Ukrayna ordusu hərəkətə keçdi: “Qərb kömək etsə, Ukrayna ərazi bütövlüyünü bərpa edə bilər”

Ukrayna ordusu hərəkətə keçdi: “Qərb kömək etsə, Ukrayna ərazi bütövlüyünü bərpa edə bilər”

Separatizmdən əziyyət çəkən ölkələrdən biri də Ukraynadır.

Ukraynın Krım ərazisinin Rusiya tərəfindən ilhaq edilməsi və Dombasla Daneskdə qondarma respublika qurulması rəsmi Kiyevi də separatizmlə üz-üzə qoyub.

Artıq Ukrayna separatçılara qarşı hərəkətə keçib. Belə ki, Ukrayna Mariupol istiqamətində irəliləyərək, separatçıların bir neçə mövqeyini ələ keçirib. Separatçı "Donetsk Xalq Respublikası"nı Mariupolda bir neçə istiqamət üzrə məğlub edən Ukrayna Ordusu Vodian və Ujovk yaşayış məntəqələrini terrorçulardan təmizləməyi bacarıb.

“Bayraktar” PUA-larının Danestik üzərində uçduğu, Ukrayna Ordusunun Donesk hava limanını artilleriya atəşinə tutmağa başladığı bildirilir. Hazırda əməliyyatlar davam edir.

Politoloq Fikrət Sadıqov Cebhe.info-ya açıqlamasında deyib ki, əgər Qərb Ukraynanı sözdə deyil, əməldə dəstəkləsə və hərbi yardım etsə, Ukrayna öz ərazi bütövlüyünü bərpa edə bilər:

“Azərbaycanın Vətən müharibəsində qazandığı qələbə Ukrayna rəsmilərinə də motivasiya olub. Təbii ki, Donesk Ukraynanın tərkib hissəsidir. Bunu Rusiyanın özü də inkar etmir. Astana və digər görüşlərdə Donesk probleminin həlli yolları müzakirə olunurdu. Lakin bu danışıqlar Ukraynanın maraqları çərçivəsində yerinə yetirilmir. Amma bir məsələ də var ki, bunu mexaniki olaraq Dağlıq Qarabağ problemi ilə müqayisə etmək də çətindir. Çünki biz əməliyyatlara başlamamışdan əvvəl görünür ki, Türkiyənin bizi dəstəkləyəcəyi barədə razılığını ala bilmişik.

Digər tərəfdən də aktiv hərbi əməliyyatların getdiyi 44 gün ərzində Rusiya neytral mövqe sərgilədi və Ermənistana əlini uzatmadı. Ukrayna ilə bağlı isə vəziyyət bir az fərqlidir.

Hazırda Ukraynanı Rusiya dəstəkləmir. Ola bilər ki, Qərb ölkələri, Avropa İttifaqı və Avropa Şurası rəsmi Kiyevi dəstəkləyir. Lakin rəsmi dəstəklə heç bir nəticə olmur. Dəstək söz formasında yox, hərbi yardım və digər formalarda olmalıdır. Bunu isə hələlik müşahidə etmirik. Əgər onlar Ukraynaya kömək etsələr, Ukrayna da öz ərazi bütövlüyünü bərpa edə bilər”.

Politoloq hesab edir ki, yalnız Qərbə arxalanıb, Rusiyanı heçə sayma Ukrayna və Moldova rəhbərlərinə Mixail Saakaşvilinin Gürcüstandakı taleyini yaşada bilər:

“Moldovanın yeni Prezidenti Maya Sandu birmənalı şəkildə Qərbə üz tutmaq fikrindədir və siyasi prioritetlərinə müəyyən düzəlişlər etməyi düşünür. Bu mövqe onun müsahibələrində də öz əksini tapıb. Moldovanın bir hissəsi olan Dnestryanı bölgələr də separatizmə məruz qalıb. Doğrudur, Qərb Moldovanın yeni rəhbərini dəstəkləyir və onun qərbyönümlü siyasəti Qərbin siyasətinə cavab verir. Amma burada da eyni fikiri səsləndirmək istəyirəm ki, sözdə dəstəkləməklə məsələ həll olunmur. Ona görə də bu dəstək praktiki şəkildə göstərməlidir.

