Bu format ləğv edilməlidir” - Partiya sədrindən Qarabağla bağlı YENİ TƏKLİF

Bu format ləğv edilməlidir” - Partiya sədrindən Qarabağla bağlı YENİ TƏKLİF

Fransa Senatının Qarabağdakı qondarma rejimin müstəqilliyinin tanınması ilə bağlı qəbul etdiyi qətnamə birmənalı olaraq Azərbaycanda ciddi etirazla qarşılanıb.

Dövlət nümayəndələri və partiya sədrləri bu hüquqi əsası olmayan kağız parçasını Fransa tarixi üçün utancverici addım kimi dəyərləndiriblər.

Eyni zamanda Fransanın bu addımına qarşılıq Azərbaycanın da bir sıra siyasi addımlar atmasını təklif ediblər.

Ağ Pariyanın sədri Tural Abbaslı Cebhe.info-ya açıqlamasında deyib ki, Fransanın bu biabırçı qətnaməni qəbul etməsinin bir neçə səbəbi var:

“Fransa Senatının qondarma rejimin müstəqilliyinin tanınması ilə bağlı qəbul etdiyi qətnamə Fransa dövləti üçün utancverici bir addımdır. Məsələ burasındadır ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində milyondan çox azərbaycanlı öz yurd-yuvalarından didərgin düşüb, yaşlı, əlil, uşaq demədən qətlə yetirilib və 30 ildir ki, Azərbaycan bu ədalətsizliyə, terrora məruz qalıb. Lakin Fransa Senatı indi durub Ermənistanın mövqeyini müdafiə edərək qondarma reimin tanınması haqqında qətnamə qəbul edir. Bu kimi addımlar hər bir dövlətin tarixinə yazılacaq utanc səhifələridir. Əslində Fransanın bu addımını bir neçə rakursdan dəyərləndirmək olar. Öncə qeyd etmək lazımdır ki, Fransa Senatının qəbul etdiyi qətnamə bu dövlətin elan etdiyi dəyərlərin heç biri ilə üst-üstə düşmür. İkinci əsasə məsələ odur ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ konfliktinin həllindəki prosesdən kənarda qaldı. Yəni əsasən Türkiyənin və Rusiyanın iştirakı ilə bu münaqişə həll olundu, saziş imzalandı. Proses belə də davam edir. İndi Fransa bu kənarda qalmasına görə revanş götürmək istəyir. Buna görə də bizdən acıq çıxmağa çalışır. Fransa kimi bir dövlət üçün konfliktə bu cür təsir edib, onun tərkib hissəsi olmağa çalışmaq çox cılız bir addım hesab olunur. Başqa bir səbəb isə Fransa fəaliyyət göstərən erməni lobbisi ilə bağlıdır. Məlum olduğu kimi, Fransada prezident seçkiləri yaxınlaşır. Bu mənada erməni lobbisi Dağlıq Qarabağdan oğurluq və cinayətkar yollarla qazanmış olduğu maliyyə ilə seçki kampaniyasını maliyyələşdirir. Üstəlik seçkidə ermənilərin səsi məsələsi var. Yəni Makron bütün bu cılız hədəflərə görə, Fransanın demokratiya və insan haqları ilə bağlı öncüllüyünə zərbə vurur. Məlum olduğu kimi BMT-nin Dağlıq Qarabağla bağlı 4 qətnaməsi var ki, onu təsdiqləyənlərdən biri də Fransadır. Buna baxmayaraq qondarma rejimin müstəqilliyinin tanınması müzakirəsinin Senata daşınması və bir səs fərqi ilə qəbul edilməsi ondan xəbər verir ki, Fransa əslində beynəlxalq hüququ gözardı edir. Fransa özünü BMT-dən kənarda bir güc hesab edir. Çünki onun qərarların saymır. Bunlar hamısı Makronun siyasi savadsızlığı, cahilliyi və özünü olduğundan böyük təqdimetmə arzusundan irəli gəlir. Əminəm ki, zaman gələcək, fransız xalqı hökumətlərinin belə populist addımlarından utanıb, xəcalət çəkəcəklər”.

Partiya sədri Fransanın bu addımına qarşılıq olaraq Azərbaycanın atmalı olduğu addımlardan da danışıb:

“Təbii ki, biz bunu yalnız Fransa xalqının vicdanına da buraxmalı deyilik. Dövlət olaraq qarşılıqlı addımlar atmalıyıq. Biz ilkin olaraq Azərbaycanın Fransadakı səfirini ən azı məsləhətmə xarakterli olaraq geri çağırmalıyıq. Fransanın Azərbaycandakı səfirinə nota verilməlidir. Fransa ilə Azərbaycan arasındakı iqtisadi, mədəni layihələrin hamısı ilkin mərhələdə dondurulmalıdır. Eyni zamanda Azərbaycanın Fransadakı diasporasına fransız xalqını doğru və geniş məlumatlandırmaq üçün göstəriş verilməlidir. Xüsusən də iqtisadi sahədə Azərbaycan Fransaya etirazını bildirməlidir. Çünki bu gün Fransa şirkətləri Azərbaycanda geniş fəaliyyət göstərirlər. Əgər onlar heç bir iqtisadi, siyasi əhəmiyyəti olmayan işğalçı Ermənistanı seçirlərsə, bunun da nəticələrinə qatlanmalıdırlar. Azərbaycan Avropanın enerji təhlükəsizliyində və təminatında əsas rol oynayan dövlətlərdəndir”.

T.Abbaslı hesab edir ki, artıq ATƏT-in Minsk Qrupundan imtina olunmalı və yeni format yaradılmalıdır:

“Hesab edirəm ki, artıq regionda yeni stuasiya, yeni siyasi vəziyyət formalaşıb. İndi Azərbaycan qalib, Ermənistan isə məğlub dövlət statusundadır. Artıq Cənubi Qafqazda Türkiyə kimi güc formalaşıb. Azərbaycan ordusu Vətən müharibəsi ilə Ermənistana və bütün dünyaya gücünü göstərib. Hesab edirəm ki, Minsk Qrupu formatı yeni yaranmış şəraitə və tələblərə cavab vermir. Ona görə də Azərbaycan bu formatdan imtina etməli və bu format ləğv edilməlidir. Artıq hansısa siyasi maraqların diktə etdiyi format deyil, real siyasi şəraitin diktə etdiyi format olan Rusiya, Türkiyə, Azərbyacan və Ermənistan dördlüyündən ibarət format qurulmalıdır. Bu yolla məsələnin həlli istiqamətində addımlar atılmalıdır. Ona görə də Azərbaycan tam şəkildə Minsk qrupundan imtina edib, həmin formatdan çıxmalıdır”.

Əli Bədir
Cebhe.info

 

Mənbə: cebhe.info