Fransa öz mövqeyində korreksiyalar etməsə... - Deputat

Fransa öz mövqeyində korreksiyalar etməsə... - Deputat

"Senat üzvləri bir çoxu daima erməni lobbisinin təsiri altındadır. Bunlar ermənilərə çox böyük vədlər veriblər. Senatın qəbul etdiyi qətnamə də bir hesabat idi. Fransa hökuməti isə dövlətin strateji mövqeyini nəzərə alır. Çünki Azərbaycan regionda ən önəmli dövlətlərdən biridir”.

Publika.az xəbər verir ki, bunu Senatın əksinə, Fransa Xarici İşlər Nazirliyinin “Fransa “Dağlıq Qarabağ Respublikası”nı tanımır” bəyanatına münasibət bildirən millət vəkili Aydın Hüseynov deyib.

Fransanın bir çox şirkətlərinin Azərbaycanın enerji layihələrində yaxından iştirak etdiyini nəzərə çatdıran A.Hüseynov qeyd edib ki, Azərbaycanla Fransa arasında iqtisadi, humanitar, mədəni əlaqələr son illər çox müsbət dinamika ilə inkişaf edir: “Yəni bu gün Azərbaycanın iqtisadi potensialı, coğrafi mövqeyi və Avropanın enerji təchizatında mühüm rol oynaması çox güman ki, nəzərə alınıb. Ancaq məsələ bundan ibarətdir ki, bir çox senatorlar, bəzən elə Fransa prezidenti Makronun özü də seçkilərdə erməni diasporunun dəstəyini almaq üçün bu kimi manevrlər edir”.

A.Hüseynovun sözlərinə görə, beynəlxalq hüququ əsas tutan bir neçə senatorun öz səsini geri götürməsi ondan xəbər verir ki, bu prosesin özündə subyektiv amillər çoxdur: “Çünki həmin qətnamə beynəlxalq hüquqa söykənmir və bütövlükdə Fransanın özünün dövlət maraqlarını ifadə etmir. Ona görə də Fransa Xarici İşlər Nazirliyi bəyanatında beynəlxaq hüququ əsas götürür və qeyd etdiyim kimi, Azərbaycanın inkişaf perspektivlərini, Avropanın enerji təchizatında önəmli yerlədən birini tutan ölkə kimi dəyərələndirərək bilir ki, Azərbaycanla münasibətləri saxlamaq daha vacibdir”.

A.Hüseynov onu da vurğulayıb ki, sonrakı mərhələlərdə Fransa dövlətinin Azərbaycana münasibəti necə olacaqsa, ona uyğun olaraq da adekvat cavab olacaq: “Ölkə Prezidenti öz fikrini qəti bildirib ki, Azərbaycanın bu gün dövlətçilik və milli maraqlarına ziddi mövqedə dayanan və daima beynəlxalq aləmdə mane olan hər hansı bir dövlət olacaqsa, o da adekvat öz cavabını alacaq. Əlbəttə, Azərbaycan buna birtərəfli qaydada baxa bilməz. Əgər Fransa öz mövqeyini konkret ortaya qoymasa və korreksiyalar etməsə, Azərbaycan da onunla iqtisadi, mədəni, humanitar əlaqələrə yenidən baxmalıdır. Çünki Azərbaycan üçün ən önəmli özünün milli, dövlətçilik maraqlarıdır və bu, həmişə üstün tutulub. Əgər hər hansı bir dövlət Azərbaycanın ərazi bütövlüynə qarşı bir şübhə ilə yanaşarsa və burada bir separatizm toxumu səpərsə, onunla hansı əlaqədən söhbət gedə bilər?! Azərbaycan bu gün siyasi, iqtisadi baxımdan heç bir dövlətdən asılı deyil, onun apardığı siyasət çox aydın, təmiz, beynəlxalq hüquqa söykənən siyasətdir. Ona görə, Azərbaycana qarşı müsbət addıma müsbət cavab verir, əks addıma isə hər bir dövlət adekvat cavabını almalıdır. Çünki Azərbaycanın apardığı siyasət balanslaşdırılmış, dostluğa söylənən siyasətdir. Bütün münasibətlərimiz qarşılıqlı şəkildədir. Ermənistan istisna olmaqla, qonşularımızın hər biri ilə iqtisadi-siyasi, diplomatik münasibətlərimiz çox yüksək səviyyədədir. Eləcə də digər ölkələrə Azərbaycan bu cür yanaşır. Eyni zamanda Azərbaycan dünyada etibarlı bir tərəfdaş kimi tanınıb. Azərbaycan prezidenti İlham Əliyevin simasında sözünün üstündə duran, hər hansı bir öhdəliyi götürürsə, onu layiqincə yerinə yetirən bir dövlət imicindədir və Azərbaycan bu imici, siyasəti ilə daha da uğurlar əldə edəcək”.

Şamo Emin

Mənbə: publika.az