Qarabağ üçün Kosovo presedenti? - "Ölkə və şirkətlər buna imkan verməz"

Qarabağ üçün Kosovo presedenti? - "Ölkə və şirkətlər buna imkan verməz"

ATƏT-in Minsk Qrupunun həmsədrlərindən olan Fransa açıq şəkildə bu funksiyasının öhdəliklərini heçə saydığını ortaya qoydu. Noyabrın 25-də Fransa Senatı qondarma rejimin tanınmasına dair qətnamə layihəsinin qəbul etməklə ermənipərəst mövqeyini sərgilədi.

Senat habelə Fransa hökumətinə tövsiyə edib ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olaraq Qarabağda sərhədlərin 1994-cü ilin mayında atəşkəslə bağlı imzalanmış müddətsiz üçtərəfli anlaşmaya uyğun olaraq bərpası üçün bütün gərəkli addımları atsın.

Bu qədər absurd və heç bir hüquqi əsası olmaması ilə diqqət çəkən biabırçı sənəd əslində Fransanın əsl mahiyyətini açıb göstərdi. Bununla Fransa özü Minsk Qrupunun həmsədrliyi səlahiyyətini heçə endirmiş oldu. Fransa əslində problemin çözülməsini deyil, daha da qızışmasını və qalıcı olmasını istədiyini sübut etdi. Eyni zamanda, bu ermənipərəst dövlət Azərbaycanla münasibətlərə balta çaldı.

Qeyd edək ki, Fransanın özündə belə bu sənədin qəbulu ilə bağlı fikirlər birmənalı deyil. XİN qondarma rejimi tanınmadığın bəyan edib.

Digər tərəfdən, Belçika da qondarma rejimlə diplomatik münasibətlər qurulması mümkünlüyünə baxacaq. Belə ki, Belçika Parlamenti Dağlıq Qarabağla diplomatik əlaqələrin qurulmasını müzakirə edəcək. Layihə 18 noyabrda təqdim edilib və noyabrın 30-da Belçika Parlamentinin Xarici İşlər Komitəsində müzakirə ediləcəyi qeyd olunub.

Fransanın bu addımı nələrlə nəticələnə bilər? Digər dövlətlər də analoji addım ata bilərmi?

Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Cebhe.info-ya açıqlamasında deyib ki, Azərbaycana qarşı Kosovo presedentinə oxşar bir vəziyyətin başlanğıcını qoymaq istəyirlər, amma çətin ki, bu baş tutsun:

“Fransa Senatı bu qərarı qəbul etdi və indi də hökumətə göndərəcək. Hökumət də həmin qərarı icra edə bilər. Çünki işlərin başında Makron durur. Makronun “İrəli Fransa” Partiyası bu proseslərdə əsas istiqamətverici rol oynayıb. Hesab edirəm ki, bu gedişlə çox xoşagəlməz bir presedent yarana bilər. Fransadan sonra Belçika bu məsələyə gedə bilər. Amma Kosovo presedenti çətin ki, alınsın. Çünki Fransanın yolunu digər dövlətlərin davam etdirəcəyini düşünmürəm. Hesab edirəm ki, bu məsələ Fransa ilə məhdudlaşacaq. Amma Azərbaycan ciddi çalışmalı, nümayəndə heyəti göndərməlidir ki, Fransa hökuməti bu qərarı qəbul etməsin. Bu fransızlar çox səviyyəsiz bir yol tutublar və onu sonadək davam etdirmək niyyətindədirlər. Fransaya tutarlı cavab verilməlidir ki, Belçika kimi dövlətlər də Fransanın yolunu davam etdirməsinlər”.

Q.Hüseynli bu yolda Azərbaycana qarşı hansısa qruplaşmanın yaranmasını da istisna edib:

“Fransanın bu addımına baxmayaraq, Azərbaycana qarşı hansısa qruplaşmanın yaranma ehtimalını da istisna edirəm. Azərbaycan Avropanın enerji təchizatında böyük rol oynayır. Bu cür qruplaşmaların yaranmasına xüsusən İngiltərə, BP və Almaniyanın özü də imkan verməz".

Mənbə: cebhe.info