“Total”la əməkdaşlığa yenidən baxılacaq? - SOCAR-dan açıqlama

“Total”la əməkdaşlığa yenidən baxılacaq? - SOCAR-dan açıqlama

“Fransa senatının qondarma Dağlıq Qarabağ Respublikasını tanımaq səlahiyyəti yoxdur. Senat hökumətə məsləhət xarakterli qətnaməni qəbul edib. Fransa Xarici İşlər Nazirliyi bəyan edib ki, bu addım Fransa hökumətinin siyasətini əks etdirmir. Qarabağ münaqişənin həlli tək tərəfli deyil, iki tərəf arasındakı dialoqdan asılıdır. Azərbaycan dövlət rəsmiləri də bu addımın xoşagəlməz hal olduğunu və Fransa ilə münasibətlərə kölgə saldığını bildiriblər”.

Bunu Teleqraf.com-a açıqlamasında SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

Qurum rəsmisinin sözlərinə görə, bundan sonra Fransa ilə iqtisadi münasibətlərin davam etdirilməsi məsələsinə dövlət səviyyəsində qərar veriləcək:

“Biz sözümüzün sahibiyik. Əminəm ki, SOCAR, eləcə də Azərbaycan sazişlərdə götürdüyü öhdəlikləri yerinə yetirir. Lakin digər tərəfdən, əməkdaşlığın dayanıqlığı məsələsi də var. Fransanın bir çox siyasi çevrələrinin Azərbaycana qarşı qərəzli və ədalətsiz mövqeyi görünür. Bu məsələlər dövlət səviyyəsində aydınlaşdırılmalıdır. Güman edirəm ki, danışıqlar aparılacaq və müəyyən qərarlar veriləcək. Dövlət bununla bağlı hansı qərarı versə, təbii ki, SOCAR o qərarlara tabe olacaq”.

İbrahim Əhmədov qeyd edib ki, hazırda “Total” şirkəti Azərbaycanda “Abşeron” yatağının işlənməsində iştirak edir:

“Bu, “Total” üçün də, SOCAR üçün də kifayət qədər böyük bir layihədir. Lakin ən böyük layihəmiz də deyil. Bu layihə hələ ki, gəlir gətirmir. Şirkətin bu layihənin işlənməsində iştirakı əlbəttə ki, hər iki tərəfin marağında olub ki, işlər baş tutub.

Ümumiyyətlə, gələcəkdə Fransa şirkətləri ilə daha böyük əməkdaşlıq perspektivləri var. İnanıram ki, Fransa hökuməti bunu başa düşür. Yəqin ki, onlar ən azından öz şirkətlərinə dəstək vermək istəyərlər. Bütün iqtisadi əməkdaşlıq üçün bir qayda olaraq siyasi münasibətlərin normal olması şərtdir. Bu gün Azərbaycan Ermənistanla nə siyasi, nə də iqtisadi münasibətləri var. İqtisadi münasibətlər siyasi müstəvidən asılıdır. Gərək Fransa hökuməti də, siyasi çevrələri də diqqətli olsunlar. Fransa ilk növbədə öz maraqlarını nəzərə alsın, daha sonra erməni lobbisinin. Görünən odur ki, erməni lobbisi Fransanın iqtisadi maraqlarını nəzərdə tutmur”.

İbrahim Əhmədov onu da qeyd edib ki, Azərbaycan Cənubi Qafqazda ən böyük iqtisadi potensiala malik olan ölkədir:

“Azərbaycanın iqtisadi potensialı Ermənistandan 4-5 dəfə böyükdür. Fransa və eləcə də Avropa üçün əhəmiyyətli olan infrastruktur layihələri Ermənistandan yan keçir, birbaşa Azərbaycandan qaynaqlanır. Belə olan halda Ermənistana qərəzli dəstək verməklə, Azərbaycanın mövqeyinə xələl gətirmək Fransanın iqtisadi maraqlarına uyğun deyil. Hesab edirəm ki, Fransa bunu başa düşüb və XİN senatın məlum qətnaməsini öz bəyanatı ilə nisbiləşdirməyə çalışıb.

Azərbaycan Avropanın ən perspektivli tərəfdaşıdır. İstənilən bir ölkə üçün Azərbaycanla əməkdaşlıq etməmək Cənub Qafqaz regionunu itirmək deməkdir. Təbii ki, Azərbaycan heç kəsə “Ermənistanla əməkdaşlıq etməyin” demir. Ölkəmiz ədalətli mövqeyin göstərilməsini istəyir. Buna riayət etmək asandır. Çünki biz heç kimin qarşısında qeyri-mümkün şərtlər qoymuruq. Azərbaycan belə müstəvidə bütün ölkələrlə əməkdaşlıq etməyə hazırdır. Bu məsləyə görə Fransa hökuməti öz mövqeyini bir daha dəqiqləşdirməlidir. Ümid edirəm ki, Fransa öz mövqeyini düzəldər, bununla da gələcəkdə Azərbaycanla perspektivli əməkdaşlığa qərar verər. İstənilən ölkə Azərbaycana qarşı qərəzli addımlar atarsa, ölkəmiz iqtisadi əməkdaşlığa dayanıqlıq gətirmək üçün əlində olan təsir imkanlarından istifadə edə bilər”.

Qurum rəsmisi bu günə qədər “Total” şirkəti ilə hər hansı bir problemin olmadığına da diqqət çəkib: “Şirkət bu günə qədər Azərbaycana qarşı mənfi mövqedən çıxış etməyib. “Total” və eləcə də digər Fransa şirkətləri ilə uzunmüddətli əməkdaşlıq etmək üçün Fransa ilə Azərbaycanın münasibətlərinin normallaşması və Fransanın ölkəmizə qarşı ədalətli mövqe göstərməsi vacibdir. Bunu da biz onlardan gözləyirik və gözləməyə də haqqımız var”.

Mənbə: teleqraf.com