəmizin Fransadakı səfirinin müvəqqəti olaraq geri çağrılmasından tutmuş, Fransanın ATƏT-in Minsk Qrupunun həmsədrliyindən uzaqlaşdırılması məsələsinin qaldırılmasına kimi ən müxtəlif əks-təsir və təzyiq vasitələrinə əl ata bilər.

Başqa sözlə desək, indi Azərbaycanın Fransaya qarşı demarş etməsi üçün əlində hər cürə əsasları var. Lakin rəsmi Bakı hər şeyi soyuqqanlı şəkildə və təmkinlə gözdən keçirir və təhlil edir. Bu baxımdan, Azərbaycanın Senatın bu addımına adekvat şəkildə reaksiya verəcəyinə qətiyyən şübhə etmirik. Zatən Azərbaycan Prezidenti İlham Əliyev də hələ 44 günlük müharibənin gedişində dəfələrlə bildirmişdi ki, qondarma Dağlıq Qarabağın suverenliyini tanıyan dövlətlər bu qərarı elan edən kimi rəsmi Bakı həmin ölkə ilə diplomatik münasibətlərini dərhal pozacaq.

Ancaq Senatın bu qərarı Fransa dövlətinin rəsmi mövqeyi olmadığına və sadəcə tövsiyyə xarakterli bir sənəd olduğuna görə Azərbaycan hələlik bununla bağlı heç bir kəskin addım atmır. Amma Fransa tərəfinin bu cür ağılsız və məsuliyyətsiz addımları davam edərsə, sonda Fransa özü peşman olacaq. Perspektivsiz və gələcəksiz bir ölkəni - Ermənistanı dəstəkləmək Fransa dövləti üçün həqiqətən də üz qarasıdır və rasionallıqdan uzaq bir hərəkətdir.

Odur ki, bütövlükdə bu prosesdə itirən tərəf Azərbaycan yox, elə Fransanın özü olacaq. Fransa ilk növbədə Azərbaycanın və azərbaycanlıların gözündə etibarını itirdi. İkincisi isə, sözügedən bədnam qətnamənin qəbul edilməsi Qarabağ nizamlanması prosesinə heç bir təsir göstərməyəcək. Çünki bu qətnamə sadəcə tövsiyyə xarakterlidir. Yəni ki, bu qətnamə Fransaya Qarabağla bağlı bundan sonrakı proseslərdə əsas oyunçulardan birinə çevrilmək imkanı verməyəcək. Bunu Fransa XİN rəsmisi Jan Batist Lemuan da fransız senatorların diqqətinə çatdırmağa çalışdı, lakin səmərəsi olmadı. Sağlam düşüncə imkanlarını itirmiş Senat üzvləri Fransanın maraqlarına yox, ermənilərin mənafelərinə uyğun qərar qəbul etdilər.
Biz Milli Həmrəylik Partiyası olaraq Fransa Senatının bu addımını qəti şəkildə pisləyir və Fransanın sağlam əqidəli siyasi qüvvələrini, ziyalılarını Fransanın maraqlarını ermənilərin maraqlarına satan prezident Emmanuel Makronun və Senatın üzvlərinin həm Fransanın özü üçün, həm də Azərbaycan üçün bu kimi zərərli fəaliyyətlərinin qarşısını almağa çağırırıq. Haqq səsinizi ucaldın, haqqın yanında dayanmağa çalışın!

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının (MHP) sədri

Mənbə: buta.ws