Məsafə baxımından Rusiya Moldovaya Qərdən daha yaxındır və Dnestryanı ərazilərin probleminin formalaşmasında Kremlin əli olduğu heç kimdə şübhə doğurmur. Ona görə də Qərb sözdən əl çəkməli və real dəstək verməlidir. Əks təqdirdə hərəkətə keçən Ukrayna rəhbərini və hərəkətə keçəcəyi gözlənilən Moldova rəhbərini Mixail Saakaşvilinin taleyi gözləyə bilər. Qərb 2008-ci ildə Saakaşvilini də əmin etdi ki, lazım olan dəstəyi verəcək. Buna görə də Saakaşvili Abxaziya və Cənubi Osetiya ilə bağlı hərəkətə keçdi. Nəticədə Rusiya tankları gəlib Tiflisə yaxınlaşdı. Çünki Qərb Saakaşviliyə vəd etdiyi yardımı sonadək vermədi. Ona görə də burada Ukrayna və Moldova rəhbərləri incə siyasət yürütməlidirlər. Yəni həm Qərblə razılaşmaq, həm də Rusiya ilə dil tapmaq lazımdır. Əks halda böyük bir problemlərlə üzləşə bilərlər. Yəni incə siyasət, diplomatik manevr etmə və eyni zamanda hərbi gücləndirmə aparılmalıdır. Bu üç istiqamətdə iş getməlidir. Düşünmürəm ki, bu indinin və ya yaxın gələcəyin məsələsidir. Amma bu istiqamətdə addımlar atmaq lazımdır. Biz Qarabağ problemini həll etmək üçün 30 il bu istiqamətdə hərəkət etmişik və nəhayət nəticəyə nail olmuşuq. Əgər onlar bizim təcrübəmizdən istifadə etmək istəyərlərsə, hesab edirəm ki, biz bu təcrübəni onlarla bölüşə bilərik”.

F.Sadıqov qeyd edib ki, əgər Qərb Ukrayna və Moldovaya həqiqi dəstək verəcəksə, bu Rusiyanın Qafqazdakı mövqeyinə də təsirsiz ötüşməyəcək:

“Əgər böyün bir dövlətlə hərbə girirsinizsə, sizin arxanızda alternativ bir gücün olması lazımdır. Ukrayna və Moldova üçün də bu alternativ güc Qərbdir. Qərbin özü bu məsələdə son dərəcə maraqlı olmalıdır. Əgər Qərb deyirsə ki, separatçılığa son qoyulsun, həm Ukrayna, həm də Moldova problemləri çözülsün, onda real şəkildə köməklik etməlidirlər. Rəsmi Kiyevin bugünkü addımı Moskvada çox böyük narahatlıq yaradacaq. İstisna etmirəm ki, Rusiya tərəfində müəyyən addımlar atıla, hətta hərbi əməliyyatlar da aparıla bilər. Bu isə Ukraynanın maraqlarına cavab verməyəcək. Ona görə də burada siyasi manevrlər hərbi güclə paralel şəkildə istifadə olunmalıdır. Etiraf edək ki, Rusiya böyük dövlətdir və onun maraqlarını nəzərə almadan, hətta öz ərazi bütövlüyünü bərpa etmək müəyyən dərəcədə çətin olacaq. Bunu düşünülmüş şəkildə etmək lazımdır. Əgər Qərbin Ukraynaya həqiqi yardımı olsa, bu Rusiyanın hərəkətini çətinləşdirib, ona müəyyən problemlər yaradacaq. Əlbəttə ki, bu Rusiyanın Qafqazdakı mövqelərinə də təsirsiz ötüşməyəcək. Amma bir daha vurğulayıram, bu real kömək olmalıdır”.

Mənbə: cebhe.info