Əkrəm Həsənli: “Fransızlar da sonda Putin kimi hərəkət edəcək”

Əkrəm Həsənli: “Fransızlar da sonda Putin kimi hərəkət edəcək”

“Noyabrın 25-də Fransa Senatının Qarabağın müstəqilliyinin tanınması ilə bağlı qəbul etdiyi qərar tövsiyə xarakterlidir. Bununla əlaqədar Azərbaycan tərəfi adekvat addımlar atdı. Milli Məclis Senatın Dağlıq Qarabağın müstəqilliyinin tanınmasına dair qətnamə qəbul etməsinə etiraz əlaməti olaraq bəyanat qəbul etdi. Azərbaycan Xarici İşlər Nazirliyi Fransanın ölkəmizdəki səfirliyinə etiraz notası təqdim etdi. Bununla da rəsmi Bakı zəruri olan bütün addımları atmış oldu”.

Bu fikirləri KONKRET.az-a müsahibəsinə iqtisadçı ekspert Əkrəm Həsənli söyləyib. O, daha sonra bildirib ki, “Mənim zənnimcə dövlət səviyyəsində indiki halda atılan addımlar kifayət edir. Bundan sonra ictimai qınaq tədbilrəri həyata keçirilməlidir. Məsələn, fransız məhsullarını boykot etmək kimi. Doğrudur, Fransanın Azəbaycanda iqtisadi dayaqları azdır. Amma hər halda az da olsa var. Bax, həmin şirkətlərlə ictiami iş aparmalıyıq. Azərbaycan həqiqətlərini onların əli ilə fransız senatorlara çatdırmalıyıq. Çünki Senatda oturan deputatların çoxu Qarabağ həqiqətləri barədə çox az şey bilirlər. Onlar sadəcə erməni diasporunun davamlı xahişləriylə bu sənədə imza atıblar. Ona görə də narahatlığa ciddi əsas yoxdur. Yəqin ki, bu sənəd elə müraciət olaraq qalacaq”.

Fransa Senatının qərarları məsləhət xarakterlidir. Üstəlik Parisin Ermənistandan qabaq Dağlıq Qarabağın “müstəqilliyi”ni tanımaq ehtimalı çox azdır. Bundan əlavə qeyd edək ki, fransız millət vəkilləri erməniləri ilk dəfə deyil ki, müdafiə edirlər. 2001-ci ildə Paris türklər tərəfindən törədilən “erməni soyqırımı” faktını tanıyıb. 2006-cı ildə Fransa parlamentinin aşağı palatası soyqırımı inkar etməyi cinayət hesab edən qanun layihəsini təsdiqləmişdi. Həmin qanun layihəsinə görə, “soyqırımı” inkar edənlər bir il müddətinə azadlıqdan məhrumetmə və 45.000 avro cərimə cəzası ilə cavab verməli idilər. Buna cavab olaraq, Ankara Fransız şirkətlərini Türkiyədə ən böyük iqtisadi layihələrə girişini dayandırmaqla təhdid etdi. Bundan sonra qanun qüvvəyə minmədi: Fransa Konstitusiya Şurası buna qarşı çıxdı. 2012-ci ildə eyni qanunu qəbul etmək üçün yeni cəhd də uğursuz oldu. Konstitusiya Məhkəməsinin “söz azadlığının pozulması” olduğunu müəyyənləşdirən yeni qərarı ilə məsələ birdərəflik qapadıldı.

Ona görə də indiki halda emosional çıxışlara ehtiyac yoxdur. Gözləmək lazımdır:

Birincisi: Türkiyənin atacağı addımları izləmək lazımdır. Çünki Fransanın davası Azərbaycanla yox Türkiyə ilədir. Həttda Senatın qəbul etdiyi sənəddə bu aydın şəkildə yazılıb.

İkincisi, Fransa höküməti Senatın sənədini müdafiə edəcəyi təqdirdə Beynəlxalq hüquqa qarşı çıxmış olacaq. Çünki Fransa Azərbaycanın ərazi bütövlüyünü BMT və Avropa Şurası səviyyəsində tanıyıb. Buna görə də Fransa hökümətinin atacağı hər hansı bir yanlış addım onu beynəlxalq təcridlə və ictimai qınaqla üz-üzə qoya bilər.

Üçüncüsü, bu sənəd daha çox Fransada çox güclü dayaqlara malik erməni diasporunun könlünü almağa hesablanıb. Sənədi qəbul etməklə fransızlar zahirən ermənilərlə birgə olduqlarını sübut etməyə çalışırlar. Ermənilərin fransızlardan bundan artığını gözləmələri isə ancaq axmaqlıq olardı. Əks təqdirdə Emmanuel Makron da bir gün Vladimir Putin kimi “Biz kimlərinsə mənafeyi üçün milli maraqlarımızı təhlükəyə atmayacağıq”, – deyəcək.

Mənbə: konkret.az