Sərdar Cəlaloğlu: "Fransanın Azərbaycandakı səfirliyi konsulluq səviyyəsinə endirilməlidir"

“Fransa çalışır ki, Ermənistanla birləşib Azərbaycanı təkləsin və yenidən bizə qarşı təxribatlar törətsinlər”.

Bunu KONKRET.az-a açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu bildirib.

Partiya sədri qeyd edib ki, Fransa Senatının qəbul etdiyi qətnamə tövsiyə xarakterlidir: “Dərhal qərar qəbul edildikdən sonra Fransa Respublikasının xarici işlər naziri bəyanat verdi ki, bu addımı atmaq yanlış və beynəlxalq hüquqa ziddir. Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir, ona görə də bu cür qərar vermək məqsədəmüvafiq deyil. Buna baxmayaraq, Fransa Senatını təbliğat xarakterli verdiyi qərara qarşı Azərbaycan çox sərt mövqe ortaya qoymalıdır. Ən azı səfirimiz məsləhətləşmə üçün geri çağrılmalıdır. Eləcə də Fransanın Azərbaycandakı Səfirliyi konsulluq səviyyəsinə endirilməlidir. Fransa ilə əlaqələrə yenidən baxılmalıdır. Əks halda bu cür məsələlərə Azərbaycanın yalnız bəyanat verməsi sonda bizim üçün xoş olmayan nəticələrə təkan verəcək. Dağlıq Qarabağın statusunun hər hansı şəkildə müzakirəyə çıxarılması ilə bağlı çox sərt mövqe ortaya qoymalıyıq. Ölkə başçısı da qeyd etmişdi ki, heç bir statusdan söhbət gedə bilməz. Ona görə Dağlıq Qarabağ statusu ilə bağlı hər hansı fikir səsləndirənlərə qarşı ən sərt tədbirlər görməliyik”.

Sərdar Cəlaloğlu vurğulayıb ki, Fransa uzun müddətdir ki, Suriyada, Liviyada Ağ dənizdə və Qara dənizdə gəmi siyasətinə qarşı blok qoymaq istəyir: “Fransa istəyir ki, Türkiyənin təsir dairələrində olan sahələrdə özünə maraq dairəsi yaratsın. Ona görə də hər yerdə Türkiyə ilə rəqabət aparır. Eləcə də Dağlıq Qarabağda rəqabətini davam etdirir. Bunda da məqsəd Türkiyə-Azərbaycan birliyini zəiflətmək, bizi təkləməkdir. Fransanın Türkiyə hücum etməkdə məqsədi Azərbaycana dəstək verməsinin qarşısını almaqdır. Fransa çalışır ki, Ermənistanla birləşib Azərbaycanı təkləsin və yenidən bizə qarşı təxribatlar törətsinlər”.

Nərgiz Mirzəyeva

 

konkret.az

ƏVVƏLKİ XƏBƏR

Ölkədə nikahın pozulmasından imtina edən cütlərin sayı açıqlanıb

SONRAKI XƏBƏR

Qarabağ savaşı Qazaxıstanı hərəkətə keçirdi – Türkiyəyə kritik səfər