Qatı ermənipərəst Zatulin də Qarabağa status məsələsinin mənasız olduğunu ermənilərə anlatmaq istəyir

Qatı ermənipərəst Zatulin də Qarabağa status məsələsinin mənasız olduğunu ermənilərə anlatmaq istəyir

Fikrət Sadıqov: “Bunu təkcə Zatulin deyil, digər siyasilər də anlayır və belə fikirdədirlər”

Artıq ermənilərin maraqlarından çıxış edən bir sıra siyasilər də erməniləri status məsələsindən imtina etməyə çağırırlar. Hansı ki, onların içində ən qatı ermənipərəst lobbistlər də var.

Ermənistanın Rusiyadakı əsas lobbiçilərindən biri, Rusiya Dövlət Dumasının deputatı, MDB İşləri Komitəsinin sədr müavini Konstantin Zatulin bu mövqedən çıxış edir. O məhz erməni mətbuatına açıqlamasında deyib ki, erməni tərəfinin hərbi və diplomatik məğlubiyyətindən sonra Qarabağın statusu həll oluna bilməz. Zatulin status məsələsini unutmağı tövsiyə edərək bildirib ki, Qarabağın statusu məsələsi müzakirə edilsə belə, o, Ermənistan üçün müsbət olmayacaq. Deputat müsahibəsində deyib ki, indiki vaxtda bu barədə danışmaq reallıqla uzlaşmır: “İlk növbədə, məğlubiyyətdən nəticə çıxarmaq, güc toplamaq, müdafiə qabiliyyətini yeni səviyyəyə çatdırmaq, siyasi və iqtisadi böhranı aradan qaldırmaq lazımdır. Dağlıq Qarabağın istənilən statusuna necə nail olmaq barədə yalnız bundan sonra düşünmək olar. Hər şeyin məhv edildiyi və Ermənistanda baş verənlərlə bağlı heç kimin heç bir şey edə bilmədiyi indiki vaxtda status məsələsini qaldırmaq, sadəcə, rüsvayçı bir müzakirədir”.

Göründüyü kimi, ən qatı ermənipərəst siyasətçilər belə, status məsələsinin qaldırılmasının yersiz olduğu qənaətindədirlər. Bu isə o deməkdir ki, ermənilər nə qədər tez mövcud reallığı dərk etsələr, bu bir o qədər onların xeyrinə olacaq.

“Ermənistan nə qədər tez bu reallıqlarla barışsa, bu bir o qədər onların xeyrinə olacaq”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun sözlərinə görə, qatı ermənipərəst siyasətçilərin status məsələsində belə mövqe sərgiləmələri müsbət tendensiyadır: “Artıq ermənilərin mövqeyindən çıxış edən Rusiya siyasiləri də anlayırlar ki, Qarabağın statusundan danışmaq yersizdir. Bunu artıq bizim düşmənlərimiz də başa düşürlər. Anlayırlar ki, ermənilərin çıxış yolu mövcud reallıqlarla barışmaqdır. Bunu təkcə K.Zatulin deyil, digər siyasilər də anlayır və belə fikirdədirlər. Anlayırlar ki, qalib Azərbaycan heç vaxt status məsələsini qəbul etməyəcək. Onu da qeyd edim ki, ermənipərəst mövqedən çıxış edən siyasilər belə vəziyyətin yaranmasına görə həm də heyfslənirlər. Fikirləşirlər ki, kaş belə vəziyyət yaranmayaydı. Çünki 27 sentyabrdan sonra Qarabağdakı vəziyyətin kardinal şəkildə dəyişməsi onların ürəyincə deyil. Ancaq reallıqla hesablaşmağın vacib olduğunu anlayırlar. Ona görə də belə təkliflərlə çıxış edirlər. Bununla belə, onlar başa düşürlər ki, Ermənistan özünə gəlməlidir. Yəni erməni siyasilər olan-qalan imkanlarını səfərbər edib, ölkəni xilas etməlidirlər. Belə etməsələr, o zaman Ermənistanı ciddi fəlakət gözləyir. Ermənistanın xilası Azərbaycanın şərtlərini qəbul etməkdən və ölkədə ciddi islahatların aparılmasından keçir. Həmçinin, Ermənistan digər qonşuları ilə münasibətləri normal məcraya yönəltməlidir. Ermənistan nə qədər tez bu reallıqlarla barışsa, bu bir o qədər onların xeyrinə olacaq. Yoxsa, çox gec olacaq”.

Politoloq hesab edir ki, Ermənistan aqressiv siyasətindən imtina və düzgün seçim etməlidir.

Vidadi ORDAHALLI

Mənbə: www.baki-xeber.com