Sarkozi yenidən hakim qarşısına çıxarıldı

Sarkozi yenidən hakim qarşısına çıxarıldı

Fransanın sabiq prezidenti Nikola Sarkozi hakim qarşısına çıxarılıb.

Publika.az xəbər verir ki, iclas Paris Cinayət Məhkəməsində baş tutub.

2007-ci ildə seçki kampaniyasını həyata keçirmək üçün dövrün Liviya lideri Müəmmər Qəddafidən qanunsuz maddi dəstək almaqda, bu dəstəyi kampaniyaya yatırmaqda və cinayətkar dəstə qurmaqda ittiham olunan Sarkozi ilə birlikdə onun vəkili Tierri Hersoq və sabiq hakim Qilbert Azibert də günahlandırılır.

Lakin Azibert səhhətindəki problemlər və koronavirus pandemiyası səbəbilə məhkəmə prosesinə qatıla bilməyib. Səhiyyə heyəti Azibertin bazar ertəsi məhkəmə iclasına qatıla biləcəyini bildirib. Buna görə də iclas 30 noyabra təxirə salınıb.

Qeyd edək ki, proses 20 dekabra qədər davam edəcək.

Xatırladaq ki, M.Qəddafi 2011-ci ildə ölümündən qısa müddət əvvəl verdiyi müsahibədə Sarkozi daxili işlər naziri vəzifəsində ikən ona müraciət etdiyini və pul istədiyini demişdi. Onun sayəsində seçkilərdə qalib gəldiyini bildirmişdi. 2019-cu ildə iş adamı Ziad Takieddin də 2006-cı ilin sonlarında Liviyadan Sarkoziyə 5 milyon avro gətirdiyini açıqlamışdı. İddialardan sonra 2013-cü ildə istintaq əməliyyatı başlanmışdı. Sarkozi 11 mart 2018-ci ildə Parisdə saxlanılmışdı.

 

Mənbə: publika.az